• 26 Dekabr 2024
logo
Vitse-spiker: "Azərbaycan “İsgəndər-M” ilə bağlı Ermənistandan rəsmi cavab tələb edir"

Vitse-spiker: "Azərbaycan “İsgəndər-M” ilə bağlı Ermənistandan rəsmi cavab tələb edir"

"​İşğal altında olan ərazilərimiz hər zaman yerli və xarici gündəliklərimizdə əsas yer tutan məsələlərdən biri olub. Belə ki, düşmənin 30 ilə yaxın müddət davam edən özbaşınalıqlar, habelə işğalla yanaşı, müxtəlif vaxtlarda həyata keçirdiyi təxribatlar barədə həqiqətlərin dünyaya çatdırılması daim bizim üçün prioritet məsələ olub".

Bunu Milli Məclisin sədrinin müavini Adil Əliyev deyib.

Sədr müavini qeyd edib ki, Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda Vətən müharibəsində Ermənistan tərəfinin Azərbaycanın mülki əhalisinə qarşı həyata keçirdiyi hücumlarına diqqət çəkərək, bununla düşmən dövlətin beynəlxalq humanitar hüququn tələblərini pozmasını bildirib: "Ermənistan tərəfinin müharibə dövründə mülki əhalimizin yaşadığı və cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrimizi ağır silahlardan atəşə tutması, Gəncə şəhərinə ballistik raketlərin atılması Ermənistanın əsl simasını dünyaya bir daha nümayiş etdirdi. Ballistik silahlardan mülki əhaliyə qarşı qəddarcasına istifadə edilməsi Ermənistanın təcavüzkar xislətinin bariz nümunəsidir. Bu raketlərin əsas hədəfi mülki əhalinin yaşadığı evlər idi, atışların gecə vaxtı həyata keçirilməsinin məqsədi isə mülki əhalinin evdə olarkən qətlə yetirilməsi idi.

Lakin buna baxmayaraq, Şanlı Azərbaycan ordusu tərəfindən Hadrutda ermənilər tərəfindən yaşlı olduqları üçün özləri ilə aparmadıqları qocalara normal rəftar edildi, onlar xəstəxanalarda müayinə və müalicə olundu. Sonra Azərbaycan dövləti Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətinə müraciət edərək onların öz ölkələrinə qaytarılmasını təmin edib".

Deputat bildirib ki, Ermənistan silahlı qüvvələri hətta yas mərasiminə belə hücum etməkdən çəkinməyib: "Onların istifadə etdiyi “İsgəndər-M” raketi ilə bağlı məsələ isə hazırda da gündəmdədir. Azərbaycan dövləti olaraq bu gün Ermənistandan bu silahların haradan və necə əldə etdikləri barədə rəsmi cavab tələb edirik. ​Ermənistan müharibədə məğlubiyyətə uğrayıb, çoxlu itki verib və bu gün də bu ölkədə qeyri-sabit, acınacaqlı vəziyyət hökm sürür. Ermənistan artıq bilməlidir ki, Azərbaycanın dəmir yumruğu hər zaman yerindədir və onların qisasçılıq niyyəti özlərinin süqutu ilə nəticələnəcək.

Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbədən sonra bizim əsas amalımız sülhün dəstəklənməsi məqsədilə konstruktiv mövqeyin nümayiş etdirilməsidir. Azərbaycanlılar və ermənilər arasında münasibətlərin qurulması qarşılıqlı istəkdən və siyasətçilərin müdrikliyindən asılıdır. Eyni zamanda, müharibədən sonra biz əməkdaşlığın və sülhün tərəfində olmağımızı bir daha diqqətə çatdıraraq, yalnız Ermənistanla deyil, digər ölkələrlə münasibətlərin müsbət dinamikada inkişafının zəruriliyini bildirmişik. Ermənistan tərəfi də bu əməkdaşlıqda maraqlı olduğunu nümayiş etdirməli və buna səy göstərməlidir. Lakin Ermənistan müharibədə uğradığı məğlubiyyəti həzm edə bilməyərək öz aqressiv hərəkətlərini davam etdirir. Ermənistan bilməlidir ki, inkişaf və əməkdaşlığa nail olmaq üçün bundan sonra onların yeganə yolu, həm Azərbaycana, həm də qardaş Türkiyəyə qarşı iddialardan birdəfəlik əl çəkmək, bu iki dövlətin liderliyi ilə regionda həyata keçirilən nəqliyyat, enerji və digər layihələrdə iştirak etməkdən ibarətdir.

Azərbaycan həmişə regionda sülhü ən çox arzu edən və əmin-amanlığın daim bərqərar olmasına çalışan dövlət olub, habelə, bölgədə söz sahibi olmaqla, qarşılıqlı əməkdaşlığa töhfə verib və verməkdədir".