• 26 Dekabr 2024
logo
“Sanksiyalar dünya iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir”

“Sanksiyalar dünya iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir” - Pərviz Heydərov

“Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaların ölkəmizin iqtisadiyyatına mümkün mənfi təsirlərinin hamısı barədə danışmaq hələ tezdir”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib. P.Heydərov bildirib ki, Rusiya bizim xarici iqtisadi-ticari əlaqələrimizdə mühüm yer tutur: “Azərbaycanın qeyri-neft məhsulları ixracı sahəsində Rusiya böyük və son dərəcəli əhəmiyyətli bir bazardır. Eyni zamanda, daxili istehlak bazarımız da Rusiyadan idxaldan xeyli dərəcədə asılı vəziyyətdədir. Odur ki, Rusiya iqtisadiyyatının çöküşü və rublun dəyər itirməsi istər-istəməz bütün bunlara öz mənfi təsirlərini göstərəcək. İlk növbədə, Rusiyadan Azərbaycana pul vəsaitlərinin axını azalacaq. Adıçəkilən ölkəyə ixrac etdiyimiz məhsullardan qazancımız enəcək. Lakin daha hansı mənfi nəticələr ortaya çıxacaq, bunu zaman göstərəcək. Çünki hər şey hadisələrin gedişatından asılı olacaq. Nəzərə almalıyıq ki, Rusiya sanksiyalara davamlı ölkədir. Və Azərbaycanla qarşılıqlı iqtisadi-ticari əlaqələrdə heç bir problem yoxdur. Sanksiyalar bu əlaqələrə birbaşa olaraq xələl gətirməyəcək. Dolayı təsirlərə gəldikdə isə, bu sanksiyalar onsuz da dünya iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir”.

Əli Zülfüqaroğlu