Siyasi mübarizədə yalan məlumat, dezinformasiya, və ya müasir terminologiya ilə desək, feyk xəbərlərin yayılması halları ilə, təəssüf ki, tez-tez rastlaşırıq. Özü də müasir texnologiyalar sayəsində bu sahədə “çalışanlar” o qədər “peşəkarlaşıblar” ki, bəzən, nəyin doğru, nəyin feyk olduğunu müəyyən etmək üçün uzun-uzadı təhqiqat aparmalı olursan. Amma artıq bir ildir sosial mediada dolaşan, absurdluğu ilə seçilən və bütün mənəvi baryerləri aşan bir xəbər var ki, öz sinizmi ilə başqa yalanları kölgədə qoyur. Söhbət Emin və Mehman Hüseynov qardaşlarının neçə vaxtdır gündəmdə saxlamağa çalışdıqları və hətta xarici ölkələrdə keçirilən müxtəlif tədbirlərdə səsləndirdikləri hadisədən – anaları, mərhum Firəngiz Hüseynovanın ölümü ətrafında yaratdıqları söz-söhbətdən gedir.
Xatırladaq ki, ötən il iyulun 15-də ürək çatışmazlığı diaqnozu ilə Neftçilər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş Firəngiz Hüseynova, təxminən 3 həftədən sonra vəfat edib. Mərhumun oğlu, hazırda Avropada yaşayan Emin Hüseynovun hadisə ilə bağlı elə ilk açıqlamalarındaca ana ölümü kimi ağrılı bir olayın ətrafında qurulmağa başlanan şounun ilkin əlamətləri görünməyə başladı. “Anam xəstə deyildi, siyasi rejim anamı xəstə etdi” deyən E.Hüseynov, anasının ölümünü “siyasi qətl” adlandırdı.
İlkin mərhələdə, E.Hüseynov anasının ölümünü, bir növ, “mənəvi qətl” kimi təqdim edirdi və deyirdi ki, “mənə və qardaşıma qarşı təqiblər olmasaydı, ola bilsin, anam ürək xəstəsi olub xəstəxanaya düşməzdi” deyirdi. Amma görünür, “mənəvi məsuliyyət”in istənilən rezonans yaratmadığını anlayan Hüseynov qardaşları, gözlənilmədən tam ciddi şəkildə analarının... fiziki olaraq qətlə yetirilməsindən (!) danışmağa başladılar. İştirakçıların sözlərinə görə, bu günlərdə ATƏT-in təşkilatçılığı ilə Tbilisidə keçirilən ənənəvi Cənubi Qafqaz media konfransına qatılan Mehman Hüseynovun çıxışı, hətta, təşkilatçıları da xeyli təəccübləndirib. Belə ki, M.Hüseynov açıq mətnlə anasının xəstəxanada “qətlə yetirildiyini”, bu “qətldə bir sıra məmurların əli olduğunu” iddia edərək, “qatillərin hələ də tapılıb cəzalandırılmamasından” şikayətlənib.
Hüseynov qardaşlarının üzv olduqları şəbəkənin fəaliyyətinin dezinformasiya və yalan xəbərlər üzərində qurulduğu çoxdan bəlli olduğundan, onların mütəmadi qaydada sosial mediaya atdıqları feyklər artıq heç kəsi təəccübləndirmir. Məsələn, qardaşların, xüsusilə də Emin Hüseynovun müxtəlif beynəlxalq tədbirlərdə iştirakı və çıxışları onda natamamlıq kompleksinin olduğunu aydın göstərir. Etiraf edək ki, böyük qardaşından nümunə götürən Mehman da bu dəfə bizi təəccübləndirməyi bacardı. Ucuz şou yaratmaq, heç səviyyəsiz detektivlərdə belə rast gəlinməyən “konspiroloji nəzəriyyə” qurmaq üçün insan həyatının ən ağrılı, ən faciəli hadisələrdən olan ana itkisindən istifadə etmək – bu, normal insanın anlaya və qəbul edə biləcəyi davranış deyil. Bu, yalnız səni dinləyən insanlara deyil, haqqa qovuşmuş ananın ruhuna da həqarətdir!
Amma, bu, hələ məsələnin yalnız mənəvi tərəfidir və Hüseynov qardaşlarının əxlaqından xəbər verir. Bəs məsələnin hüquqi tərəfi?
Emin və Mehman Hüseynovlar “ana qətli”ndən danışanda səsləndirdikləri yeganə arqument odur ki, Firəngiz Hüseynovanın ölümünün səbəbi haqda onlara tibbi rəy verilməyib, prokurorluq orqanları və Səhiyyə Nazirliyi məsələni araşdırmayıb və nəticədə onlarda bu cür “şübhələr” yaranıb.
Bəs, Hüseynov qardaşlarını ana ölümündən siyasi şou qurmağa vadar edən “şübhələr” üçün doğrudanmı hər hansı əsas var? Bunu ayırd etmək üçün qısa təhqiqat aparmaq qərarına gəldik. Müraciətimizin nəticəsi olaraq, Baş Prokurorluq, Səhiyyə Nazirliyinin ekspert qurumlarından və digər aidiyyəti təşkilatlardan aldığımız məlumat və sənədlər göstərir ki, F.Hüseynovanın ölümü ilə bağlı ortada, mərhumun oğullarının iddia etdiyi kimi, hansısa “məxfi” və “şübhəli” məqam yoxdur!
Emin Hüseynovun “Mehmanın həbsinədək anamın hər hansı xəstəliyi yox idi” iddiasına rəğmən, Hüseynova Firəngiz İbrahim qızının ambulator kartından görünür ki, o uzun illər ərzində hipertoniya, stabil gərginlik stenokardiyası, ürəyin işemik xəstəliyi və digər xəstəliklərlə bağlı ambulator müalicədə olub. Firəngiz İbrahimovanın ilk ambulator qeydiyyatı 14.09.1981-ci ildə olub. Bu dövr ərzində o, dəfələrlə “follikulyar angina”, “hipertoniya xəstəliyi”, “iki tərəfli kataral bronxit”, “qarının ön divarının stasionar müalicəsindən sonrakı ambulator müalicə”, “ürəyin işemik xəstəliyi”, “stabil gərginlik stenokardiyası” ilə bağlı ambulator müalicə alıb. Son qeyydiyyat 16.04.2018-ci ildə olub və o, xəstəxanaya yerləşdirilib.
Mərhumun oğullarının “ölüm səbəbi gizli saxlanılır” kimi absurd iddiasına rəğmən, Suraxanı rayonu qeydiyyat şöbəsi tərəfindən 11.08.2018-ci il tarixində verilmiş ölüm haqqında şəhadətnamədə F.Hüseynovanın ölüm səbəbi açıq şəkildə göstərilib – “ürəyin xroniki işemik xəstəliyi”.
Hüseynov qardaşlarının “şübhələri” ilə bağlı müraciətlərinin cavabsız qalması, hüquq-mühafizə və səhiyyə orqanlarının heç bir araşdırma aparmaması haqda iddiaları da təsdiqlənməyib. Suraxanı Rayon Prokurorluğundan bizə verilən məlumata görə, F.Hüseynovanın ölüm faktı ilə əlaqədar dərhal araşdırma aparılıb. Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin 55/MEŞ saylı, 30.08.2018-ci il tarixli rəyi ilə müəyyən olunub ki, mərhumun ölümünə səbəb ürək əzələsinin qalınlaşması, postinfarkt kardioskleroz, ürəyin işemik distrofiyası əlamətləri, koronaroskleroz və ağciyərin toxuma daxili kiçik damarlarının trombozu ilə əlaqədar baş vermiş kəskin ürək-ağçiyər çatışmazlığı olub.
Beləliklə, aparılan araşdırma zamanı F.Hüseynovanın ölümünün hər hansı bir şəxsin ictimai təhlükə əməlinin – hərəkət və ya hərəkətsizliyin nəticəsi olması müəyyən edilməyib. Təbii ki, cinayət tərkibi olmadığına görə, prokurorluq orqanları cinayət işinin başlanmasına əsas görməyiblər.
Xüsusi ilə qeyd etmək lazımdır ki, bu haqda yekun rəy sentyabrın 3-də - mərhumun ölümündən cəmi 27 gün sonra verilib. Yəni, prokurorluq orqanlarının “aylarla məsələni araşdırmaması” haqda deyilənlər açıq yalandan başqa bir şey deyil.
Nəhayət, F.Hüseynovanın oğulları ictimai rəydə belə bir rəy formalaşdırmağa çalışırlar ki, guya xəstəxanada onu xilas etmək üçün lazımi addımlar atılmayıb, həkim səhlənkarlığı olub və s.
Bu ittihamların da əsassız olduğunu anlamaq üçün Mərkəzi Neftçilər Xəstəxanasının gündəliyinə və İntensiv müalicə və müşahidə kartına nəzər yetirmək kifayətdir. Müalicənin gedişi, həkim rəylərinin operativ şəkildə, günbəgün qeyd olunduğu bu sənədlər həkim heyətinin ünvanına səslənən iradların da ədalətsiz və qərəzli olduğunu sübut edir.
Bir sözlə, sizə təqdim etdiyimiz bu faktlar və sənədlər Emin və Mehman Hüseynovların analarının ölümü ilə bağlı müxtəlif yerli və beynəlxalq tribunalardan səsləndirdiyi ittihamların nə qədər qərəzli və uydurma olduğunu aydın şəkildə göstərir.
Görünür, siyasi ambisiyalar naminə ananın ruhuna həqarətdən belə çəkinməyən insanlar üçün doğrudan da müqəddəs heç nə qalmayıb.
Siyasət şöbəsi