• 30 Dekabr 2024
logo
“Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsinə yekun vuruldu – QALİBLƏR MÜKAFATLANDIRILDI

“Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsinə yekun vuruldu – QALİBLƏR MÜKAFATLANDIRILDI -FOTO

Moderator.az xəbər portalının qurucusu və mərhum baş redaktoru, tanınmış jurnalist Zülfüqar Hüseynzadənin xatirəsinə həsr olunmuş yazı müsabiqəsinə yekun vurulub.

Moderator.az xəbər verir ki, müsabiqənin qalibləri bu gün mərhum jurnalistin doğum gününə həsr edilmiş, Mətbuat Şurasında keçirilən tədbirdə mükafatlandırılıblar.

“Zülfüqar Hüseynzadə mükafatı” adlı müsabiqədə 1-ci yerə Əvəz Həsənov “Amerikalı turistə Kəlbəcər haqqında...” yazısı ilə layiq görülüb. 2-ci yeri “Zülfüqar başdan-ayağa Kəlbəcər idi!” yazısı ilə Mahir Rüstəmli, “3-cü yeri isə Kəlbəcər: altı zər, üstü zər...” yazısı ilə Süleyman Qaradağlı tutub. 1-ci yerin qalibinə 1000, 2-ci yerin qalibinə 600, 3-cü yerin qalibinə isə 400 Azərbaycan manatı məbləğində pul mükafatı və diplomlar tədqim edilib.

Qeyd edək ki, “Zülfüqar Hüseynzadə mükafatı” adlı yazı müsabiqəsi mərhum jurnalist Zülfüqar Hüseynzadənin doğulub, boya-başa çatdığı, Azərbaycanın ayrılmaz hissəsi, dilbər guşəsi, 27 il erməni işğalında qalmış Kəlbəcər rayonunun misilsiz təbiəti, yeraltı və yerüstü sərvətləri, turizm potensialı, işğaldan azad edildikdən sonra aparılan yenidənqurma işlərinə həsr olunub.

Münsiflər heyətinin məlumatına görə, iyulun 23-də start görüən müsabiqəyə avqustun 18-nə qədər 23 müəllif 23 yazı ilə müraciət edib. Məqalələr 18-23 avqust tarixlərində münsiflər heyəti tərəfindən əvvəlcə ayrı-ayrılıqda qiymətləndirilib. Yekun olaraq isə verilən ballar toplanaraq müsabiqənin qalibləri müəyyən edilib. Demək olar ki, yazıların əksəriyyətində əvvəlcədən müəyyən edilmiş 8 min işarə və mediada yayımlanma tələbləri pozulub. Buna görə də münsiflər heyəti işarə sayını ortaq 10 min olaraq müəyyən edilib. Bir neçə yazı 10 min işarəni belə keçdiyi üçün, bir neçəsi isə heç bir media qurumunda yayımlanmadığına görə müsabiqəyə buraxılmayıb.

Onu da vurğulayaq ki, “Zülfüqar Hüseynzadə mükafatı” adlı müsabiqənin hər il iyul-avqust ayında keçirilməsi və növbəti illərdə mükafat fondunun artırılması nəzərdə tutulur.