• 6 May 2024
logo
COP29-un əhəmiyyəti

COP29-un əhəmiyyəti

Ölkəmizin COP29-u Azərbaycanın adına və nüfuzuna layiqli səviyyədə təşkil edəcəyinə heç kim şübhə etmir. Aprelin 23-də ADA Universitetində öz işinə başlamış “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda aparılan müzakirələr dünyanın COP29-dan kifayət qədər böyük gözləntilərinin olduğunu deməyə əsas verir. Beynəlxalq forumda iştirak edən cənab Prezident İlham Əliyev COP29-un çox böyük məsuliyyət olduğunu və burada söhbətin təkcə təşkilati məsələlərdən deyil, həmçinin nəticələrin əldə edilməsindən də getdiyini vurğuladı.

Dövlət başçısı cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, həmçinin Azərbaycanın COP29-a ev sahibliyi etməsi belə bir reallığın təsdiqidir ki, ölkəmizin hər bir sahədə zəngin təcrübəyə malik olması beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində stimulverici amildir. “Yaşıl dünya naminə həmrəylik ili” Azərbaycanın iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə töhfələrini artırmaq məqsədi daşıyır.”

Tədbir iştirakçılarının suallarını cavablandıran dövlət başçısı Azərbaycanda ekoloji problemlərlə ciddi məşğul olunduğunu xüsusi qeyd etdi. Ölkəmizin qarşılaşdığı belə problemlərdən biri əlbəttə ki, Xəzərin suyunun getdikcə azalmasıdır. Xüsusi diqqət ediləcək məqam budur ki, bu tendensiya eyni zamanda həm ekoloji, həm də iqtisadi problemlər yaradır. Xəzər dənizinin geri çəkilməsi olduğu kimi davam edərsə, məsələn, Orta Dəhliz üzərində yerləşən ölkələr kommunikasiya layihələri ilə də bağlı ciddi problemlər yaşayacaqlar. Çünki bu önəmli transmilli layihə məhz Xəzər dənizindən keçir. Dənizin geri çəkilməsinin əsas səbəblərindən biri isə Xəzər üçün əsas su mənbəyi olan Volqa çayında suyun azalmasıdır. Beləliklə, Xəzər dənizinin geriyə çəkilməsi iqlim dəyişikliyi səbəbindən deyil, həm də Volqa çayının Xəzər dənizini lazımi qədər su ilə təmin etməməsindəndir ki, bu da artıq çoxtərəfli əməkdaşlıq məsələsidir. Lakin Azərbaycan Xəzər sahillərinin özünə aid hissəsində ekoloji sistemin bərpası və mühafizəsi baxımından kifayət qədər işlər görür. Xüsusilə Abşeron yarımadasının təmizlənməsi hazırda dövlətin xüsusi diqqət mərkəzində saxladığ məsələlərdir. Bunun bariz nümunələrindən biri əlbəttə ki, Ağ Şəhər layihəsidir. Həmçinin vaxtilə çox bərbad vəziyyətə gətirilmiş Bibiheybət buxtası bu gün artıq Bakının ən yaşıl ərazilərindən biridir.

Cənab İlham Əliyev bildirdi ki, COP29-a sədrliyimizə nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq. Əslində, bu vacibdir. Biz buna həm də ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi baxırıq. O da qeyd edildi ki, COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələri aparmaq üçün fürsət yaradacaq və gələcək əməkdaşlıq üçün yol açacaq. Hazırda unikal şans yaranıb. Biz bundan məhrum olmuşduq. SSRİ süqut etdiyi zaman sülh şəraitində öz müstəqil həyatına başlamış Baltik dövlətlərindən fərqli olaraq, bizim bölgədə müharibələr gedirdi. İndi həmin səhifəni çevirmək şansı yaranıb. COP29 əla fürsətdir.
Cənab Prezident İlham Əliyev ona verilən növbəti suallardan birini cavablandırarkən birmənalı olaraq bəyan etdi ki, qazıntı yanacağına dünyada hələ uzun illər ərzində tələbat olacaq və bunun əksini söyləmək sadəlövhlük olardı.

Bu gün dünya iqtisadiyyatının, qlobal miqyasda sənayenin bərpaolunan enerji növlərinə keçidə hələ hazır olmadığı nəzərə alınmalıdır. Belə olan vəziyyətdə isə əlbəttə ki, ən yaxşı yol dövlət başçımızın təklif etdiyi kimi, əlçatmaz hədəflər qoymaq yox, sinerji yaratmaq və təkamül yolu ilə irəliləməkdir. Azərbaycan artıq bir neçə müddətdir ki, bunu edir. Keçən ilin oktyabrında ölkəmizdə 240 meqavat gücündə ilk günəş elektrik stansiyasının açılışı baş tutdu. Bu il üçün isə cənab Prezident əlavə dörd günəş və külək elektrik enerjisi stansiyasının təməlinin qoyulacağını anonsladı. Həm də qeyd olundu ki, bu, sadəcə bir başlanğıcdır. Çünki Azərbaycanın həm dənizdə, həm də quruda nəhəng külək və günəş elektrik enerjisi potensialı var. Buraya su elektrik stansiyaları da əlavə olunsa Azərbaycan elektrik enerjisi istehsalı üçün istifadə etdiyi qazın əhəmiyyətli bir hissəsini bərpaolunan enerji mənbələri ilə əvəz edəcək.”

Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün bu addımı atdı və reallığa çevrilməsi üçün üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Cənab İlham Əliyev hazırkı dövrdə sülh müqaviləsinin imzalanmasına yaxın olduğumuzu əsaslı şəkildə diqqətə çatdırdı. Bu reallıq da qeyd edildi ki, biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik. İndi sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var. Biz, sadəcə, təfərrüatları işləməliyik. Lakin, əlbəttə, hər iki tərəfə vaxt lazımdır. Azərbaycan reallıq hissini həmişə irəli çəkir və digər tərəfdən də eyni münasibəti gözləyir. Dövlət başçısı növbəti zəfərimiz olan Qazaxın dörd kəndinin geri qaytarılmasına da diqqəti yönəldərək vurğuladı ki, İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq.

Əslində, həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq. Eksklavlar məsələsi başqadır, çünki o, daha mürəkkəbdir. Həmin eksklavlar digər ölkənin əhatəsində olan ərazidə yerləşir. Ona görə onlar delimitasiya prosesində həll olunmalıdır.
Dövlət başçısı cənab İlham Əliyevin hər bir sahəyə xüsusi diqqət göstərməsi ölkəmizin hərtərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün imkanların mövcudluğunu təsdiqləyir. Hər bir beynəlxalq tədbir yeni əməkdaşlıq əlaqələrinin qurulmasında əhəmiyyətli rol oynayır. COP29 Azərbaycanın, eyni zamanda, iştirakçı ölkələrin bu sahədə hansı imkanlara malik olduqlarına, həmçinin hansı töhfələri verəcəklərinə işıq salmaqla yeni əməkdaşlıq formatlarının yaradılmasına yol açacaq. Forum iştirakçılarının da təsdiqlədiyi kimi, COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq.

Mehriban İsrafilova
Xətai rayon İcra Hakimiyyəti-baş məsləhətçi