Avropa İttifaqı (Aİ) Şurası bu gün 11-22 noyabr 2024-cü il tarixlərində Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öncəsi iqlim maliyyəsi ilə bağlı nəticələri təsdiqləyib.
APA xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.
Aİ Şurası vurğulayıb ki, Aİ və ittifaqa üzv dövlətlər inkişaf etmiş ölkələrin 2025-ci ilə qədər iqlimin maliyyəsinə hər il 100 milyard ABŞ dolları məbləğində vəsaiti kollekti şəkildə təmin etməyə sadiqdilər, bu məqsədə ilk dəfə 2022-ci ildə nail olunub.
Şura gələcəkdə iqlim maliyyəsinin təmin edilməsindəki öhdəliyini vurğulayaraq 2025-ci ildən sonra da yeni kollektiv kəmiyyət hədəflərinə çatmağa dəstək vermək niyyətində olduğunu bildirib: “Aİ və onun üzv dövlətləri beynəlxalq ictimai iqlim maliyyəsinə dünyanın ən böyük töhfə verən təşkilatıdır və 2013-cü ildən bəri inkişaf etməkdə olan ölkələri dəstəkləmək üçün iqlim maliyyəsinə verdiyi töhfələri iki dəfədən çox artırıb”.