Ankarada Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişaf strategiyası, yükdaşımaların həcmi, marketinq planı və 2022-ci il üçün tarif siyasəti müzakirə olunub.
“Qazaxıstan Dəmir Yolları” xəbər verir ki, bu il konteyner daşımalarının ötən illə müqayisədə iki dəfə - 50 min TEU-dək artacağı gözlənilir.
Proqnoza görə, bu il daşımaların həcmi altı dəfə - 3,2 milyon tona qədər artacaq. Qeyd edək ki, bu ilin yanvar-aprel ayları ərzində TBNM marşrutu üzrə yükdaşımaların həcmi 733 min ton, yaxud 5 min vaqon və ya 10 min TEU konteynerindən çox olub.
Tədbirin yekunu olaraq TBNM marşrutu üzrə daşımaların həcminin əhəmiyyətli dərəcədə artmasını nəzərə alaraq, fasiləsiz daşımaların təmin edilməsi üçün birgə tədbirlər kompleksi razılaşdırılıb.
Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Qara dənizdən keçərək Avropayadək uzanır. TMTM Assosiasiyasına dəmir yolu idarələri, limanlar, gəmiçilik və logistika şirkətləri də daxil olmaqla 8 ölkənin 20 şirkəti daxildir.