• 4 May 2024
logo
Təbriz qəzeti 20 Yanvar faciəsindən yazıb

Təbriz qəzeti 20 Yanvar faciəsindən yazıb

İranın Təbriz şəhərində nəşr edilən nüfuzlu “Tribune Tebriz” qəzetində 20 Yanvar faciəsinə həsr olunmuş geniş məqalə dərc edilib.

Azərbaycanın Təbrizdəki Baş konsulluğunda Baymedia.az-a bildiriblər ki, məqalədə Azərbaycan Respublikasının tarixinə “Qara Yanvar” kimi daxil olmuş 20 Yanvar faciəsindən 34 il ötür. 1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 20-də saat 24:00-dan "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman verib və xalqı qəfildən yaxalamaq, ona divan tutmaq, qırğın törətmək üçün qoşunlardan istifadə edilib. Əhaliyə məlumat verilməsin deyə, yanvarın 19-da saat 19.27-də Azərbaycan Televiziyasının enerji bloku partladılaraq sıradan çıxarılıb. "Bakı əməliyyatı"na SSRİ müdafiə naziri, marşal D.Yazov şəxsən rəhbərlik edib. Bakı qarnizonu qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən desant, xüsusi cəza dəstələri hücuma keçərək gözyaşardıcı qazdan istifadə edib, əliyalın adamlara avtomat silahlardan atəş açıblar. Hərbçilər təsadüfən yola çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını, şəhər nəqliyyatını atəşə tutub, yaralıları öldürüb, meyitləri yandırıb və təhqir ediblər. Əsgərlər tibb müəssisələrini mühasirəyə alaraq yaralı mülki şəxslərin buraya gətirilməsinə, habelə tibbi heyətin yaralılara köməyə getməsinə mane olurdular. Həmçinin dinc əhali arasında kütləvi həbslər aparılırdı.

Məqalədə həmin günlərdə azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyası, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət alması faktları da yer alıb.

Yazıda vurğulanıb ki, faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycan SSR-nin Moskvadakı daimi nümayəndəliyinə gedərək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən bu terroru hüquqa, demokratiyaya və insanlığa zidd aksiya adlandırıb. 20 Yanvar faciəsinə Azərbaycan Respublikasında ilk dəfə dövlət səviyyəsində hüquqi-siyasi qiymət 1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə verilib. Belə ki, onun tövsiyəsi ilə Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, 20 Yanvar tarixi isə “Ümumxalq Hüzn günü” elan edilib. Hər il həmin tarixdə şəhidlərin xatirəsi yüz minlərlə insan tərəfindən ehtiramla yad edilir.

Məqalədə qeyd edilib: “Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Ulu Öndər Heydər Əliyev 1990-cı ilin 20 Yanvar gecəsi məhz belə bir zirvəni fəth edib əbədiyaşarlıq qazanan Vətən oğullarının fədakarlığını yüksək qiymətləndirərək deyib: “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycan Respublikasının bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır”.

Yazının sonunda vurğulanıb: “Bu il Azərbaycan Respublikası tarixdə ilk dəfədir ki, 20 Yanvar faciəsinin ildönümünü ərazi bütövlüyünün və suveren hüquqlarının tam bərpası şəraitində qeyd edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun Qarabağda qazandığı rəşadətli hərbi Zəfər xalqımızın 34 il bundan əvvəl göstərdiyi ümumxalq birliyinin yeni bir təcəssümdür”.