• 8 Sentyabr 2024
logo
Mətbuat cəmiyyətin aynasıdır

Mətbuat cəmiyyətin aynasıdır

Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 149 ili tamam olur. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb. "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

“Əkinçi" qəzeti geriliyə, cəhalətə, xürafata qarşı kəskin mübarizə aparırdı. Qəzet elmin, maarif və mədəniyyətin təbliği, mövhumat və cəhalətin tənqidi ilə kifayətlənməyib, feodal istismarına qarşı etiraz edir, xalqın malını-mülkünü mənimsəyən, onun hüquqlarını əlindən alan, insan şəxsiyyətini tapdalayan mövcud üsul-idarəyə etirazını bildirirdi.

1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilib. Bu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb. Bu qəzetin Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb.

Azərbaycan milli mətbuatının təməlini qoyan bu qəzet, ikiillik ömür yaşasa da, o dövrün görkəmli maarifçiləri "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.

Milli mətbuatımızın tarixindən, bugünkü durumundan və inkişaf perspektivlərindən danışarkən biz ilk növbədə qeyd etməliyik ki, Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında Uu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub .1978-ci ildə qəbul edilən Azərbaycan SSR-nin Konstitusiyasında Azərbaycan dili Ulu Öndər Heydər Əliyev tərəfindən dövlət dili kimi təsdiq olundu. Məhz Azərbaycan dilinin dövlət dili kimi təsdiq olunması Azərbaycan mətbuat dilinin və bütövlükdə Azərbaycan dilinin inkişafı tarixində böyük bir hadisəyə çevrildi. Ona görə də, məhz dilin inkişafı ilə bağlı belə bir hüquqi-siyasi, konstitusion əsasın yaradılması Azərbaycan mətbuatının inkişafı qarşısında yeni üfüqlər açdı. Beləliklə, artıq Azərbaycan dilinin inkişafı istiqamətində çox böyük işlər həyata keçirilməyə başlandı.

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı.Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib.

Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martında imzaladığı Sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi idi.

Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-ə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.

Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013-cü və 2017-ci illərdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Dövlət başçısı 2017-ci ildə mətbuat işçiləri üçün sayca üçüncü yaşayış binasının tikintisi ilə bağlı sərəncam imzalayıb.

Beləliklə, 149 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçmişdir. Ulu Öndər tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir Mətbuata xüsusi dövlət qayğısı və diqqətinin mövcud olması, Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür.

Mehriban İsrafilova
Xətai rayon İcra Hakimiyyəti-baş məsləhətçi