• 17 May 2024
logo
Makron geri çağırdığı səfiri niyə Bakıya qaytardı? - İsti şərh

Makron geri çağırdığı səfiri niyə Bakıya qaytardı? - İsti şərh

Fransa Prezidenti Emmanuel Makron Azərbaycandakı səfiri Ann Buayonu niyə Bakıya geri qaytarmağa qərar verdi? Səfir Bakıdadır və fəaliyyətini davam etdirir. Halbuki Makron nümayişkəranə şəkildə aprelin 16-da Fransanın Azərbaycadakı səfirini “məsləhətləşmələr” adıyla geri çağırmış və şəxsən onunla görüşmüşdü ki, bunu da antiazərbaycan addımı kimi qiymətləndirmək mümkündür.

Baymedia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Onun sözlərinə görə, Makron səfiri bir müddət də Parisdə saxlasaydı, rəsmi Bakı da Azərbaycanın Fransadakı səfirini geri çağıracaqdı:

“Bu isə münasibətlərin daha da dibə vurması demək olacaqdı. Böyük ehtimalla Makron və onun müşavirləri hesablarında yanıldıqlarını anladılar. Birincisi, Makronun səfirini Parisdə saxladığı dövrdə Azərbaycanla Ermənistan sərhədin müəyyənləşməsində razılaşma əldə etdi. İkincisi, Makronun səfirini Parisdə saxladığı dövrdə Almaniya yenidən ön plana çıxdı və Prezident İlham Əliyev Berlində Olaf Şoltsla görüşdü.

Beləliklə, Makronun antiazərbaycan siyasəti Fransanın Cənubi Qafqazdakı mövqelərini zəiflədib. Bu isə o deməkdir ki, əslində Makron ölkəsinin maraqlarına zidd siyasət yürüdüb. O, bu siyasətindən geri çəkiləcəkmi, bunu yaxın aylarda görəcəyik. Hələliksə Qarabağ separatçılarının nümayəndələrini əvvəlki illərdə olduğu kimi Parisdə tədbirlərə dəvət edir və bir qisminə mükafatlar təqdim edirlər”.