Füzuli rayonunda erməni hərbçiləri tərəfindən əsir götürülərək Şuşa türməsinə gətirildik və orada olmazın işgəncələrə məruz qaldıq.
Bunu Trend-ə açıqlamasında 1994-cü ildə əsir götürülmüş və 1 il erməni əsirliyində işgəncələrə məruz qalmış azərbaycanlı Famil Əliyev deyib.
O bildirib ki, Şuşa həbsxanasında erməni terrorçusu Lüdvik Mkrıtıçyan tərəfindən işgəncələr görüb: “Bizi Füzuli rayonunda əsir götürərək Xankəndiyə gətirdilər, oradan da Şuşa türməsinə. Lüdvik Mkrıtıçyanı orada tanıdıq. Onun ləqəbi Lyoxa idi. Bu gün Bakıda məhkəməsi olan Lüdvik Mkrıtıçyan orada bizə ən çox zülm verənlərdən idi. Belimdə dəyənək sındırdılar, bizi lomla döyürdülər. Döyüşdə ölən ermənilərin qəbri üstündə azərbaycanlı əsirlərin başını kəsirdilər. Əsirlərimizi aparanlardan biri də hazırda bu gün Bakıda məhkəməsi keçirilən terorçu, “Lyoxa” ləqəbli Lüdvik Mkrıtıçyan idi. İndi məhkəmədə yalandan deyir ki, azərbaycanlıları görməyib, Azərbaycan dilində danışa bilmir. Amma həmin adam Azərbaycan dilində çox yaxşı danışır, bizim dili sərbəst bilir. O, bizi Azərbaycan dilində söyürdü, bizimlə Azərbaycan dilində danışırdı. Türmənin nəzarətçiləri başqa adamlar idi, amma Lüdvik Mkrıtıçyan və digərləri əsgər idilər. Bizi sahələrdə işləməyə aparırdılar, orada Lüdvik Mkrıtıçyan və digərləri gəlib bizə işgənclər verirdilər”.
Zərərçəkmiş bildirib ki, bir il əsirlikdə olduğu müddətdə onlarla heç bir qurum maraqlanmayıb: “Həmin müddətdə bizimlə nə Ermənistanın əlaqədar qurumları, nə də beynəlxalq təşkilatlardan heç kim maraqlanmadı. Tək bir dəfə, bir il əsirlikdə qalandan sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi gəlib bizə baş çəkdi. Həmin şəxs bizə paltar verib getdi, amma dərhal türmə nəzarətçiləri gəlib paltarı əlimizdən aldılar. Dedilər ki, paltarlara əl vurmayın, bit düşər.
Heç kim bizim nə yeməyimiz, nə qalmağımızla maraqlanmırdı. Ermənilər heç bir beynəlxalq təşkilata məhəl qoymurdu. Bizə verilən yeməkdən danışmaq olmaz. Türmədə adi buğdanı qaynadıb suyunu bizə verirdilər. Su içməyə qoymurdular, bir tikə çörək verirdilər, çörəyin bu tərəfindən baxanda o tərəfi görünürdü. Sutka ərzində bizə verilən yemək yalnız o idi. Bizi işləməyə aparanda ümumiyyətlə heç nə vermirdilər. Həbsxanada mənim dırnaqlarımı çıxartdılar. İşgəncələrə görə özümü toka verdim, amma ölmədim. Yanımdakı oğlan öldü, mən qaldım. Ermənilər bizim əsir uşaqları aparıb başını kəsərək gətirib bizə göstərirdilər”.
Famil Əliyev deyib ki, bu gün məhkəmədə təqsirləndirilən terrorçuları görəndə həyəcanlanıb: “Onlardan biri də bizim üzümüzə baxmadı. Çünki hamımızı tanıyırdılar, çıxılmaz vəziyyətdə qalıblar indi. Mən əsirlikdən gələndə doğma atam məni tanımayıb. Amma Azərbaycanda saxlanılan əsirlərə baxırsan, Azərbaycan dövləti bunlara qarşı heç bir qeyri-insani rəftar etməyib, onlar tam normal vəziyyətdə məhkəməyə gətirildilər. Lakin bu adamlar qadın, qız, uşaq - heç kimə fikir vermirdilər, işgəncə verirdilər.
Mən əsirlikdən qaçıb gəlmişəm, ermənini girov götürüb əsirlikdən qaçdım. Həmin gün erməni nəzarətçi yalvardı ki, məni öldürmə, sizə çörək vermişəm. Mən onu öldürmək istəyirdim, lakin orada qayda belə idi ki, bir azərbaycanlı bir ermənini öldürüb qaçırdısa, onun yerinə 3 azərbaycanlı əsiri güllələyirdilər. Mən ona görə onu öldürmədim ki, qalan əsirlərimizi öldürməsinlər”.