• 27 Dekabr 2024
logo
“Konflikt jurnalistikası məktəbi”nin növbəti auditoriya təlimi

“Konflikt jurnalistikası məktəbi”nin növbəti auditoriya təlimi

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə “Dinc Dünya” Araşdırma Mərkəzinin təşkil etdiyi “Konflikt jurnalistikası məktəbi" adlı birgə layihənin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində növbəti auditoriya təlimi keçirilib.
Tədbiri giriş sözü ilə açan “Dinc Dünya” Araşdırma Mərkəzinin rəhbəri Əlisəfa Mehdiyev ekstremal şəraitdə işləyən jurnalistlər üçün qanunvericilik aktlarının öyrənilməsi, ekstremal şəraitdə jurnalistlərin praktiki davranmaları ilə bağlı təcrübələrin keçirilməsi, jurnalistin psixoloji hazırlığı, konkret situasiyalarda davranış mexanizmləri, əldə edilmiş informasiyanın işlənməsi, beynəlxalq təcrübələrdən də yararlanma kimi məqamları qeyd edib.
Natiq bildirib ki, görüş çərçivəsində keçirilən təlim hərbi mövzuda yazan jurnalistlərin peşəkarlıqlarının artırılması, bu sahədə yazan jurnalistlərin yetişdirilməsi baxımından mühüm addımdır. Layihə çərçivəsində keçirilən təlimlər hərbi sahəni işıqlandırmağın hüquqi, təcrübi və psixoloji normalarına, ekstremal jurnalistikanın qaydalar bazasının yaradılmasına, cəbhədən xəbərlər yayan media nümayəndələrinin peşəkarlığının artırılmasına yönəlib.
Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin zabiti polkovnik İdris Məhərrəmov təlim iştirakçılarını salamlayaraq, ordumuzun döyüş hazırlıqları barədə danışıb.
“Ordumuzun döyüş hazırlığı səviyyəsi durmadan yüksəldilir, şəxsi heyət müasir silah və texnika ilə təchiz edilir, yeni poliqonlar inşa edilir, döyüş şəraitinə uyğun təlimlər həyata keçirilir. Vəzifəsindən asılı olmayaraq, hər bir hərbi qulluqçu verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirməyə qadirdir. Ordu rəhbərliyinin dəfələrlə bəyan etdiyi kimi, təlimlər, yoxlamalar və digər tədbirlər əsgər və zabitlərimizin müasir döyüşün ən mürəkkəb tapşırıqlarını belə müvəffəqiyyətlə yerinə yetirməyə hazır olduqlarını, döyüş qabiliyyətlərini və peşəkarlıqlarını, yeni silah sistemlərindən və döyüş texnikasından ustalıqla istifadə etmək bacarıqlarını əhəmiyyətli dərəcədə artırdıqlarını göstərir. Ordu üçün əsas məsələ hərbi təhsil, nizam-intizam və təchizatdır.
Azərbaycan Ordusu bu gün həm nizam-intizamına, həm təhsilinə, həm də təchizatına görə öndədir. Jurnalistlərin qarşısına qoyulan məqsəd isə ordu haqqında dəqiq və dolğun informasiyanı cəmiyyətə olduğu kimi çatdırmaqdır”.
Bütün bunlar bir daha göstərir ki, Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızın azad edilməsinə hər zaman hazırdır və bu hazırlığın möhkəmləndirilməsi üçün işlər görülür. Məqsəd ordumuzun döyüş hazırlığını yüksək səviyyədə saxlamaq, daim inkişaf etmək və müasir hərbi texnika ilə ordumuzun təchiz edilməsini təmin etməkdir. Azərbaycan Ordusunda aparılan islahatlar, ordunun maddi-texniki təchizatının yaxşılaşdırılması, kadr dəyişiklikləri ordumuzun daha da güclənməsinə, qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirməsinə xidmət edir. Güclü ordu dövlətin suverenliyinin zəmanətidir. Güclü Azərbaycan Ordusu respublikamızı düşmənlərdən qorumağa, təhlükəsizliyimizi təmin etməyə qadirdir.