• 26 Dekabr 2024
logo
"Vətəndaşlar minalar səbəbindən həyatlarını itirirlər" - ABŞ Nümayəndələr Palatasına müraciət edilib

"Vətəndaşlar minalar səbəbindən həyatlarını itirirlər" - ABŞ Nümayəndələr Palatasına müraciət edilib

Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyəti Ermənistanın mina xəritələri ilə bağlı yolverilməz davranışına etiraz əlaməti olaraq bu ölkədəki beynəlxalq təşkilatlara və ABŞ-nın Nümayəndələr Palatasının üzvlərinə məktubla müraciət ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, məktubda deyilir: "Ermənistanın minalanmış ərazilərlə bağlı məlumat verməkdən imtina etməsi, bu ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə əngəl yaradır. Bu gün mülki vətəndaşlar və hərbi qulluqçular Ermənistan tərəfindən Azərbaycan ərazilərinə basdırılmış minalar səbəbindən həyat və sağlamlıqlarını itirirlər.

Bölgədə davamlı sülhün təmin edilməsinə yönəlmiş 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanat, Ermənistanla Azərbaycan arasındakı bütün hərbi fəaliyyətlərə son qoydu.
İndi azad edilmiş torpaqlarda hamı üçün təhlükəsiz və dinc bir mühit təmin etməyin vaxtı gəldi. Ancaq bir milyona yaxın məcburi köçkün hələ də minalar qoyulduğu üçün öz evlərinə qayıda bilmir. Tərəflər bütün məsələləri danışıqlar masasında həll etməyə razı olsalar da, Ermənistan Azərbaycanın azad edilmiş torpaqlarında minalanmış ərazilərin xəritələrini təqdim etmir”.

Qeyd edək ki, məktub BMT-nin, "Amnesty İnternational" və "Human Rights Watch" təşkilatlarının ABŞ-dakı nümayəndəliyinə də göndərilib.