• 19 Sentyabr 2024
logo
“Qarabağın və Şərqi Zəngəzurun bərpası dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir”

“Qarabağın və Şərqi Zəngəzurun bərpası dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir”

Cavid Şahverdiyev: “Qarabağ bölgəsi Azərbaycanda iqtisadi inkişafın yeni mərkəzi olacaq”

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə sürətli apadlıq-quruculuq işləri həyata keçirir. Uzun illər işğalda saxlanılan və yerlə yeksan edilən şəhər və rayonlarımız sürətlə bərpa edilir və artıq tarixi torpaqlarımızda həyat yenidən canlanır. Təbii ki, uzun illər erməni vandalizmi nəticəsində xarabazara çevrilmiş yaşayış məntəqələrimizlə bağlı xarici mətbuatda fəaliyyət göstərilməsi nə qədər əhəmiyyətlidirsə, hazırda aparlılan işlərlə bağlı da xarici auditoriyaya yönəlik fəaliyyət yürüdülməsi də bir o qədər əhəmiyyətlidir. Bu istiqamətdə diaspor təşkilatları, media ilə yanaşı QHT-lər də önəmli rol oynaya bilərlər.
İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” prioritet istiqamətlərdən biri olaraq vətəndaş cəmiyyəti institutları tərəfindən də diqqətdə saxlanılmalıdır.
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyi də bu mövzuya diqqət ayıran QHT-lərdəndir. Adıçəkilən təşkilat Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi ilə bağlı layihə həyata keçirib. Təşkilat sədri Cavid Şahverdiyev yazılarda Qarbağ və Şərqi Zəngəzurun dünya üçün nümunəvi bölgə, iqtisadi inkişafımızın yeni istinad nöqtəsi, turizmin inkişafında da yeni drayverə çevriləcəyindən bəhs edib.
O, bildirib ki, bu istiqamətdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə layihə həyata keçirib. Layihə çərçivəsində iki yazı hazırlanaraq 8 xarici ölkə (Rusiya, Pakistan, Ukrayna, Gürcüstan, Misir, Qırğızıstan, İran və Türkiyə) müxtəlif dillərdə dərc olunub.
C.Şahverdiyev qeyd edib ki, ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir: “Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanın son 200 illik tarixinə Qalib Sərkərdə kimi adını yazdıran Ali Baş Komandan keçmiş qaçqın və məcburi köçkünlərimizin yurd, torpaq həsrətinə son qoydu. Bu gün xalqımız dövlət başçımızın rəhbərliyi ilə Qarabağı və Şərqi Zəngəzuru dirçəltməklə, bu torpaqlara yenidən həyat verir.
44 günlük İkinci Qarabağ savaşında əldə olunan qələbədən sonra Qarabağ və Şərqi Zəngəzur dirçəliş-bərpa dövrünü yaşayır. Azərbaycan dövləti artıq 4 ildir ki, azad olunmuş ərazilərimizdə quruculuq işlərini sürətlə davam etdirir. 4 ildir dövlət büdcəsindən ayrılan vəsaitlə yanaşı, əlavə gəlirlər də quruculuq işlərinə yönəldilib. İndiyə kimi azad olunmuş ərazilərin bərpasına ümumilikdə 12 milyard manat vəsait xərclənib, təkcə 2023-cü ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına 6,4 milyard manat investisiya yatırılıb. 2024-cü ildə Azərbaycanın azad olunmuş ərazilərinin bərpası üçün 2,4 milyrd ABŞ dolları məbləğində maliyyə vəsaiti ayrılıb. Bütün bunlar onu deməyə əsas verir ki, Qarabağın və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqtrasiyası gələn illərdə də əsas priortet olaraq qalacaq”.
Onun fikrincə, yeni strateji mərhələdə Azərbaycan dövlətinin gündəliyində dayanan əsas məsələlərdən biri, daha dəqiq ifadə etsək, 5 milli prioritetdən biri 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərə “Böyük Qayıdış”ın təmin olunmasıdır: “Güclü Azərbaycan dövləti qaçqın və məcburi köçkün soydaşlarımızın işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış”ını layiqli şəkildə təmin etmək əzmi nümayiş etdirir. Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Böyük Qayıdış” üzrə strateji çərçivə müəyyənləşdirilib. Sənəddə vurğulanır ki, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Əhalinin dayanıqlı məskunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək”.
Onun sözlərinə görə, ümumiyyətlə, Qarabağ bölgəsi Azərbaycanda iqtisadi inkişafın yeni mərkəzi olacaq: “Prezident İlham Əliyevin vurğuladığı kimi, bu bölgə nəinki Azərbaycan, o cümlədən, dünya üçün nümunəvi bölgə olacaq. Növbəti önəmli vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Deyə bilərəm ki, burada görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması, yəqin ki, tarixdə görünməmiş bir hadisədir. Xarici mətbuatda gedən yazılarımızda vurğulamışıq ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsi turizm potensialı baxımından olduqca zəngindir. Tanrı bu yerlərdən heç nəyi əsirgəməyib. Bütün gözəlliklərin cəm olduğu ərazilər istər təbii ehtiyatlar, istərsə də sənaye mərkəzlərinin inkişafı baxımından ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynayacaq”.
O, həmçinin əlavə edib ki, dövlətin apardığı islahatlar və irimiqyaslı layihələr nəticəsində yaxın gələcəkdə Qarabağ nəinki Cənubi Qafqazda, bütün dünyada turizm imkanlarına görə tanınacaq: “İşğaldan azad edilən ərazilərdə işlər sürətlə davam edir. Bu yerlərdə mövcud şərait baxımından müxtəlif turizm növlərini inkişaf etdirmək mümkündür. Yaradılacaq turizm bazaları həm də yerli əhalinin həyat tərzinə müsbət təsir göstərəcək. Çünki əraziyə gələn turistlər hotel və sanatoriyalarla yanaşı, fərdi evlərdə də qalacaqlar”.
C.Şahverdiyev Ermənistanın mina terrorundan da bəhs edib. Qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi, bərpa quruculuq işlərinin aparılmasına ən böyük maneə mina terrorudur: “Ermənistanın yerləşdirdiyi minalar ciddi problem olaraq qalır, müxtəlif bəhanələrlə dəqiqləşdirilmiş mina xəritələrini verməkdən imtina edir. Bu quruculuq işlərinin aparılmasına böyük təhlükələr yaradır. Ümumilikdə 2020-ci ilin noyabr ayından indiyədək 400-ə yaxın azərbaycanlı mina qurbanı olub. Bu gün Azərbaycan dövləti öz gücünə Qarabağ və Şərqi Zəngəzurda Ermənistandan miras qalan 340 milyon dollar dəyərində 1.5 milyondan çox mina və partlamamış hərbi sursatdan ərazinin təmizlənməsi, genişmiqyaslı quruculuq və bərpa işləri ilə məşğuldur. Azərbaycanın azad olunan yerlərində xarabalıqlarının bərpasına bundan sonra da milyardlarla dollar xərclənəcək.
Təbii ki, gec-tez Ermənistanın siyasi-hərbi rəhbərliyi törətdikləri cinayətlərə görə mütləq mühakimə olunacaqlar. Çünki BMT-nin hesablamalarına görə, işğal nəticəsində Azərbaycana dəymiş iqtisadi zərərin həcmi 53.5 milyard ABŞ dolları həcmindədir”.