• 26 Dekabr 2024
logo
İlham Əliyev dövlətçiliyin keşiyində, antimilli qruplar hakimiyyət eşqində...

İlham Əliyev dövlətçiliyin keşiyində, antimilli qruplar hakimiyyət eşqində...

Hər bir dövlətin idarəçilik sisteminin effektivliyi, ilk növbədə mövcud hakimiyyətin qəbul etdiyi qərarların düzgünlüyündən və ölkənin strateji maraqlarına cavab verməsindən asılıdır. Səmərəli idarəçilik, həmçinin qəbul olunmuş qərarları icra edəcək kadrların peşəkarlığı ilə də sıx bağlıdır. Əgər düzgün siyasət iqtidarın uzaqgörənliyi, praqmatizmi, qətiyyəti, prinsipiallığı və təmkinli davranışı ilə şərtlənirsə, kadr siyasətinin uğuru qəbul olunmuş qərarların vaxtında və tam yerinə yetirilməsindən, o cümlədən qarşıya qoyulan vəzifələrin, ortaya çıxan ictimai problemlərin həllində optimallıq, operativlik və icra intizamından asılıdır.
Sosializmin banisi Vladimir Lenin 1917-ci il inqilabından sonra bolşeviklərin kadr siyasətini formalaşdırarkən belə bir fikir ifadə etmişdi ki, “hər bir aşpaz dövləti idarə edə bilər”. Əslində, Lenin bu fikirlə bolşevikləri başa salmaq istəyirdi ki, o zaman hakimiyyətdə kadr qıtlığı ilə bağlı yaranmış boşluğu doldurmaq üçün mövcud təcrübəli kardlar vasitəsilə qısa zamanda sadə insanları öyrətmək və dövlət idarəçiliyinə cəlb etmək lazımdır. Lakin bolşeviklər ictimai-siyasi və sosial-mədəni həyatın bütün sahələrində keçmişlə bağlı hər şeyi inkar edərək, minlərlə peşəkar siyasətçiyə, iqtisadçıya, mədəniyyət və təhsil xadimlərinə, çoxsaylı mütəxəssislərə acı bir tale yaşatdı ki, bu da sonrakı illərdə ölkəyə çox ciddi problemlər bahasına başa gəldi.
Əminliklə deyə bilərik ki, 1992-ci ildə qısa müddətdə hakimiyyəti ələ keçirmiş xalq cəbhəsi-müsavat hökuməti də Azərbaycan cəmiyyətinə oxşar problemlər yaşatdı. O zaman müxtəlif vəzifələrdə təmsil olunan peşəkar kadrlar təzyiq və təqibə məruz qoyularaq iş başından uzaqlaşdırıldı. Hakimiyyətin həyata keçirdiyi “kadr siyasəti” sayəsində təcrübəsiz populistlər, qoluzorlular, başıpozuqlar mühüm postlara gətirildi və nəticədə ölkə xaos və anarxiyaya sürükləndi. Ən acınacaqlısı isə o idi ki, müharibə vəziyyətində olan bir ölkənin yeni formalaşan hərbisinin, polisinin və s. qurumların başına Rəhim Qazıyev, İsgəndər Həmidov, Leyla Yunus və onlar kimi digər səriştəsiz, iddiaları ilə imkanları uyğun gəlməyən, bəzən xarici ölkələrin xüsusi xidmət orqanlarına bağlı qüsurlu kadrlar təyin edildi. Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparan ayrı-ayrı silahlı dəstələrin özbaşınalığı, cəbhədə, polis və prokurorluq orqanlarında hökm sürən hərc-mərclik, kütləvi xəyanət, satqınlıq, əsgər və zabitlərin acınacaqlı durumu, laqeydlik və s. ölkədə adi hala çevrilmişdi.
Həmin dövrdə dövlət katibi postunu tutan Əli Kərimlinin özü parlamentin tribunasından idarəçiliyin acınacaqlı vəziyyətini etiraf etməyə məcbur olmuşdu. Bu etiraf, əslində o dövrdə onun mənsub olduğu hakimiyyətin təkcə hərbi və inzibati sahədə deyil, ictimai-siyasi, sosial-iqtisadi, ümumiyyətlə, cəmiyyət həyatının bütün sahələrində nümayiş etdirdiyi yarıtmaz dövlət idarəçiliyinin göstəricisi idi. Çünki həmin dövrdə nəzarətsizlik, nizam-intizamsızlıq ölkənin bütün daxili həyatına hakim kəsilmişdi. İnkarçılıq prinsipi və emosiyalarla dövləti idarə edənlərin qüsurlu və ziyanlı qərarlarının həm də mənəm-mənəmlik iddiası ilə alışıb-yanan qeyri-peşəkarlar tərəfindən həyata keçirilməsi başqa nəticə verə də bilməzdi. Acınacaqlı nəticələr özünü çox da gözlətmədi. Cəmi bir il müddətində bolşevik təfəkkürlü cəbhə hakimiyyəti Azərbaycan dövlətini anarxiya və xaosa sürükləyərək ciddi təhlükə ilə üz-üzə qoydu...
Sonrakı tarix də hər kəsə bəllidir. Xalq özünün xilaskarına üz tutdu və Elçibəy hakimiyyətini təcrübəli siyasi və dövlət xadimi Heydər Əliyevi təcili şəkildə Bakıya dəvət etməyə məcbur etdi. Heydər Əliyev Bakıya qayıtdı və qısa zaman kəsiyində Azərbaycanı düçar edildiyi o dərin və ciddi böhrandan, milli-vətəndaş qarşıdurmasından çıxarmaq, layiq olduğu inkişafa və rifaha qovuşdurmaq üçün tarixi missiyasını həyata keçirməyə başladı.
Ulu Öndər Heydər Əliyev ölkədə törədilmiş vətəndaş qarşıdurmasını dayandıraraq, daxili sabitlik və milli birlik yaratmaq, Qarabağ münaqişəsi zamanı xalqımızın aldığı dərin yaraları sağaltmaq, qaçqın və məcburi köçkünlərin çoxsaylı problemlərini həll etmək, ölkənin dayanıqlı sosial-iqtisadi inkişafını təmin etmək, qonşularla və beynəlxalq aləmlə hərtərəfli tərəfdaşlıq münasibətləri qurmaq və bu kimi digər mühüm strateji vəzifələrin həlli üçün çox ciddi işlər gördü. Peşəkar kadrları hakimiyyət strukturlarına cəlb edərək dövlət quruculuğu prosesinə başladı, respublikanın geniş maddi və insan resurslarını hərəkətə gətirdi, sistemli və ardıcıl islahatlar apardı və arzu etdiyimiz Azərbaycan dövlətini qurdu.
Bu gün əminliklə söyləmək olar ki, 1993-cü ildə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev qarşıya çıxan əksər problemləri həll etməyə, müstəqil dövləti qurmağa və inkişaf etdirməyə ona görə nail ola bildi ki, o, həm böyük siyasətçiyə xas olan bütün idarəçilik xüsusiyyətlərinə malik idi və buna görə də düzgün qərarlar verirdi, həm də formalaşdırdığı komanda qarşıya qoyulan vəzifələri tələb olunan səviyyədə icra etməyi bacaran peşəkarlardan ibarət idi. Məhz Heydər Əliyevin düzgün daxili və xarici siyasəti və həmin siyasəti həyata keçirən komandanın peşəkarlığı sayəsində dağılmaq və dövlət müstəqilliyini itirmək təhlükəsi qarşısında qalan Azərbaycan xilas edildi və cəmi 10 il ərzində sürükləndiyi mürəkkəb durumdan uğurla çıxaraq, sabit və dayanıqlı inkişaf yoluna qədəm qoydu.

2003-cü ildən sonrakı dövrdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyevin siyasi kursu dönmədən həyata keçirildi, ulu öndərin başladığı mühüm transmilli layihələrin icrası davam etdirildi, ölkəyə daxil olan xarici valyuta səmərəli şəkildə respublikanın ictimai-siyasi və sosial-iqtisadi həyatının bütün sahələrinin modernləşməsi və inkişafına istiqamətləndirildi, vəsaitin böyük bir qismi gələcək nəsillər üçün qorunub saxlanıldı. Bütün bu işlər, qarşıya qoyulmuş vəzifələr, qəbul olunmuş mühüm dövlət proqramları qlobal aləmdə və regionda cərəyan edən mürəkkəb geosiyasi proseslərin fonunda yerinə yetirildiyinə görə, mövcud hakimiyyətdən daha çevik və praqmatik siyasət sərgiləmək tələb olunurdu. Odur ki, son 16 ilin uğurlu nəticələri təkcə qısa zamanda Azərbaycanın qarşısında duran strateji vəzifənin yüksək peşəkarlıqla icrası ilə ölçülmür, həm də Prezident İlham Əliyevin uğurlu bir dövlət rəhbəri olaraq siyasi gücünü, qətiyyətini, prinsipiallığını nümayiş etdirir.
2003-2019-cu illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 1990-cı illərin ortalarında təməli qoyulmuş enerji layihələrini tamamladı, yeni-yeni transmilli layihələrin təşəbbüskarı və fəal iştirakçısı kimi öz liderlik keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi, tərəfdaşları ilə birlikdə Avrasiyanın yeni enerji və nəqliyyat xəritəsinin yaradılmasına mühüm töhfələr verdi. Bu dövrdə ölkənin sürətli və dayanıqlı inkişafı təmin edildi, iqtisadi, sosial, mədəni həyatda inqilabi dəyişikliklər baş verdi. Ən vacibi isə, bütün bu məsələlərə Azərbaycan Prezidentinin müstəqil qərar verməsi, onun hər addımında milli maraqların qorunması, ölkəyə daxil olan vəsaitlərin ilk növbədə milli inkişafa, xalqın rifahına yönəldilməsi idi.
Göründüyü kimi son 25 ildə Azərbaycanda bir tərəfdən hakimiyyətin yürütdüyü düzgün siyasət, onu idarə edən rəhbərlərin güclü iradəsi, prinsipiallığı və qətiyyəti, digər tərəfdən də komandanın peşəkarlığı irəli sürülən ən mürəkkəb planların reallığa çevrilməsini təmin etdi və ölkəni davamlı inkişaf yoluna çıxardı.
2003-cü ildə “mən hər bir azərbaycanlının prezidenti olacağam” deyən cənab İlham Əliyev keçən illər ərzində hər bir vətəndaşın probleminə xüsusi qayğı və həssaslıqla yanaşır. Xalqın problemlərini həm bütövlükdə həll edir, həm də hər bir vətəndaşa fərdi qaydada lazımi qayğı göstərir. Bu dövr ərzində ictimai maraq kəsb edən elə bir məsələ olmayıb ki, cənab Prezident ona diqqət yetirməsin, öz nəzarətinə götürüb cəmiyyətin maraqlarına uyğun həll etməsin. Elə bir ictimai rezonans doğuran hadisə yoxdur ki, dövlət başçısı ona öz prinsipial münasibətini bildirməsin. Elə bir qərar olmayıb ki, onun qəbulunda ilk növbədə dövlətin, xalqın və hər bir vətəndaşın maraqları nəzərə alınmasın.
Hazırda Azərbaycan təkcə Cənubi Qafqazın deyil, postsovet məkanının özünü tam təmin edən qüdrətli bir dövlətinə çevrilib. İndi bu dövlət həm bölgədə, həm də dünyada milli maraqlarına az və ya çox dərəcədə xələl gətirən istənilən təşəbbüsə rahatlıqla “yox” deyə bilir. Bütün bu reallıqlar ölkəmizin nümunəsində güclü lider və peşəkar komandanın necə böyük imkanlara malik olduğunu, ən mürəkkəb vəzifələri belə yerinə yetirmək iqtidarını nümayiş etdirir.
Azərbaycan Prezidentinin və onun peşəkar komandasının sistemli siyasəti, bütün məsələlərdə nümayiş etdirdiyi prinsipial mövqe, əlbəttə ki, bəzən gündən-günə inkişaf edən dövlətimizə rəqib kimi yanaşan xarici aktorların ürəyincə olmur və zaman-zaman ölkəmizə qarşı müəyyən arzuolunmaz təxribatlar törədilir. Əminliklə demək olar ki, dövlət sərhədlərimizdə yaşanmış ən son hadisə olan “Keşikçi dağ” insidenti də bu qəbildən olan təxribat idi. Bununla bağlı bir həftə əvvəl kütləvi informasiya vasitələrinə açıqlama verdiyimdən, bir daha həmin mövzuya qayıtmaq istəmirəm. Lakin bu günün özündə də həmin təxribatı səsləndirdikləri yeni-yeni bəyanatlarla davam etdirən AXCP sədri Əli Kərimli və yaxın ətrafının mövqeyi ilə bağlı bəzi məsələlərə qısaca münasibət bildirməyi zəruri hesab edirəm.

Keçən dövrün ictimai-siyasi proseslərinin təhlil bir daha göstərir ki, 1991-1993-cü illərdə ölkəni təhlükəli böhrana sürükləyən və hakimiyyəti itirdikdən sonra radikal müxalifətçilik yolu tutmuş Əli Kərimli və yaxın ətrafı ötən müddətdə də öz səhvlərindən heç bir nəticə çıxarmayıblar, əksinə radikal antimilli və qeyri-konstruktiv mövqelərini ardıcıl olaraq davam etdiriblər. Bu düşərgənin əsas simaları bəhs etdiyimiz “Keçikçi dağ” insidenti zamanı öz mənfur xislətlərini bir daha ortaya qoydular. Hazırda onların gündəlik davranışı sübut edir ki, ümumiyyətlə, bu insanlarda keçən 30 ildə heç bir pozitiv keyfiyyət dəyişikliyi baş verməyib, bütün məsələlərə yenə də eyni prizmadan, yalnız mənfi rakursdan yanaşma xəttini davam etdirirlər. Əli Kərimli və ətrafının bir dəfə də olsun mövcud iqtidarın əldə etdiyi və bütün dünyanın diqqətini çəkən hər hansı bir uğurunu etiraf etməyə cürətləri çatmayıb. Öz inkarçılıq xəttlərini şiddətlə davam etdirərək hər şeyi qaralayan, bütün müsbət nəticələri inkar edən bu qaragüruh dəstə elə öz hərəkətlərinə görə də ölkə əhalisinin etimadını qazana bilmir. Azərbaycanda hardasa bir ağacın budağı qırıldı, hardasa leysan yağdı və yaxud sel gəldi, dolu düşdü və əkin- biçinə ziyan dəydi, zəlzələ oldu və hansısa ev xəsarət aldı, elektrik stansiyasında qəza baş verdi, yanğın oldu, avtobus aşdı, xəstəxanada ölüm halı baş verdi, bir vətəndaş intihar etdi - bir sözlə, ölkədə və bütün dünyada mənfi yönlü nə olursa, “mövcud iqtidar günahkardı, hakimiyyət hara baxır”,- deyə haray-həşir salırlar, kampaniya aparırlar. İqtidara qarşı təkidlə həyata keçirdikləri belə inkarçılıq xətti onların xislətində elə mənfi fəsadlar yaradıb ki, artıq hakimiyyətlə dövlət arasındakı sərhədləri də çoxdan itiriblər.
Məsələn, baş vermiş son “Keşikçi dağ” insidenti barədə müvafiq dövlət qurumları anındaca Azərbaycan Prezidenti cənab İlham Əliyevə məruzə etmiş, məsələ dövlətimizin başçısı tərəfindən xüsusi nəzarətə götürülmüş və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilmişdir. Bundan başqa, respublikamızın Dövlət Sərhəd Xidməti, Xarici İşlər Nazirliyi və digər müvafiq qurumlar bütün zəruri tədbirləri həyata keçirmiş, “Keşikçi dağ” məntəqəsində hadisələrin nəzarətdən çıxmasına imkan verməmiş, orada xidmət göstərən sərhəd dəstəsinin ahəngdar fəaliyyətini bərpa etmişlər. Müvafiq dövlət qurumları baş vermiş hadisə və görülmüş işlər barədə zamanda içtimaiyyətə açıqlamalar verərək, hadisənin təxribat məqsədi ilə törədildiyini vurğulamışlar. Gürcüstanın bir qrup öyrədilmiş vətəndaşı tərəfindən törədilən həmin hadisə barədə ölkəmizdə fəaliyyət göstərən kütləvi informasiya vasitələri cəmiyyətimizi dərhal yetərincə məlumatlandırmış, ictimaiyyyətin fəal nümayəndələrinin Azərbaycan əsgərinin təxribata çəkilməsinə qarşı səsləndirdiyi haqlı etirazlarını bütün dünyaya yaymışlar. Bəyanatlarda həm Azərbaycan iqtidarı və cəmiyyətinin, həm də Gürcüstan hökuməti və vətəndaşlarının mütləq əksəriyyəti tərəfindən təəssüflə qarşılanan bu təxribatın xalqlarımız və dövlətlərimiz arasında tarixi qonşuluq münasibətlərinə, strateji tərəfdaşlığa, birgə həyata keçirilən transmilli layihələrə, əməkdaşlıq və yaxşı gələcək uğrunda birgə imkanlara zərər vurmaq üçün planlaşdırıldığı və həyata keçirildiyi qeyd olunmuşdur.
Bir faktı da yada salmaq istəyirəm ki, 2005-ci il oktyabrın 12-də Prezident İlham Əliyev həmin ərazidə Azərbaycan-Gürcüstan sərhədinin mühafizəsi ilə şəxsən tanış olmuş və lazımi tapşırıqlarını vermişdir. 2007-ci il dekabrın 19-da isə Azərbaycan Prezidentinin sərəncamı ilə Ağstafa rayonu ərazisindəki Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksi Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilmişdir. Bu faktlar bir daha onu göstərir ki, Əli Kərimli və tərəfdarlarının yalançı bəyanatlarının əksinə olaraq, Prezident İlham Əliyev həmişə Azərbaycan torpaqlarının hər qarışına böyük məsuliyyət, məhəbbət və qayğı ilə yanaşır. Elə bu məsuliyyətin, böyük vətən sevgisinin nəticəsidir ki, hazırda Azərbaycan Silahlı Qüvvələri keçmiş hakimiyyətlər dövründə olduğu kimi, “pərakəndə və nizamsız bir hərbi birləşmə”dən ibarət deyil, müasir maddi-texniki təchizata malik olan dünyanın ən güclü əlli ordusu sırasında yer alan ordudur.
İlham Əliyev prezident seçildiyi gündən bəri Azərbaycan əsgəri xalq cəbhəsi hakimiyyətinin dövründən fərqli olaraq bir metr də olsun torpaq itirməyib, əksinə, şanlı ordumuz 2016-2018-ci illərdə xalqımızın iftixarla xatırladığı hərbi əməliyyatlar keçirərək, işğal olunmuş ərazilərimizin xeyli hissəsini azad edib. İndi Naxçıvanda və Füzuli rayonunda müqəddəs bayrağımızın dalğalandığı strateji yüksəkliklər gələcək döyüşlərdə Azərbaycan əsgərinin qısa vaxt ərzində qələbə qazanması baxımından böyük əhəmiyyətə malikdir.
Tərəfdarlarının sayı “Keşikçi dağ”da Azərbaycan əsgərini təxribata çəkmək istəyənlərdən bir o qədər də çox olmayan AXCP sədri Əli Kərimli və ətrafı neçə gün dalbadal həmin insidentin böyüməsinə dəstək verərək, sosial şəbəkələrdə “zəif və iradəsiz hakimiyyət” obrazı yaratmağa çalışdı, dövlət rəsmilərinin bu istiqamətdəki soyuqqanlı qərarlarını, təmkinli, ölçülü-biçili bəyanatları və fəaliyyətini təhrif etdi, əllərinə fırça alaraq Silahlı Qüvvələrimizin reputasiyasına qara yaxmaq istiqamətində xarici şəbəkələrdə əməlli-başlı “rəssamlıq” etdilər. Açıq desək, Azərbaycanı və Gürcüstanı qarşıdurmaya, konfliktə sürükləyərək zəiflətmək, bununla özlərindən asılı vəziyyətə salmaq istəyən qüvvələrin qurduğu bu oyuna əyinlərinə “Milli Şura” forması geyinən Əli Kərimli və dəstəsi məhz təxribatçı rolunda qatıldı. Odur ki, mən ilk növbədə, siyasi davranışları dövlət və idarəçilik zehniyyətinə tərs mütənasib olan, “bir dövləti qurmağa uzun illər, dağıtmağa isə bir neçə saat lazımdır” həqiqətini hələ də dərk etyməmiş Əli Kərimliyə həmin aforizmin müəllifi, məşhur ingilis şairi və siyasətçisi Lord Bayronu oxumağı yox, daha çox öz keçmişinə nəzər salmağı tövsiyyə edirəm.
Heç kim unutmayıb ki, Əli Kərimlinin təmsil olunduğu hakimiyyətin Surət Hüseynovun hərbi qiyamının qarşısını almaq üçün Gəncəyə göndərdiyi bütün yüksək vəzifəli şəxslər bir neçə günün içərisində bir-birinin ardınca əsir düşdülər. Onlar heç də sərhəddə keşik çəkən gənc əsgər deyildilər, hər biri onlarla silahlı cangüdənlərin müşayiətilə gəzən, dövlətin, xalqın təhlükəsizliyinə cavabdehlik daşıyan “məsuliyyət sahibləri” idilər. Nədənsə, 709 saylı hərbi hissənin heç həndəvərinə çatmamış məsuliyyət hisslərini də, silahlarını da, bəziləri hətta simalarını da itirdilər. Hər halda, Əli Kərimli çox yaxşı xatırlamalıdır ki, onun dövlət katibi olduğu hakimiyyətin baş prokuroru bir sillədən sonra öz prezidentinin həbsinə sanksiya verdi. Elə, silahdaşlarının məlumatına görə, Əli Kərimlinin özü də Əbülfəz Elçibəyin vəfat etdiyi gün onun birinci müavini ola-ola öz sədrinin əleyhinə “Azadlıq” qəzetində biabırçı yazılar yazdırıb, təhqir dolu məqalələrin yayımlanmasını sifariş edib. Əlbəttə, bu faktdan sonra Əli Kərimli ilə həmin baş prokuror arasında hansısa mənəvi keyfiyyət fərqinin olmadığı aydın görünür. Elə cəsarət fərqindən də çox danışmağa, məncə, ciddi lüzum yoxdur. Çünki 1993-cü ilin yayında Əli Kərimlinin dövlət katibi olaraq Prezident Aparatından çıxmağa saatlara cürət etməməsinin, axırda köməkçisinin arxasında gizlənə-gizlənə xidməti avtomobilinə oturaraq qaçmasının şahidləri hələ ki, sağdırlar...
Bəli, Prezident İlham Əliyev və onun sadiq komandası, Azərbaycanın əksər dövlət qurumları, bütün silahlı qüvvələrimiz hər zaman olduğu kimi, bu gün də müstəqilliyimizin, dövlətçiliyimizin, milli maraqlarımızın keşiyində möhkəm dayanıblar, Əli Kərimlinin timsalında fərarilikləri və xəyanətləri küll-aləmə bəlli olan antimilli qruplar və xarici ölkələrin iaşə obyektlərində vurnuxaraq anti-Azərbaycan fəaliyyəti sərgiləyən bəzi azərbaycanlı adını daşıyanlarsa yenə də hakimiyyət eşqindədirlər! Əlbəttə ki, ölkəmizdə fəaliyyət göstərən əksər sağlam müxalifətçilərdən və xaricdə yaşayan vətənsevər soydaşlarımızdan söhbət getmir. Onlar da bu reallığı yaxşı görür və dərk edirlər.

Əli HƏSƏNOV,
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi