FHN: Sabunçuda subasma nəticəsində avtomobildə köməksiz qalan şəxslər xilas edilib - VİDEO
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 25 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 8 nəfər, o cümlədən Sabunçu rayonu ərazisində avtomobil yolu ötürücüsündə subasma nəticəsində avtomobildə köməksiz vəziyyətdə qalan 2 nəfər xilas olunub.
Gecə saatlarından başlanılmış yol ötürücüsünü basmış yağış sularının kənarlaşdırılması işləri hazırda davam etdirilir.