Qüdrət Həsənquliyev: “Onlara verilən məvacib bir çox hallarda normal qidalanmalarına kifayət etmir”
“Cavid deyirdi ki, sürüklənən bəşəriyyət qadınla yüksələcək. Mən Bahar xanımın (Bahar Muradova) məlumatı ilə tanış oldum. Buna görə Bahar xanıma təşəkkür edirəm. Həqiqətən də bizim üçün çox əhatəli bir məlumat hazırlayıb. Çox təqdirəlayiq haldır ki, ilk dəfə belə bir məlumat Milli Məclisə daxil olur. Biz bunu xüsusi qiymətləndirməkliyik”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı səsləndirib. Millət vəkili bildirib ki, bu məlumatda ürək ağrıdan bir informasiya ilə tanış olduq ki, 15-17 yaş arası təqribən 2129 uşaq ana olub: “Bu da təqribən 3500-ə qədər uşaq evliliyi deməkdir. Əlbəttə, bu cəhalətdən irəli gəlir. Həm də açıq söylətirəm ki, bu müəyyən mənada bizim dinimizdən də qaynaqlanır. Vaxtilə qız uşaqlarını erkən yaşlarında ərə verirdilər. Çox təəssüf ki, bu pis ənənə bu gün bizim, xüsusilə də regionlarımızda, kənd yerlərində qalmaqdadır. Mən hesab edirəm ki, bu məsələnin aradan qaldırılması həm də vaxtilə qəbul etdiyimiz “Təhsil haqqında qanun”dan da qaynaqılanır. O vaxt mən qeyd elədim ki, bizim Konstitusiyanın 42-ci maddəsinə görə, faktiki surətdə Azərbaycanda orta təhsil icbari idi. Amma sonra “Təhsil haqqında” Qanuna götürüb konstitusiyaya zidd olaraq tam orta təhsil də əlavə elədik. Nəticədə qız uşaqlarının çoxu təqribən 15 yaşdan - 9-cu sinifdən sonra məktəblərdən kənarda qalırlar. Bunlar nə ilə məşğul olsunlar? Xüsusilə kənd yerlərində iş yerləri yoxdur. Ona görə də ancaq valideynləri onları Bahar xanımın məruzəsində qeyd olunduğu kimi yük hesab edir və onları ailə həyatı qurmağa məcbur edirlər. Konstitusiyanın o müddəasına bizim sayğısız yanaşmağımız həm də milli maraqlarımıza zidd bir məsələdir. Ona görə də, hesab edirəm, Bahar xanım, “Təhsil haqqında” Qanunun Konstitusiyaya qeyr-uyğunluğu haqqında Konstitusiya Məhkəməsi qarşısında hökumət üzvü olaraq təşəbbüslə çıxış eləsin. Biz bu məsələyə mütləq yenidən qayıdaq”.
Millət vəkili “ikinci bir ürəkağrıdıcı məqam ondan ibarətdir ki, qadınların orta aylıq əməkhaqqı 333, kişilərin əməkhaqqı isə 663 manatdır”, - deyə əlavə edib: “Məşğul qadınların 42,1 faizi kənd təsərrüfatında çalışır. Kənd təsərrüfatında çalışanlar mövsümi işlərlə məşğul olurlar. Təqribən 6 ay işləyir, 6 ay isə işləmirlər. Xüsusi istixanalarda çalışan qadınları mən istisna edirəm. Mən bu sözü tam məsuliyyətimlə deyirəm. Cənub bölgəsi, Aran bölgəsi, bizim digər bölgərlərdəki kənd yerlərində olanlar bilirlər. Azərbaycanda bu gün faktiki olaraq qadın əməyi qul əməyidir. Xüsusilə də kənd təsərrüfatında çalışanlar üçün. Onlara verilən məvacib bir çox hallarda onların normal qidalanmasına kifayət etmir. Quldarlıq dövründə bir çox hallarda qullara heç olmasa normal yemək verilirdi. Ona görə də kənd təsərrüfatında çalışan qadınların aldığı əmək haqqını 12 aya bölsək görərik ki, bu həddindən artıq az bir vəsaitdir. Müvafiq dövlət orqanları bu barədə ciddi şəkildə düşünməldirlər. Qadınların 18,2 faiz isə ticarətdə çalışır. Onlar da bəzən 10 saat işlədilir. Şənbə, bazar günü də istirahət verilmir. Onlar ayda maksimum 1, yaxud 2 dəfə icazə ala bilərlər. Onların da əməkhaqqı təqribən 200-250 manatdır. Yəni hesab edirəm ki, bu məsələlərə biz xüsusilə diqqət yetirməliyik. Sonda biz gördük ki, dövlət idarəetmə orqanlarında çox az sayda qadın çalşır. Faiz nisbəti deyilməsə də, hesab edirəm ki, biz bunu bir neçə il ərzində qanunla tənzimləyə bilərik. İnkişaf etmiş Avropa ölkələrinin bir çoxunda hər hansı cinsin nümayəndəsi dövlət idarəetməsində 60 faizdən çox ola bilməz. Yəni 60 faiz ya qadın, ya da kişi ola bilər. Ona görə də onu bir neçə il ərzində Azərbaycanda tətbiq edə bilərik. Bəzi hallarda administrativ metodlardan istifadə etməyə imkan yaranır. Hesab edirəm ki, biz, həm də din xadimlərinin imkanlarından istifadə etməliyik. Qafqaz Müsəlmanları İdarəsi bu istiqamətdə çox böyük iş görür. Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti ilə birgə layihələr həyata keçirirlər. Din xadimləri də qadın hüquqlarını və təhsili təbliğ etməlidirlər”.
Əli Zülfüqaroğlu