• 21 Dekabr 2024
logo
Bakı Polisi: İctimai asayişin pozulması ilə müşayiət olunan küçə yürüşünə cəhdin qarşısı alınıb

Bakı Polisi: İctimai asayişin pozulması ilə müşayiət olunan küçə yürüşünə cəhdin qarşısı alınıb

Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurum və Azərbaycan Xalq Cəbhəsi Partiyası 50 nəfərin iştirakı ilə piket keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Bakı Şəhər Baş Polis İdarəsindən bildiriblər ki, müraciətə baxıldıqdan sonra toplantının təşkilatçıları tədbirin oktyabrın 8-də saat 15.00-dan 16.00-dək Bakı Şəhər İcra Hakimiyyəti ilə Dövlət İqtisad Universitetinin inzibati binalarının arasında yerləşən ərazidə keçirilməsi barədə məlumatlandırılıblar.

Piket ərəfəsində təşkilatçılar Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq aidiyyəti qanunvericilik aktlarının tələbləri nəzərlərinə çatdırılıb, tədbirin dinc, qanuni qaydada, yazılı xəbərdarlıqda göstərilib və toplantıya qoyulmuş şərtlərə uyğun təşkil olunması barədə xəbərdar ediliblər.

Lakin onlar “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 9-cu maddəsinin V və 12-ci maddəsinin III hissələrinin tələblərini kobud surətdə pozaraq oktyabrın 8-də tədbir yerinə razılaşdırılmış vaxtdan qabaq toplaşıb, piketə dəstək adı altında qanunsuz aksiyalarına qoşulmaq barədə vətəndaşlara çağırışlar edib, toplantıya 50-dən çox tərəfdarını cəlb etməklə müəyyən olunan ərazidən kənara çıxmağa, qanunsuz küçə yürüşü keçirməyə cəhd göstəriblər.

Nəticədə həmin ərazidə nəqliyyatın hərəkəti iflic olub, piyadaların sərbəst gediş-gəlişinə maneçilik yaranıb, ətrafdakı insanlara qarşı kobudluğa və digər qanunazidd hərəkətlərə yol verilib.

İctimai asayişin pozulması ilə müşayiət olunan küçə yürüşünə cəhdin və aksiya iştirakçılarının hüquqazidd əməllərinin qarşısı alınıb.

Piket üçün müəyyənləşdirilən vaxtdan xeyli qabaq müxtəlif yerlərdə toplaşaraq hüquq qaydasını pozmuş 17 şəxs xəbərdar edilib, 4 nəfər barəsində inzibati protokol tərtib olunub. Həmçinin polisin qanuni tələblərinə tabe olmayaraq küçə yürüşü keçirməyə cəhd edən 5 nəfər haqqında toplanmış inzibati materiallar məhkəməyə göndəriləcək, sərxoş halda olan və üzərində soyuq silah aşkarlanıb götürülmüş daha bir piket iştirakçısının əməlinə hüquqi qiymət veriləcək.