• 17 May 2024
logo
Azərbaycanın bir çox Avropa ölkələri ilə münasibətləri uğurla inkişaf edir

Azərbaycanın bir çox Avropa ölkələri ilə münasibətləri uğurla inkişaf edir

Almaniya Azərbaycanın Avropada ən vacib siyasi, iqtisadi və strateji tərəfdaşlarından biridir. Dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan rəsmi Berlin Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün mühüm addımlar da atıb.

Məlum olduğu kimi, Azərbaycan 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatında dörd il ərzində uğurla sədirlik edib. Bu dövr ərzində ölkəmiz Hərəkatın bir çox üzvləri ilə olduqca məhsuldar münasibətlər qurub. Azərbaycanın sədrliyi həm də COVID-19-a təsadüf etdyinə görə, 80-dən artıq ölkəyə humanitar, maliyyə və texniki yardım göstərilib. Eyni zamanda Azərbaycanın bir çox Avropa ölkələri ilə münasibətləri uğurla inkişaf edir. Avropa İttifaqının doqquz üzvü ilə Azərbaycan “Strateji Tərəfdaşlıq” haqqında razılaşmalar və bəyannamələr imzalayıb, yaxud qəbul edib. Bu əlaqələr Azərbaycana müxtəlif qitələrdə yerləşən ölkələr arasında qlobal əlaqələrin yaradılması baxımdan effektiv vasitəçilik etmək üçün unikal imkanlar verir.

Aprelin 26-da “Petersberq Dialoqu”nda iştirak edən cənab İlham Əliyev COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycanın qlobal tədbirə hazırlığın fəal mərhələsində olduğunu qeyd edərək yaxşı nəticələr əldə ediləcəyini əminliklə söyləmişdir.

Almaniyada keçirilən bütün görüşlərdə və tədbirlərdə vahid mövqe sərgiləyən ölkə başçısı ilk növbədə ölkəmizdə yaşıl enerjiyə keçid üçün çox böyük layihələrin icrasına başalndığını və nəhəng şirkətlərin bu sahəyə sərmayə qoyduğunu xatırladaraq bildirmişdir ki, bu gün hələ də dünya qazıntı enerjisinə möhtacdır və enerji təhlükəsizliyi milli təhlükəsizlik deməkdir.

Bu gün Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır. Bu barədə aprelin 26-da Berlində mətbuata bəyanatla etdiyi çıxışında açıqlama verən cənab Prezident İlham Əliyev qeyd etdi ki, ölkələrimiz arasında ikitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir.

Azərbaycan Avropa Birliyinə daxil olan bütün dövlətlərlə inkişaf etmiş ikitərəfli əlaqələrə malikdir. İkitərəfli əlaqələrin yüksək səviyyədə olduğu ölkələr arasında ilk sıralarda Almaniya dayanır. Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12 yanvarında tanıyıb. Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub. 2 sentyabr 1992-ci ildə Azərbaycanın Almaniyada səfirliyi, 22 sentyabr 1992-ci ildə Almaniyanın Azərbaycandakı səfirliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib.

Almaniya Avropa və dünya ölkələri arasında kifayət qədər siyasi nüfuza və güclü iqtisadiyyata sahib olan ölkələrdən biridir. Bu baxımdan Almaniya ilə iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı həmişə Azərbaycanın maraq dairəsində olub. Azərbaycan isə Almaniya üçün neft-qaz ölkəsi kimi beynəlxalq layihələrdə mühüm tərəfdaşlardan biridir. XIX əsrdə bir sıra alman tayfaları Azərbaycan ərazisinə köçmüş, burada üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıblar. Hazırda da Azərbaycan dövləti və xalqı ölkəmizdə alman tarixi və mədəni irsinə böyük hörmətlə yanaşır, onun qorunub-saxlanılmasını təmin edir.

COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycanın yaşıl gündəliyi də beynəlxalq ictimaiyyət üçün çox maraqlıdır. Bu sahədə Azərbaycanın yaxın gələcəyə hesablanmış planları barədə Avropa ictimaiyyətini məlumatlandıran dövlətimizin başçısı bildirdi ki, Azərbaycan qitəyə yaşıl enerjini ixrac etmək üçün fəal çalışır və təbii qaz təchizatçısı olan ölkəmiz Avropa üçün önəmli yaşıl enerji təchizatçısı da olacaqdır. 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir. Lakin bütün bunlar perspektiv planlar olduğu halda, bu günümüzün reallıqları ondan ibarətdir ki, Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələbat getdikcə artır.

Petersberq İqlim Dialoqu, Almaniya-Azərbaycan arasındakı yüksək səviyyəli görüşlər, rəsmi Berlinin ölkəmizə verdiyi əhəmiyyəti ifadə etməsi, rəsmi Bakıya gərəkli tərəfdaş kimi baxması da bunun bir daha sübutu oldu.

Mürvət Əsgərov
Xətai rayon, Ağsaqqallar Şurasının sədri