“Azərbaycanda “Korrupsiyaya qarşı mübarizə haqqında” qanun var, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın formalaşdırılmasının qaydaları da orada müəyyən olunub. Hörmətli Kamal Cəfərov dedi ki, dəqiq dairə müəyyənləşir. Korrupsiyaya qarşı mübarizə haqqında qanunun 4.3-cü maddəsində qeyd olunur ki, komissiyanın tərkibi, icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanları tərəfindən təyin edilən üzvlərdən ibarətdir. Amma bu üzvlərin dairəsini bu cür formada dəqiqləşdirilməsi, məhdudlaşdırılması hesab edirəm ki, bəlkə də doğru olmaz. Ona görə ki, həmin qanunun 2-ci maddəsində korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri ola biləcək şəxslərin dairəsi mqəyyənləşib”.
Bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili həmçinin əlavə edib: “Sabah Milli Məclis, ümumiyyətlə Milli Məclisin üzvü olmayan, yaxud bizim aparatın rəhbərliyində təmsil olunmayan istənilən bir şəxsi də Milli Məclisin adından 5 nəfərdən biri kimi təyin edə bilərik. Hesab edirəm ki, ona görə də öz hüquqlarımızı məhdudlaşdırmayaq. Bəlkə də, daha doğru olardı ki, korrupsiya hüquqpozmalarının subyektləri olmayan şəxslərdən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası formalaşdırılsın. Məncə bu daha effektli olardı. Bu baxımdan mən sadəcə olaraq bunu diqqətinizə çatdırmaq istədim. Yox, əgər doğrudan da bu forma saxlanlacaqsa ki, burada deputatlar, bizim aparatdan, Hesablama Palatasından olsun, o halda onda gəlin onların say tərkibini də müəyyənləşdirək. Yəni 3 nəfər Milli Məclisdən, 1 nəfər Hesablama Palatasından, 1 nəfər də komitədən olsun. Milli Məclisin üzvlərinin tərkibi isə çoxpartiyalılıq prinsipləri əsasında formalaşdırılsın”.