• 15 Yanvar 2025
logo
“Bu saziş erməni təxribatlarına yol aça bilər”-Qüdrət Həsənquliyev

“Bu saziş erməni təxribatlarına yol aça bilər”-Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Ermənistanla ABŞ arasında imzalanmış strateji tərəfdaşlığa dair müqavilənin Ermənistan-Azərbaycan münasibətlərinə təsiri barədə fikirlərinizi öyrənmək istərdik…

- ABŞ erməni diasporasının çox güclü olduğu iki ölkədən biridir, digəri Fransadır. Erməni diasporası isə türklərə nifrət edən bir toplumdur. Onların ABŞ-nin hər iki partiyadan olan aparıcı siyasətçilərinə, mediaya güclü təsirləri var. Bəzilərini pulla, göstərdikləri xidmətlər qarşılığında ələ alıblar, bəzilərini şantajla, yaxud xristian həmrəyliyi, islamafobiya ilə manipulyasiya etməklə iradələrinə tabe etdiriblər və s. Məhz bunun nəticəsi olaraq ABŞ 1992-ci ildə, Elçibəyin prezidentliyi dönəmində, separatizm və işğalla üzləşmiş Azərbaycana sanksiya tətbiq etdi, ölkəmizi ABŞ-nin dövlət dəstəyindən məhrum etdi. ABŞ-nin bu qərarı erməni işğalçılarını daha da ruhlandırdı, onlar işğalı daha da genişləndirdi. Tarixdə ilk dəfə idi ki, qanlı separatizmlə və təcavüzlə üzləşmiş bir ölkə, demokratik və dünyanın super gücü olan ABŞ-nin ağlasığmaz, beynəlxalq hüquqa qarşı olan davranışı ilə qarşılaşmışdı. ABŞ-nin erməni işğalına açıq və dolayı dəstəyi, Ermənistanı işğalçı dövlət kimi tanımaması, separatçılara maliyyə dəstəyi verməsi, onun münaqişəyə yanlış, mən deyərdim cinayətkar yanaşması, ikili standartlar siyasəti keçmiş sovet respublikalarında etnik qarşıdurmalara, qanlı savaşlara yol açdı, ən azından buna ciddi töhfə verdi. ABŞ-nin Ermənistanla strateji tərəfdaşlığa dair saziş imzalaması Ermənistandakı revanşistləri daha da ruhlandıracaq. Bu saziş erməni təxribatlarına yol aça bilər. Amma ermənilər anlamalıdırlar ki, ABŞ-nin 2020-ci ilə qədər Ermənistana verdiyi dəstək onlara işğalı sona qədər davam etdirməyə kömək etmədi və onlar böyük məğlubiyyətlə üzləşdilər. Ona görə, tarixdən dərs almalı və sülh üçün Azərbaycanın şərtlərini qəbul etməli, qonşularla dostluq və əməkdaşlıq siyasətinə üstünlük verməli, xaricdən himayədar axtarışına son qoymalıdırlar.

- ABŞ-nin yeni prezidenti Azərbaycanla münasibətlərdə yaranmış gərginliyin aradan qaldırılması istiqamətində addımlar ata bilərmi?

- Trampın ətrafında ermənipərəst və Rusiyayönümlü adamlar çoxdur və onların Trampa təsiri böyükdür. Trampın özü də Putinə pərəstiş edən bir şəxsdir. Ona görə birmənalı fikir söyləmək, proqnoz vermək xeyli çətindir. Trampın seçki öncəsi bizə münasibətdə bəzi həqiqəti əks etdirməyən açıqlamaları olub. Azərbaycan prezidenti yeni administrasiya ilə münasibətləri tənzimləməyə hazır olduğunu bildirib. Hər şey Trampın nə qədər müdrik, müstəqil və cəsarətli olmasından asılı olacaq. Ona ermənipərəst ətrafının ciddi təzyiqinin olduğu gün kimi aydındır. Amma güclənən Türkiyə faktoru və ona yəhudi diasporasının da təsiri var. Tramp bizim yerləşdiyimiz coğrafiyanın çətinliklərini, Azərbaycanın regiondakı rolunu və əhəmiyyətini anlaya bilsə, münasibətlərdəki gərginliyi azaltmaq olar. Hər halda onun prezidentliyi dönəmində torpaqlarımızı işğaldan azad etmişik. Yaxşıya ümid etməliyik. Tezliklə bir çox məsələlərə aydınlıq gələcək.