• 26 Dekabr 2024
logo
"Azərbaycan "MİQ 29" qırıcılarından imtina etməlidir"

"Azərbaycan "MİQ 29" qırıcılarından imtina etməlidir"

"Azərbaycan "MİQ 29" qırıcılarının istifadəsindən imtina etməlidir
Millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev belə deyib.
BAXCP sədrinin sözlərinə görə, bu təyyarələrə sahib olan ölkələrin əksəriyyətində oxşar qəzalar baş verir: “Bundan əlavə bildiyim qədər biz keçmiş müdafiə naziri Səfər Əbiyevin zamanında Rusiyadan və Ukraynadan bu model köhnə, təmir olunmuş təyyarələr almışıq, çoxu xeyli köhnəlib. Biz pilotlarımızın həyatını riskə atmamalıyıq. İnternet resurslarında kiçik bir axtarış etsəniz bu təyyarələrin nə qədər etibarsız olduğuna əmin olarsınız".
Qeyd edək ki, MiQ-29 qırıcılarının tez-tez qəzaya uğramaları ilə bağlı faktlar da Qüdrət Həsənquliyevin öz çağırışında haqlı olduğunu sübuta yetirir.
Son 10 il ərzində MiQ-29 qırıcılarının yalnız istehsalçı ölkə ərazisində baş verən qəzaları və fəlakətlərinin xronologiyasına nəzər salaq: 2008-ci ilin əvvəlindən etibarən, Rusiya Federasiyasının özündə belə MiQ-29 qırıcılarının müxtəlif modifikasiyaları 13 qəza ilə üzləşib. Qəzalarda 7 nəfər ölüb.
Bu qəzalardan bir neçəsini oxucularımızın diqqətinə təqdim edirik:
1. 2008-ci ilin oktyabrın 17-də Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin 120-ci qırıcı aviaqanadının MiQ-29 qırıcısı (bort nömrəsi “11 ağ”) Çita vilayətinin Xadakta kəndi yaxınlığında bataqlıq ərazidə yerə düşdü. Qəzaya səbəb kimi korroziya və metal yorğunluq çatlamaları göstərildi. Pilot kapitan Mixail Polorotov katapult edərək sağ qaldı.
2. 2008-ci ilin dekabrın 5-də Çita bölgəsindəki İnqoda kəndindən 700 metr şimal-qərbdə Rusiya Hərbi Hava Qüvvələrinin 120-ci qırıcı aviaqanadının MiQ-29 qırıcısı (bort nömrəsi “55 ağ”) qəzaya uğradı və pilot polkovnik-leytenant Valerian Kokarev həlak oldu. 17 oktyabrda bənzər bir hadisədə olduğu kimi, bu fəlakətə də səbəb kimi korroziya və metal yorğunluğu göstərildi.
3. 2009-cu ilin iyulun 15-də Andreapol (Tver vilayəti) - Perm marşrutu ilə uçuşda, Rusiya Hərbi Hava Qüvvələrinin 28-ci qırıcı aviasiya alayının MiQ-29 təyyarəsinin buraxılış qapağının nasazlığı səbəbiylə kabin germetikliyi pozuldu. Pilot polkovnik-leytenant İqor Stepnov təyyarəni təyin olunan aerodroma endirməyə müvəffəq oldu, lakin enmədən bir neçə saat sonra hospitalda beyninə maye toplanmasından öldü.
4. 2011-ci ilin iyunun 23-də Həştərxan vilayətinin Axtubinski rayonundakı Kabakovo kəndi ərazisində 929-cu Rusiya Hərbi Hava Qüvvələrinin Dövlət Sınaq Mərkəzinin MiQ-29KUB göyərtə qırıcısının (bort nömrəsi “927 mavi”) sınaq uçuşu zamanı fəlakət baş verdi. Qırıcı mühərrikləri maksimum rejimdə 2700 m yüksəklikdən enərək yarım halqa döngəni həyata keçirərkən toprağa çırpıldı. Ekipaj üzvləri polkovnik Aleksandr Krulalin və polkovnik Oleq Spiçka (2012-ci ildə hər iki pilot ölümündən sonra Rusiyanın Qəhrəmanı adına layiq görüldü) həlak oldular. Fəlakətin ehtimal olunan səbəbləri arasında qanadın bükülmə mexanizmində nasazlıq göstərildi.
5. 2012-ci ilin sentyabrın 6-da Çita vilayətindəki Domna hava limanının yaxınlığında Rusiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının 3-cü komandanlığının 412-ci aviabazasının MiQ-29 qırıcısı (bort nömrəsi “12 ağ”) aşağı hündürlükdə gecə uçuşunda pilotaj fiquru yerinə yetirərkən yüksəlmədən çıxa bilmədi və təpəyə çırpıldı. Beş il əvvəl yanan MiQ-29 təyyarəsini endirməyi bacaran pilot - polkovnik-leytenant Albert Haciyarov həlak oldu. Qəza versiyaları arasında idarəetmə və ya həyatı dəstəkləmə sistemlərinin nasazlığı, pilot səhvi və ya karbonmonoksit qazı ilə pilotun zəhərlənməsi yer aldı.
6. 2014-cü ilin iyulun 27-də də Həştərxan vilayətinin Privoljsk rayonunun Streletskoe kəndi ərazisində planlı təlim uçuşu yerinə yetirərkən 185-ci Rusiya HHQ-nin döyüş hazırlığı və döyüş tətbiqi təlim Mərkəzinin MiQ-29 qırıcısı (bort nömrəsi “29 mavi”, qeydiyyat nömrəsi RF-47105) qəzaya uğradı. Pilot polkovnik-leytenant Aleksey Dvinyaninov həlak oldu. Qəzaya səbəb kimi texnikanın nasazlığı ehtimal edildi.
7. 2014-cü ilin dekabrın 4-də Moskva vilayətinin Voskresenski rayonunun Çemodurovo kəndi ərazisindəki MiQ-29KUB göyərtə qırıcısı (qeydiyyat nömrəsi “204 qara”) təlim uçuşu zamanı Jukovskiydəki aerodroma qayıdan zaman yerə düşdü. Sınaq pilotları Sergey Rıbnikov və Vadim Selivanov katapult etdilər və ağır vəziyyətdə xəstəxanaya yerləşdirildilər. Dekabrın 6-da Rıbnikov xəstəxanada öldü. Qəzaya səbəb kimi qırıcının nasazlığı göstərildi. Təyyarə onu hazırlayan MiQ korporasiyasına məxsus idi.
8. 2015-ci ilin iyunun 5-də Rusiya Hərbi Hava Qüvvələrinin MiQ-29UB qırıcısı (bort nömrəsi “15 mavi”, qeydiyyat nömrəsi RF-92191) Həştərxan vilayətindəki Aşuluk poliqonu ərazisində qəzaya uğradı. Pilotlar polkovnik-leytenat Viktor Tarola və kapitan Aleksey Titarenko katapult etsələr də xəsarət aldılar (birincisi çox ağır vəziyyətdə, ikincisi travmatik beyin xəsarəti və sınıqlar ilə orta ağırlıq vəziyyətində) və hospitala yerləşdirildilər. Qırıcı tamamilə məhv oldu. Qəzaya səbəb kimi texnikanın nasazlığı ehtimal edildi.
9. 2015-ci ilin iyulun 3-də Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təlim-döyüş uçuşunu həyata keçirən MiQ-29 qırıcısı, Krasnodar diyarındakı Kuşçevskaya aerodromundan 8 km məsafədəki Nardeqin kəndi yaxınlığında sursatsız qəzaya uğradı. Pilot Rusiya Federasiyası Silahlı Qüvvələrinin Uçuş Təhlükəsizliyi Xidmətinin rəisi, general-mayor Aleksandr Berzan katapult edərək sağ qaldı və xəsarət almadı. Təyyarə tamamilə məhv oldu. Qəzaya səbəb mühərrikdəki yanğın göstərildi.
10. 2016-cı ilin noyabrın 14-də Aralıq dənizində təlim uçuşları zamanı göyərtə qırıcısı MiQ-29K “Sovet İttifaqı Donanması admiralı Kuznetsov” ağır təyyarə daşıyan kreyserə enmə zamanı qəzaya uğradı. Pilot katapult etdi və xilas edildi.
Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, qəzaya texniki nasazlıq səbəb olub. Media isə əvvəlki təyyarənin enməsi zamanı gəmidə aerofinişerin qırılmasını və havadakı qırıcı pilotuna nasazlığın nəticələrinin aradan qaldırılmasına qədər gözləməyin əmr edildiyini iddia edir. Nəticədə, gözləmə zonasında uçan qırıcının yanacağı tam azalır və pilot məcburiyyətdən enməyə məcbur olur.
11. 2017-ci ilin aprel ayında Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal Donanmasının 100-cü əlahiddə dəniz qırıcı aviasiya alayından olan MiQ-29K qırıcısı (bort nömrəsi “41 mavi”) Murmansk vilayətindəki sahil aerodromuna enərkən çevrildi. Pilot xəsarət almadı, təyyarə isə zədələndi.
12. 2018-ci ilin oktyabrın 5-də M.M.Qromov adına Rusiya Uçuş Araşdırma İnstitutunun MiQ-29UB qırıcısı təcrübə uçuşu həyata keçirən zaman Moskva vilayətinin şərqində yerləşən Jukovski şəhərindəki Lİİ aerodromundan 50 km məsafədə qəzaya uğradı. İlkin məlumatlara görə, qəzaya mühərrikdə baş veən yanğın səbəb oldu. Ekipaj üzvləri sınaq pilotları Evqeni Krutov və Mixail Kondratenko təyyarəni boş bir əraziyə yönəldə bildilər və katapult etdilər. Kondratenko onurğalarından birinin sınığı ilə xəstəxanaya qaldırıldı, Krutovun isə tibbi yardıma ehtiyacı olmadı.
Azərbaycanda isə MiQ-29 qəzası ikinci dəfədir ki, baş verir. Azərbaycan 2005-2007-ci illərdə Rusiyada istehsal olunan 12 ədəd MiQ-29 və 2 ədəd MiQ-29UB təyyarəsini Ukraynadan ixrac edib.
Azərbaycanda ilk qəza 2008-ci ilin yanvarın 29-da Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsinin təlim uçuşu zamanı baş verib. Qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot - polkovnik-leytenant Fəxrəddin Əsgərov və kapitan Əfqan Aslanov həlak oldular. Ə.Aslanovun cəsədi bir neçə gün sonra dənizdən aşkarlansa da, Fəxrəddin Əsgərovun meyitini tapmaq hələ də mümkün olmayıb. 11 il əvvəl itirdiyimiz şəhid polkovnik-leytenant Fəxrəddin Əsgərovu dəfn etmədən eyni model qırıcıda ikinci polkovnik-leytenant Rəşad Atakişiyevi itirməyimiz ölkəmiz və ordumuz üçün, xüsusən də yaxınları və kollektivi üçün böyük itkidir. Bir pilotun bu rütbəyə və səviyyəyə qədər yetişdirilməsi üçün azı 20 il zaman, milyonlarla vəsait və dünya qədər zəhmət, enerji sərf edilir...