• 27 Dekabr 2024
logo
Bu il 10 rayonda əmək yarmarkası keçirilib

Bu il 10 rayonda əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti bu ilin ötən dövründə 10 rayonda əmək yarmarkası keçirib. May ayında başlanan yarmarkalarda işsiz və işaxtaran vətəndaşlara dövlət və özəl müəssisələrdən 3371 vakant iş yeri təqdim edilib. Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, əmək yarmarkalarında işsiz və işaxtaranların peşə və ixtisaslarına, əmək bacarıqlarına uyğun vakant iş yerlərinə göndərişlər verilib, ayrı-ayrı işsizlərin isə peşə hazırlığı kursuna cəlb olunmaları üçün qeydiyyatı aparılıb. İştirakçıların hər birinə Dövlət Məşğulluq Xidməti tərəfindən keçirilən digər aktiv məşğulluq tədbirləri haqqında məlumatlar verilib.
Qarşıdakı dövrdə də yarmarkaların keçirilməsi prosesi davam edəcək. Ümumilikdə bu il ərzində ölkəmizin 56 şəhər və rayonunda əmək yarmarkalarının təşkili nəzərdə tutulur.