• 4 May 2024
logo
MSK və MEDİA Naxçıvandakı media nümayəndələri üçün seminar təşkil edib

MSK və MEDİA Naxçıvandakı media nümayəndələri üçün seminar təşkil edib

Mərkəzi Seçki Komissiyası və Medianın İnkişafı Agentliyi (MEDİA) Naxçıvanda media nümayəndələri üçün hibrid formatda seminar keçirib. Seminarda muxtar respublikanın media qurumlarının rəhbərləri, müxtəlif media orqanlarının Naxçıvandakı nümayəndələri və seçkini işıqlandıracaq jurnalistlər iştirak ediblər.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, seminarda çıxış edən MEDİA-nın şöbə müdiri Natiq Məmmədli Naxçıvanda fəaliyyət göstərən jurnalistlərlə fikir mübadiləsi aparılacağını, onların informasiya əldə etməsi ilə bağlı hər hansı çətinliyin olub-olmaması, jurnalistlərin seçki ilə bağlı informasiyada hansı qaydalara riayət etməsi kimi məsələlərin müzakirə ediləcəyini bildirib. Qeyd edib ki, seçki dövrü jurnalistlərin peşakarlığını göstərmək üçün həm də bir sınaqdır.

Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov vurğulayıb ki, bu kimi seminarlar media subyektlərinin prezident seçkilərində sərbəst fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin yüksəldilməsinə xidmət edir. Media ötən dövrdə bütün seçkilərdə fəallıq nümayiş etdirib. Ölkəmizdə seçkilərin işıqlandırılması üçün jurnalistlərə geniş imkankar yaradılır.

MSK Katibliyinin Media və kommunikasiya şöbəsinin müdiri Şahin Əsədli qeyd edib ki, ərazi bütövlüyü tam təmin olunmuş Azərbaycanda ilk dəfə prezident seçkiləri keçiriləcək. Media seçkilərdə azad və sərbəstdir. Heç kimin jurnalistlərə qanunvericiliyin tələblərindən kənar müdaxilə etməyə haqqı yoxdur. Buna görə də jurnalistlər öz hüquqlarını bilməli və qanunla nəyin qadağan olunmasından məlumatlı olmalıdırlar.

"Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" QSC-nin sədri Sahil Tahirli muxtar respublikada fəaliyyət göstərən jurnalistlərin həm MSK-nın, həm də MEDİA-nın tədbirlərinə, seminar-treninqlərinə qatılmasının zəruri olduğunu bildirərək, Naxçıvanda fəaliyyət göstərən jurnalistlərin seçki günü MSK-da keçiriləcək brifinqdə iştirakının vacibliyini vurğulayıb.

“Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova seçki öncəsi təbliğat-təşviqat işlərində medianın fəaliyyətindən danışıb.

Seminar qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb.