Xəbər verdiyimiz kimi Gürcüstanda keçirilən parlament seçkilərində hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası səslərin 52.9%-ni toplayaraq növbəti dəfə qalib olub.
ƏHD partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev seçkilərlə bağlı Moderator.az -ın suallarını cavablandırarkən Gürcü xalqının regional əməkdaşlıq və təhlükəsizlik siyasətinə üstünlük verdiyini bildirdi:
- Qüdrət bəy, Gürcüstandakı seçkilərin nəticələrinə münasibətinizi bilmək istərdik.
Seçkidən öncə söyləmişdim ki,müxalifətin Gürcüstanda hakimiyyətə gəlmə ehtimalı olduqca azdır. Onların qalib gəlməsi üçün əhalinin 90%-i onlara səs verməli və həmin 90% seçici səsvermənin nəticələrini qorumaq üçün mübarizə aparmalıdırlar. Bu ehtimalın da az olduğunu söyləmişdim. Çünki müxalifətin seçki taktikası kökündən yanlışdır. Onlar uşaq sədəlövhlüyü ilə düşünürlər ki, gürcü seçici İvanaşvilinin Rusiyayönümlü olmasını bilmədiyi üçün ona səs verir. Əksinə onun siyasi mövqeyini, yönümünü bildikləri üçün ona səs verirlər. Bilirsiniz, fəlsəfə elmi insanı bioloji və sosial varlığın vəhdəti kimi öyrənir. İnsanda təbii (bioloji), ictimai (sosial) və mənəvi (psixoloji) amillər qarşılıqlı vəhdətdə təzahür edir. Bioloji varlıq kimi insanda yaşamaq instinkti öndədir. Bu özünü qidalanmada və təhlükəsizlikdə ehtiva edir. İctimai həyat əsasən fərdlərin yaşayış uğrunda mübarizəsi olduğundan bu mübarizədə mühitə uyğunlaşanlar qalib gəlir. İnsanı xarakterizə edən mənəvi (psixoloji) dəyərlər isə bir qayda olaraq sonda gəlir. Gürcüstanda yaşananlara bu prizmadan yanaşsaq gürcü xalqı özünün normal yaşayışını və təhlükəsizliyini Rusiya ilə əlaqələrdə görür. Qərbin 2008-ci ildə Gürcüstan xalqını tək buraxmasını yaddan çıxarmayıb. Bu gün hər bir vicdanlı insan Ukrayna xalqının üzləşdiyi fəlakətə görə üzülür. Qərbin qorxaq, riyakar, ikili standartlar siyasətini, elan etdiyi dəyərlərə sadiq olmamasını, həmin dəyərləri müdafiə etmək üçün fədəkarlıq etməməsini, Ukraynanı əzablı, tədrici "ölümə" aparan siyasət yürütməyə təhrik etməsini və indi ona dəstək olmamasını gürcü xalqı da görür. Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər. Müxalifət isə seçkilərdə sosial - iqtisadi, hüquqi dövlət quruculuğu sahəsindəki nöqsanlardan, problemlərdən daha çox, diqqəti İvanaşvilinin ruspərst olmasına yönəltdi və acı məğlubiyyətlə üzləşdi. Gürcü xalqı regional əməkdaşlıq və regional təhlükəsizlik siyasətinə üstünlük verdi.
- Müxalifətin etiraz aksiyaları Gürcüstanda siyasi böhran yarada bilərmi?
Bu ehtimal çox azdır. Dövlətin daxildən təhlükəsizliyini təmin edən əsas dövlət orqanı polisdir. Daxili İşlər Naziri isə müxalifətin lideri, prezident Zurabişvilinin telefonunu belə qaldırmır. Ordunun da müxalifətə dəstək verib çevriliş edəcəyi az inandırıcıdır. Gürcüstanda o zaman hakimiyyət dəyişikliyi baş verə bilərdi ki, Rusiya Ukraynada döyüş meydanında uduzsun. Amma Ukrayna savaşı bəzilərinin iddia etdiyi kimi Rusiyanın yox, Qərbin, NATO-nun zəifliyini, həm NATO, həm Avropa İttifaqı daxilində ciddi ixtilafların olmasını üzə çıxardı. Bu gün Rusiya əslində kollektiv Qərbə qalib gəlir. Gürcüstan xalqı da bunun fərqindədir. Ona görə Qərb deyib vay-şivən qoparanların məğlub olacaqları gözlənilən idi.