• 5 May 2024
logo
2016-cı il Aprelin 2-si – Böyük zəfərə gedən yolun başlanğıcı

2016-cı il Aprelin 2-si – Böyük zəfərə gedən yolun başlanğıcı

Böyük Zəfərlə başa çatan II Qarabağ müharibəsi şanlı tariximizə qızıl hərflərlə yazılıb. Bu Qələbə nəticəsində 30 illik işğal altında qalan torpaqlarımız azad edilib və qədim yurdumuz Qarabağa Böyük Qayıdışın əsası qoyulub. Aydındır ki, böyük Zəfərə gedən yol heç də asan olmayıb və böyük güc, qüdrət, əzm hesabına əldə edilib.
Azərbaycan müstəqilliyi, onun bərpası uğrunda qurbanlar verdiyi kimi, ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini qorumaq yolunda da mübarizə aparır, bu yolda da şəhidlər verir. Nə yaxşı ki, belə hadisələrin bir çoxu artıq tarixdir. Belə şərəfli günlərdən biri də Azərbaycan tarixinə Aprel döyüşləri, Aprel müharibəsi adı ilə düşüb. Dörd günlük müharibə 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlayıb. Bu, 1994-cü ildə Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəsdən sonra ilk ən şiddətli döyüş sayılır. Döyüşlər Azərbaycan əsgərinin qələbəsi ilə nəticələnib.
Aprel döyüşlərində ordumuzun əks-hücum əməliyyatı nəticəsində Lələtəpə yüksəkliyi alındı, 1994-cü ildə düşməndən azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində Azərbaycan bayrağı dalğalandırıldı. Dövlət başçısının 2017-ci il yanvarın 24-də imzaladığı “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” Sərəncamı Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yaratdı. Dövlət başçısının xüsusi diqqət və qayğısı ilə həyata keçirilən bərpa işlərindən sonra Cocuq Mərcanlı öz sakinlərini qəbul etdi. Böyük Qayıdışın başlanğıcı olan bu kənd bir gün düşmən tapdağı altında qalan əzəli torpaqlarımızın azad olunacağına da mühüm mesaj idi. Yeni salınan qəsəbənin açılışında iştirak edən ölkə başçısı demişdir: “Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır”. Aprel döyüşlərindən 2 il sonra Azərbaycan Ordusu işğalçılar üzərində növbəti qələbəsini əldə etdi. 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndinin işğaldan azad olunması ordumuzun gücünü, qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi.
Aprel döyüşləri Azərbaycan Ordusunun hərbi qüdrətinin ilk uğurlu nümayişi, Günnüt zəfəri isə Azərbaycan Ordusunun böyük manevr qabiliyyətini bir daha təsdiqlədi. Günnütün işğaldan azad olunması ilə birlikdə ordumuz daha əlverişli mövqelərə sahiblənib, Xunut dağı və Ağbulaq yüksəkliyi, daha sonra isə Qızılqaya dağı və Mehridağ işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (ermənilər adını dəyişdirərək Areni qoyublar) nəzarət altına keçib. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib. Bu yüksəkliklərin əldə edilməsi nəticəsində Azərbaycan strateji kommunikasiyalara və Ermənistandan Dağlıq Qarabağa gedən yola da nəzarət edə bildi. İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanları bir çox informasiyanın əldə edilməsində də mühüm əhəmiyyət kəsb etdi.
“Dörgünlük müharibə”nin həmin dövr üçün əsas əhəmiyyəti ondan ibarət idi ki, Qarabağ münaqişəsi “donmuş konflikt” statusunundan çıxaraq, potensial qaynar nöqtə statusu qazandı. Məhz bu döyüşlərdən sonra həm münaqişə tərəfləri, həm vasitəçi ölkələr, həm də ümumiyyətlə, regionda maraqlı olan bütün dövlətlərin problemə yanaşması dəyişməklə yanaşı, məsələ ətrafında apardıqları siyasətə də korrektələr etmələrinə məcbur oldular.
Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, artıq regionda yeni reallıq yaranmışdı və istənilən qüvvə bu reallığa uyğun siyasətini qurmalı idi. Ən əsası, Aprel döyüşləri, Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü, münaqişənin hərbi yolla həllinin Azərbaycan cəmiyyətində kütləvi şəkildə dəstəklənməsi və hakimiyyətin bu sosial sifarişi yerinə yetirmək əzmində və gücündə olduğunu bütün dünya ictimaiyyətinə nümayiş etdirdi.
Aprel döyüşlərinin nəticələri Ermənistan cəmiyyətinə təsirsiz ötüşmədi və əhali arasında onsuz da etimadını itirməkdə olan Sarqsyan hakimiyyətinin dayaqları daha da zəiflədi. İllərdir Azərbaycan və Türkiyənin işğala cavab olaraq tətbiq etdikləri blokada, həmçinin, Koçaryan-Sarkisyan rejiminin yarıtmaz idarəçiliyi nəticəsində Ermənistanın düşdüyü acınacaqlı vəziyyətdə hakimiyyətin siyasi reytinqini təmin edən yeganə amil bu klanın qonşu ölkənin torpaqlarını nəzarətdə saxlaması idi. Dördgünlük müharibə Ermənistanın ictimai şüurunda özünə yer eləmiş erməni ordusunun yenilməzliyi mifini darmadağın etdi və Sarqsyanın hakimiyyətini saxlamaq üçün sonuncu tutunacağını əlindən aldı.
Qərb institutları Ermənistanda məğlubiyyət nəticəsində yaranmış inqilabi şəraitdən yararlanma şansını əldən vermədilər və hakimiyyət çevrilişi nəticəsində Nikol Paşinyan baş nazir kürsüsünə yiyələnə bildi. Bununla da, Yerevan əsas hərbi tərəfdaşı olan Rusiyanı itirdi.
Aprel müharibəsi Azərbaycan hərbçilərinin döyüşə hazırlıq vəziyyətinin yoxlanılması üçün baş məşq də sayıla bilər. Həmin günlərdə Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan bəzi hərbi texnikalar da sınaqdan çıxarılıb. Məlumata görə, döyüşlərdə Azərbaycan qüvvələri “Harop” kamikadzek PUA, “ThunderB” nəzarət dronları və “Spike”ləri, “TOS-1A” 24-barrel termobarik (uzun məsafədə alovsaçan) raket sistemləri tətbiq edib. Məlumatlara görə, 4 günlük döyüşlər başlamazdan əvvəl Azərbaycan Ordusunun hərbçiləri cəbhənin dərinliyinə sızaraq bəzi əməliyyatlar həyata keçirib. Belə əməliyyatlardan biri Aprel döyüşlərindən iki həftə öncə baş verib. Eyni zamanda Azərbaycan hərbçiləri arxa cəbhənin olduqca dərinliyinə sızaraq Əsgəran bölgəsindəki Hava Hücumundan Müdafiə Kompleksinin RLS-ni məhv etmişdi.
Azərbaycan hərbçilərinin yüksək qabiliyyətli döyüş bacarıqları və uğrularını dövlət başçısı qiymətləndirib. 2016-cı il aprelin 19-da Prezident İlham Əliyevin uyğun sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin üç üzvü “Azərbaycanın Milli Qəhrəmanı”, 7 üzvü “Azərbaycan Bayrağı” Ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli “Vətənə xidmətə görə” Ordeni, 19 üzvü “Vətən uğrunda” medalı, 43 üzvü “İgidliyə görə” medalı, 45 üzvü “Hərbi xidmətlərə görə” medalı, 2 üzvü “general-mayor” ali hərbi rütbəsi ilə mükafatlandırıb.
2017-ci ildə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşü zamanı dedi: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir...Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcəkdir”.
Aprel döyüşləri işğalçılar üçün bir mesaj, bir siqnal idi ki, işğala son qoyun, torpaqlarımızdan çıxın, rədd olun. Belə ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi hissənin şəxsi heyəti qarşısında çıxışı zamanı bildirmişdir: «Bizim Aprel döyüşlərindəki qələbəmizdə xüsusi təyinatlıların çox böyük xidmətləri olmuşdur. Ancaq əfsuslar ki, Aprel hadisələri işğalçılar üçün dərs olmadı. Onlar işğalı əbədiləşdirmək üçün öz səylərini davam etdirdilər və işğalı əbədi etmək üçün Azərbaycana, Azərbaycan Silahlı Qüvvələrinə hədə-qorxu gəlməyə davam etdilər. Bizi yeni müharibə ilə hədələyən düşmən İkinci Qarabağ müharibəsində öz dərsini aldı. “Qarabağ Ermənistandır və nöqtə” deyən düşmən bu gün “Qarabağ Azərbaycandır” deyir. Nəyin hesabına? Danışıqlar hesabına yox! Güc hesabına, qüdrət hesabına, Azərbaycan Ordusunun Zəfəri hesabına! Biz güclü ordu yaratmışıq. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq”.«Mən Prezident kimi öz səlahiyyətlərimi icra etməyə başlayan zaman demişdim ki, mənim üçün Prezident və Ali Baş Komandan kimi birinci vəzifə ordu quruculuğudur. Çünki torpaqlarımız işğal altındadır, danışıqlara ümidlərimiz tükənib və güc yolu ilə biz bu məsələni həll etməliyik. Bunu illər boyu bəyan edirdim, çalışırdım Ermənistan rəhbərliyi, nəhayət anlasın ki, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi, Azərbaycan Ordusu bu işğalla heç vaxt barışmayacaq. Bunu rəsmən bəyan edirdim ki, nəyin bahasına olursa-olsun, torpaqlarımızı düşmənin əlindən alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik», – dövlət başçısı vurğulayıb.“Biz Ermənistan torpağını işğal etməmişik. Biz öz torpağımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm”. Bəli, bu Ali baş Komandanın işğalçı və təxribatçı dövlətə qətiyyətli mesajı idi...

Cavid