Bölgəyə səfər edən ATƏT-in Minsk Qrupu həmsədrlərinin marşrutu Yerevandan Qarabağa və yalnız ondan sonra Bakıya keçir.
Bu, münaqişənin hər iki tərəfi ilə razılaşdırılıbmı? Yoxsa o, həmsədrlərin özlərinin qərarıdır və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirilə bilər?
Sualları cavablandıran Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Trend-ə bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik fəaliyyətlərini mövcud mandat əsasında həyata keçirirlər və həmin mandata dair Azərbaycan tərəfinin də razılığı var:
"ATƏT-in Minsk Qrupu həmsədrlərinin hazırkı səfəri bu mandatın icrası çərçivəsində onların regionumuza növbəti gəlişidir. Qeyd etmək istərdik ki, həmsədrlər səfərlərini həyata keçirərkən, ənənəvi olaraq Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin həm erməni, həm də azərbaycanlı icmaları ilə əlaqə saxlayır. Bu cür səfərlər bundan əvvəl də dəfələrlə həyata keçirilmiş və tərəfimizdən münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyünə riayət edilməsi çərçivəsində həll edilməsi istiqamətində görülən işlər kimi qiymətləndirilir".