Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda “Ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinin regional təhlükəsizlik üçün nəticələri” adlı kitab çapdan çıxıb.
Tarix İnstitutundan verilən məlumata görə, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və digər fundamental tədqiqatlar kimi bu əsər də Prezident İlham Əliyevin çağırışlarına cavab olaraq yazılıb.
Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində “Azərbaycan Tarixçiləri” İctimai Birliyi (ATİB) tərəfindən nəşr olunub.
Kitabın müəllifləri Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov və institutun “Qarabağ tarixi” şöbəsinin müdiri, dosent Güntəkin Nəcəfli, texniki redaktoru isə ATİB-in sədri, dosent Mehri Xanbabayevadır.
Əsər Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub.
Qeyd edək ki, son illərdə QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihələr çərçivəsində ATİB tərəfindən “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası”, “Çuxursəd hakimləri və İrəvan xanları” əsərləri nəşr olunub və müxtəlif dünya dillərinə tərcümə olunaraq xarici ölkələrdə yayılıb.