30 ilə yaxın bir zaman kəsiyində işğal altında olan torpaqlarımızın 44 günə, həm də müzəffər, hər addımında qəhrəmanlıq səlnaməsi yazılan bir yürüşlə azadlığına qovuşmasının, Cənibi Qafqazı və ətraf subregionu daim təzyiq altında saxlamaq niyyəti güdən neoimperialist dairələrin vaxtilə bölgəyə “calaq etdikləri” “Ermənistan” adlı nifaq mərkəzinin və onun saxta “məğlubedilməzlik” donu biçilmiş ordusunun darmadağın edilməsinin rahatlıqla həzm olunacağını düşünmürdük. Qardaş Türkiyənin öz tarixi missiyasını yenidən dirçəldərək, ədalətin, haqqın yanında, zülmün, istibdadın qarşısında qürurla dayanmasının da həmçinin…. rahatlıqla qəbul edilməyəcəyini bilirdik.
Məhz bu baxımdan da, uzun illərdən bəri milyardarla dollar vəsait xərclənilməklə, təbliğat və təxribat xarakterli saysız-hesabsız gizli, aşkar layihələr həyata keçirməklə, siyasi texnologiyaların poliqonunu xatırladan cəmiyyətlərə zorla sırınan tarixi yalanın saxta bir kəlməciklə dünyaya üfürülməsi kimsəni təəccübləndurmədi. Ağ evdən sıçrayan və heç bir söykəncəyi olmadığı üçün havadan asılı qalan “soyqırım” kəlməciyi üz-göz bulaşdırmaqdan başqa bir işə yaramayacaq, şübhəsiz. Bir az da ürək bulandıracaq. Amma bu böhtanın Birləşmiş Ştatlara baha başa gələcəyinə şübhə etmirəm. Həm də uzun illərdən bəri ABŞ siyasətçilərinin, mediasının ələ alınmasına, erməni yalanlarının dünyaya sırınması üçün keçirilən tədbirlərə, nəşr olunan kitablara, hazırlanan auduovizual materiallara, əyləncə mərasimlərinə, hədiyyələrə xərclənən vəsaitlərdən çox-çox baha… ABŞ-ın və müttəfiqlərinin maraqları heç bir əsası, dəyəri və hüquqi qüvvəsi olmayan urvatsız bir kəlməciklə erməni auksionunda ucuz qiymətə satıldı və bunun əvəzi, çox güman ki, ağır geosiyasi nəticələrlə ödəniləcək.
Təfərrüatına varmaq istəmirəm, amma Türkiyənin, Türk və İslam Dünyasının, dünyanın ədalət hissini itirməyən xalqlarının, bəşər tarixinin ən ədalətli, ən məğrur, ən şərəfli bir millətinə qarşı atılan çamurla barışmayacağına əminəm. Nəticələr də bu barışmazlıqdan doğacaq! Nütfəsi yalan və bohtandan ibarət olan çirkli siyasət dağarcıqları Çanaqqala savaşında sərgilənən və bəşəriyyəti bu gün də heyrətləndirən müdhiş bir dirəniş və mücadilə görəcəklər qarşılarında! Çünki türkün maraqlarına yox, qüruruna toxunublar. Və bunu əxlaqı, mənəviyyatı İlahi ədaləti simvolizə edən Türk xalqı kimsəyə bağışlamayacaq!
Ağ Evin erməni boyası
Daha öncə qeyd etdiyim kimi, ABŞ prezidentinin erməni yalanlarına söykənərək, qondarma soyqırımla bağlı titrək bir kəlməciyi dilinə gətirəcəyi gözlənilən idi. Bayden adminstrasiyasında, konqresdə, senatda təmsil olunan “erməni çörəyi” yeyənlərin sayı da bunu deməyə əsas verir.
Hazırda Ağ Evdə 2 erməni əsilli və həm də erməni diasporunun fəal təmsilçilərindən olan ABŞ vətəndaşı var – Ceff Marutyan və Ayk Hacınəzəryan... Bu arada, ikincinin soyadındakı “hacı” və “nəzər” sözlərinin, qənaətimə görə, qorxaqlıq, yaltaqlıq və hiyləgərlikdən doğan erməni saxtakarlığının nümunəsi kimi də diqqətimi çəkdiyini də vurğulamaq istəyirəm...
...ABŞ-ın vitse-prezidenti Kamala Harrisin isə, hələ senator olduğu dönəmdən erməni diasporunun yaxın dostu olduğu, Amerika Erməniləri Milli Assambleyası (ANKA) ilə yaxından əməkdaşlıq etdiyi hər kəsə bəllidir. Onun 2019-cu ildə Birləşmiş Ştatların “soyqırım”dan xilas olan amerikalı ermənilərə sığorta pulu ödəməli və “soyqırımın” qərərlərini hesablamalı olduğu barədə verdiyi bəyanat, əslində Harrisin ermənidən daha çox erməni olduğunu nümayiş etdirir. Görünür, Kaliforniyalı ermənilər 2016-cı ildən Senatı mütəmadi olaraq qondarma soyqırımı tanımağa çağıran “həmyerli”lərini yetərincə razı salmağı bacarıblar.
ABŞ konqresinin hər iki palatasındakı vəziyyət isə, düşünürəm ki, hər kəsə bəllidir. Qondarma soyqırımı, həmçinin Türkiyə və Azərbaycana qarşı fərziyyə, ehtimal və absurd iddialar üzərindən qəbul edilən qərarlar Konqresin əslində erməni lobbisinin əsas dayaq mərkəzlərindən biri olduğunu sübuta yetirir.
Tarixin saxtalaşdırılmasının doğuracağı nəticələr
Real mənzərə göz önündədir. Amma bununla yanaşı, Co Baydeninin heç bir hüquqi qüvvəsi olmayan və tarixi erməni yalanlarına söykənən kəlməciyinin, qlobal siyasi proseslərdə iz buraxmayacağını söyləmək də doğru olmazdı. Əvvala, bu “kəlməcik” bütövlükdə dünyada tarixin saxtalaşdırılması və siyasi maraqlar üçün istifadəsi baxımından yeni-yeni presidentlər yarada, beynəlxalq münasibətlər sistemində onsuz da zəif həlqəyə çevrilmiş təməl hüquqi anlayışlara ciddi zərbə vura bilər. Təsəvvür edin, dövlətlər ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi çağdaş beynəlxalq hüququn onurğasını təşkil edən anlayışları bir kənara qoyub, 100, 200 və bəlkə də daha öncə, tarixin qaranlıqlarından boy verən münasibətlərini yenidən gündəmə gətiriblər və “eramızdan əvvəl 330-ci ildə sənin ulu əcdadın mənim ulu babamın ayağını tapdalayıb” prinsipi ilə ilə çıxış edirlər... Və nəticədə tarixi həqiqətlər və yaxud yalanlar üzərindən yürüdülən siyasət beynəlxalq münasibətlər sistemini iflic vəziyyətə salır. Tarixin saxtalaşdırılması və siyasi məqsədlər üçün istifadəsi olduqca təhlükəli tendensiyadır və bəşəriyyəti sonu görünməyən ixtilaf, qarşıdurma müstəvisinə daşıyacaq.
Qoca Qərbin “qarın ağrısı”
Qondarma erməni iddialarının “soyqırım” kimi təqdim olunması, istisnasız olaraq, Türkiyənin qlobal proseslərdə artmaqda olunan roluna, yalnız ədalət prinsiplərinə söykənərək hərəkət edən, bu səbəbdən də Avrasiyada böyük nüfuz və dəstək qazanan Anlaraya uğursuz təzyiq cəhdlərindən başqa bir şey deyil. Uzun illərdən bəri Türkiyədən öz geosiyasi maraqlarının ifadəçisi kimi istifadə etməyə çalışanlar, qardaş ölkənin milli maraqlara söykənən müstəqil siyasətini, bərabərhüquqlu və qürurlu davranışlarını qəbullənmək istəmirlər. Türkiyənin onun üçün başqalarının cızdığı geosiyasi manevr sərhədləri çərçivəsindən, yəni cızığından çıxmasını həzm edə bilməyən dairələr türk xalqının və xalqlarının dirçəlişini “qarın ağrısı” ilə qarşılayırlar. Baydenin kəlməciyi də bu “qarın ağrısı”nın havaya buraxılan zərrəcikləridir.
ABŞ prezidentinin bəyanatında yer alan sözügedən ifadəciyin, həm də Birləşmiş Ştatların milli maraqlarına ciddi zərbə vurduğu qənaətindəyəm. Söhbət, təkcə Türkiyə kimi beynəlxalq hüququn bütün geosiyasi və geoiqtisadi parametrlər üzrə çox önəmli, vazkeçilməz üzvündən, Avrasiya məkanında öz mədəniyyəti, daşıdığı, qoruduğu və təbliğ etdiyi dəyərlərlə tarixi nüfuza və təsir imkanlarına malik olan bir dövlətə qarşı ədalətsiz münasibətdən, həmçinin bu münasibətin doğrucağı nəticələrdən getmir. Məlum olduğu kimi Birləşmiş Ştatların, xüsusilə də 2000-ci illərin əvvələrindən başlayan, 2009-cu ildən isə daha geniş vüsət alan aqressiv siyasəti nəticəsində, bu ölkənin Avrasiya məkanındakı, Yaxın Şərqdəki nüfuzuna ciddi zərbə dəyib. Artıq dünya əhalisinin əhəmiyyətli hissəsinin yaşadığı bu ərazilərdə ABŞ-a münasibətdə loyal yanaşma hökm sürmür və bəlkə də nifrətə çevrilib. Transmilli media və sosial şəbəkələr üzərindən aparılan total təbliğat kampaniyalarına, alternativ fikirlərin məhdudlaşdırılması istiqamətində atılan çoxsaylı addımlara rəğmən, keçirilən sorğularda ABŞ-ın, yumşaq desək “dost olmayan” ölkə gözündə görülməsi, real mənzərəni tam çılpaqlığı ilə ortaya qoyur. Türkiyəyə qarşı sərgilənən bu ədalətsiz münasibət isə, təbii ki, bu mənzərədəki neqativ cizgilərin sayını daha da artıracaq və təbliğat elementlərinin, nüfuz müvəkkillərinin belə aşa bilməyəcəyi maneəyə çevirəcək.
Co Baydenin “mükafatı” və əlahəzrət reallıq
Ola bilsin ki, Ermənistanda saxta tarix üzərində qurulmuş ideologiyanın zəhərlədiyi beyinlər Baydenin kəlməciyini “mükafat” kimi qəbul edirlər. Amma ABŞ prezidenti, nəticə etibarilə Ermənistanın normal, sivil bir dövlətə çevrilmək, qonşularla dinc və təhlükəsiz bir şəraitdə yaşamaq, daimi sülh üçün yeni bir səhifə açmaq şansına ciddi zərbə vurub. Regionda Ermənistan üçün həyati əhəmiyyət kəsb edən layihələrin reallaşmaq üzrə olduğu bir zaman kəsiyində, qondarma iddiaların dəstəklənməsi, ilk növbədə bu iddialara girov düşmüş erməni xalqının əl-qolunu bağlayır, nifrət və düşmənçilik üzərindən siyasət yürüdən revanşçı qüvvələrin yolunu açır. Bölgədə kommunikasiyaların bərpası, Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün uzun illərdən bəri mövcud olmayan əlverişli şəraitin yarandığı bir zaman kəsiyində Baydenin bəyanatının əks-effekt verəcəyi, şübhə doğurmur. Bu isə sübuta yetirir ki, nə erməni diasporunu və lobbisini, nə də onların maliyyə dəstəyindən asılı olan ABŞ siyasətçilərini Ermənistanın, erməni xalqının taleyi narahat etmir. Onlar üçün “qondarma soyqırım” biznesi və şəxsi mənafeləri daha böyük əhəmiyyət daşıyır.
Dəyişməyəcək reallıqlar
Baydenin açıqlaması reallıqda Türkiyə üçün heç nəyi dəyişməyəcək. Bu günə kimi qondarma soyqırımdan siyasi maraqlar üçün çeşidli istifadə cəhdləri kimi. ABŞ prezidentinin sözü beynəlxalq məhkəmənin qərarı deyil, indiyədək verilən bəyanatlar kimi heç bir hüquqi qüvvəsi olmayan kəlməcikdir. Türk xalqının tarixində utanc duyulası səhifə yoxdur. Əgər olsaydı, çoxdan hüquqi müstəviyə daşınaraq real təzyiq alətinə çevrilmişdi. Əgər olsaydı, Türkiyə Osmanlı dövlətinin arxivlərini açmağa, Ermənistanın və müstəqil ekspertlərin, tarixçilərin iştirakıyla birgə komissiya yaratmağa hazır olduğunu dəfələrlə bəyan etməzdi.
44 günlük haqq savaşında Zəfər qazanmaqla bölgədəki reallıqları dəyişən Azərbaycan üçün də reallıqda heç nə dəyişməyəcək. Türkiyə ilə birlikdə milli birliyimizin, bütövlüyümüzün, inkişafımızın gələcəyini təmin edəcək, regionda yaşayan bütün xalqların firavan və təhlükəsiz həyatına təminat verəcək strateji hədəflərimizə doğru çiyin-çiyinə addımlayacaq, haqqa, ədalətə, tarixi gerçəkliyə söykənən davamızdan vaz keçməyəcəyik.
Hətta Fransa senatının sədri Jerar Lapşenin mövcud olmayan və heç vaxt da olmayacaq qondarma rejimin tanınması ilə bağlı ermənilərin qulağına asdığı növbəti “lapşa” (əriştə) da heç nəyi və təbii ki, Azərbaycan xalqının, dövlətinin yaratdığı reallıqları dəyişməyəcək. Fransa prezidenti Emmanuel Makronun 44 günlük Vətən müharibəsində Azərbaycanın mövqeyini 1 mikron belə dəyişə bilmədiyi kimi...
Bütün bunlar isə uzun illərdən bəri başımızın altına yastıq qoyub bizi təslimçiliyə sürükləmək siyasəti yürüdən ATƏT-in Minsk Qrupunun sonu deməkdir. Minsk Qrupunun amerikalı və fransalı həmsədrlərinin son simasız davranışları, Azərbaycanın öz ərazi bütövlüyünü, ədaləti bərpa etmək üçün Vətən müharibəsinə başlamaqdan özgə çıxış yolunun olmadığını bir daha təsdiqləyir. Və həmçinin sübuta yetirir ki, Minsk Qrupu həmsədrlərinin 27 illik fəaliyyətinin aparıcı xəttini Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaq, yaxud bu əraziləri Ermənistana birləşdirmək üçün vaxt və əlverişli imkan qazanmaq məqsədi təşkil edib. Tanrı bu əlverişli imkanı Azərbaycana yaratdığı və ədalətin yanında olduğu üçün Ona da asilik edirlər.
Qeyd edim ki, Co Baydenin erməni yalanlarına söykənən məlum açıqlamasını, hətta qondarma tarixçənin ildönümü Ramazan ayına təsadüf etsə də belə, Türk və İslam Dünyası üçün müqəddəs olan bir ayda dilə gətirməsi, ABŞ siyasətinin gerçək simasını göstərən antihumanist, antitolerant bir davranış kimi dəyərləndirilə bilər.
Qəanətimə görə, qondarma soyqırımla bağlı məlum açıqlama ilə eyni zaman kəsiyində erməni yalanlarını dəlicəsinə təbliğ edən Samanta Poverin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinə (USAİD) rəhbər gətirilməsi də təsadüfi deyil. Təsəvvür edin, Samanta Pover erməni yalanlarına “sədaqətini” sübuta yetirmək üçün sentyabrın 21-də dünyaya göz açmasına baxmayaraq, 24 apreli doğuluş günü elan edib. “Barıtı çox düşüb”..., ya da çox qoyublar. Bütün hallarda bizim üçün bir o qədər də fərqi yoxdur. Fərq isə əvvəllər nisbətən neytral mövqedə dayanan USAİD-in erməni təbliğat maşınına çevriləcəyi ehtimalıdır. Bu isə o deməkdir ki, nə Azərbaycan, nə də Türkiyə artıq USAİD-ə etibar edə bilməz...
Bu qədər... Yolumuza davam edəcəyik, daha güclü olacağıq ki, ayaq basdığımız hər yerdə ədaləti bərqərar edə bilək. Haqq nazilər, üzülməz!
Qəzamız mübarək olsun!
Elçin Mirzəbəyli
Əməkdar jurnalist, siyasi şərhçi