• 15 Yanvar 2025
logo
Jurnalistlərə Ağdam Sənaye Parkında işlərin gedişi barədə məlumat verilib

Jurnalistlərə Ağdam Sənaye Parkında işlərin gedişi barədə məlumat verilib

MEDİA Agentliyinin təşkil etdiyi səfər çərçivəsində jurnalistlər təməli Prezident İlham Əliyev tərəfindən bu il mayın 28-də qoyulmuş Ağdam Sənaye Parkında olublar.

APA-nın Qarabağ bürosunun məlumatına görə, media nümayəndələri sənaye parkının ərazisini gəzib, burada görülən işlərlə maraqlanıblar.
Jurnalistlərə məlumat verilib ki, Ağdam Sənaye Parkı qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili nəzərdə tutulub.

Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin olaraq 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 milyon manata yaxın sərmayə qoyulması, 330 iş yeri açılması planlaşdırılır.

Media nümayəndələri işlərin gedişi ilə tanış olublar.