Hazırda hökumətin əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizin ən qısa müddətdə Azərbaycanın ümumi enerji sisteminə qoşulmasıdır. Azərbaycanın azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması, ölkədə bərpa olunan enerji sektorunun inkişafı və 2030-cu ilədək karbon tullantılarının 35 faiz azaldılması nəzərdə tutulur.
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən “Ümumdünya Kommunal Xidmətlər Konqresi”ndə çıxış edən Energetika naziri Pərviz Şahbazov qlobal enerji tədarükü sistemində baş verən proseslər fonunda enerji təhlükəsizliyinin təminatı, enerji keçidi, Azərbaycanın etibarlı enerji təchizatçısı kimi artan rolu və Körfəz ölkələri ilə “yaşıl” enerji sahəsində tərəfdaşlıq əlaqələrindən danışıb. Nazir enerji təchizatı ilə bağlı hazırkı qeyri-ordinar vəziyyətdə dayanıqlı enerji təhlükəsizliyinin çoxistiqamətli diversifikasiya ilə mümkün ola biləcəyini vurğulayıb: “Yalnız enerji idxal mənbələri, başqa sözlə təchizatçılar deyil, enerji balansında resursların da müxtəlifliyi təmin edilməlidir. Yalnız bərpa olunan enerji və ya ancaq karbohidrogenlərə əsaslanan enerji təminatı da bir o qədər dayanıqlı deyil.”
Energetika naziri hazırda bərpa olunan enerji mənbələrinə belə ekoloji deyil, enerji təhlükəsizliyi aspektində vurğu edildiyini və bu bağlılıqda enerji keçidinin hədəfinin də “xalis sıfır” emissiyadan alternativ təchizat mənbələrinə doğru dəyişdiyini bildirib. Nazir “yaşıl” enerjinin inkişafına, enerji keçidinin sürətlənməsinə enerji təchizatı mənbələrinin diversifikasiyası kontekstində yanaşmanın yalnız emissiyaların azaldılmasına, bu məqsədlə hətta təbii qazın enerji balansından tamamilə çıxarılmasına yönəlmiş siyasətlər ilə müqayisədə daha rasional və effektli olduğunu söyləyib. Bildirilib ki, enerji keçidinin, “xalis sıfır” hədəfinə doğru yolun hamarlığı enerji təhlükəsizliyinin təminatı ilə birbaşa bağlıdır.
Energetika naziri, həmçinin daxili resursları, şaxələndirilmiş enerji balansı və tədarük bazarları hesabına Azərbaycanın dayanıqlı enerji müstəqilliyi ilə seçilən ölkələrdən olduğunu qeyd edib. Azərbaycanın neft-qaz və elektrik enerjisi üzrə təchizatçı rolunu bərpa olunan enerjinin ixracı ilə genişləndirməyi planlaşdırdığı diqqətə çatdırılıb. Təbii qazla yanaşı Azərbaycan Avropa üçün “yaşıl” enerji üzrə də yeni təchizat mənbəyi ola və enerji təchizatının diversifikasiyasına daha çox töhfə verə bilər. Bu məqsədlə bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı və ixracı ilə bağlı həyata keçirilən və planlaşdırılan layihələr barədə məlumat verilib. Azərbaycanın 470 meqavatlıq layihələrlə Körfəz ölkələri nümunəsində yeni tərəfdaşlar qazandığı qeyd edilib.
Azərbaycanın “yaşıl” enerji kursu və zəngin potensialı sayəsində bu tərəfdaşlığın daha iri həcmli layihələrlə möhkəmləndirilməsi, regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfələri artırması gündəmdədir. Beynəlxalq maliyyə institutları da Azərbaycanda böyük istehsal və ixrac potensialına malik elektrik enerjisi istehsalı sektoruna maraq göstərirlər. Bu sektor ölkəmizdə neft-qaz sektorundan sonra investorlar üçün cəlbedici sahələrdən biridir. Belə qurumlar arasında Dünya Bankı, Asiya İnkişaf Bankı da var. Dünya Bankının ölkəmizlə çoxşaxəli əməkdaşlığında mühüm istiqamətlərdən biri enerji sektorudur və Azərbaycanın həyata keçirdiyi regional və beynəlxalq əhəmiyyətli enerji layihələrinə bank davamlı dəstək göstərir. Çünki Azərbaycanda "yaşıl texnologiyalar" sahəsinin maliyyələşdirilməsi üçün böyük potensial var.
BMT-nin İnkişaf Proqramı da ölkəmizdə "yaşıl" inkişafının maliyyələşdirilməsini dəstəkləyir. Çünki ölkənin enerji strategiyası və prioritetləri dayanıqlıdır, "yaşıl" ekosistem təkcə beynəlxalq münasibətlərin deyil, həm də tərəfdaşlıq və özəl münasibətlərin genişləndirilməsi üçün əlverişli məkandır. Hazırda hökumətin əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizin ən qısa müddətdə Azərbaycanın ümumi enerji sisteminə qoşulmasıdır. Azərbaycanın azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması, ölkədə bərpa olunan enerji sektorunun inkişafı və 2030-cu ilədək karbon tullantılarının 35 faiz azaldılması nəzərdə tutulur.
Qeyd edək ki, bu yaxınlarda Dünya Bankının Enerji və İnfrastruktur üzrə Missiyasının ölkəmizə səfəri çərçivəsində Azərbaycanın dənizdə külək enerjisinin inkişafı, enerji sektoru üçün potensial dekarbonizasiya yolları, karbonsuzlaşdırmanın planlaşdırılması və həyata keçirilməsi, elektrik enerjisi bazarının liberallaşdırılması və enerji səmərəliliyi mövzularında müzakirələr aparılıb.
Azad Qarabağımızda yeni enerji strukturu şəbəkəsi daha müasir formada qurulur. Zəngilan-Cəbrayıl zonasında 240 meqavatt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair bp şirkəti ilə Energetika Nazirliyi arasında müqavilə də imzalanıb. Bu isə heç də təsadüfi deyil. BP isə 2050-ci ilədək “xalis sıfır emissiya”lı şirkətə çevrilmək strategiyası qəbul edib. Növbəti onillik ərzində BP dünya üzrə bərpa olunan enerji işlənməsinə qoyduğu sərmayəni əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir və artıq uzunmüddətli və uğurlu tərəfdaşlıq qurduğu yerlərdə bu yönümdə yaranan imkanları araşdırır. Azərbaycanda otuz ilə yaxın enerji layihələrini təhlükəsiz və etibarlı şəkildə həyata keçirmək təcrübəsi olan bp Azərbaycanda “yaşıl enerji” keçidinə mühüm töhfələr verə bilər. Məsələ ondadır ki, Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi nəzərdə tutulur. Bu isə bərpa olunan enerji sahəsinə xarici investisiyanın cəlbi üçün geniş imkanlar yaradır. Gücü 240 MVt olan bp-nin günəş enerjisi layihəsi də Qarabağa sərmayə cəlb olunması və digər investorların da güvəninin artırılması baxımından çox əhəmiyyətlidir. Bir sözlə, Qarabağda mövcud enerji güclərinin potensialı artırılır, elektrik enerjisinin istehsalı və ötürülməsi sahəsində irimiqyaslı təmir, bərpa və yenidənqurma işləri həyata keçirilir.
Ölkə Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən “Azərişıq” ASC paylayıcı şəbəkələrin yaşıl enerji zonası tələbləri üzərində qurulmasına start verib, “Ağıllı şəbəkələr” konsepsiyasının təməl elementlərindən biri olan rəqəmsal yarımstansiya layihəsi hazırlanıb. Bu cür yarımstansiyalar elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayır, emal edir, avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edir. Nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsi olan bu yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanması təmin edilir, bütün ölçülər yüksək dəqiqliklə aparılır. Avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri minimuma endirməyə imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır. Rəqəmsal yarımstansiyalarda iş alınan və ötürülən elektrik enerjisinin miqdarına görə multifunksional rejimdə qurulur, cihaz və avadanlıqlar bir-birilə koordinasiya vəziyyətində işləyir, əməliyyatlar paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılır, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyəti təmin edilir. Ən əsası, “Yaşıl enerji” mənbələri şəbəkəyə inteqrasiya olunur. Bərpa olunan enerji mənbələrinin şəbəkələrə inteqrasiyası rəqəmsal yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. İstehlakçılar yarana biləcək texniki fasilə barədə məlumatı onlayn qaydada əvvəlcədən alır.
Energetika naziri Pərviz Şahbazov BƏƏ-də “Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi ilə görüşündə də bərpa olunan mənbələrdən enerji istehsalı üzrə əməkdaşlığın yeni layihələrlə genişləndirilməsi əsas müzakirə obyekti olub. “Masdar” şirkətinin əməkdaşlıq təklifləri Azərbaycanın “yaşıl” enerji siyasəti və hədəfləri çərçivəsində, texniki-iqtisadi və digər aspektlərdə dəyərləndirilib. Görüşdə, həmçinin Qaradağ GES-in nəzərdə tutulan vaxtda istismara verilməsi istiqamətində görülən işlər və icra prosesini sürətləndirəcək qarşılıqlı addımlar da nəzərdən keçirilib. “Masdar” ilə hazırda həyata keçirilən və planlaşdırılan layihələr Azərbaycanın bərpa olunan mənbələrdən elektrik enerjisinin və hidrogenin ixrcatçısı olmasını, eləcə də karbon emissiyalarının azaldılmasına birgə töhfəni təmin edəcək böyük imkanlardır.
Mahir Həmzəoğlu