• 22 Dekabr 2024
logo
Azərbaycanın uğurlu inkişafı davam edəcək

Azərbaycanın uğurlu inkişafı davam edəcək

15 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının yanında keçirilən iqtisadi müşavirədə Prezidentin söylədiyi nitqdə Respublikamızın bu ilin doqquz ayının sosial-iqtisadi yekunlarına qiymət verilmiş, əldə olunan uğurlardan danışılmış və qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Qeyd olunub ki, doqquz ayın sosial-iqtisadi nəticələri müsbətdir. Qeyri-neft sektorunda artım 3 faizdən çox olmuşdur. Qeyri-neft sənayesində isə artım 15 faizdən çox olmuşdur. Cənab Prezidentin qeyd etdiyi kimi, bu, dünya miqyasında rekord göstərici hesab oluna bilər. Kənd təsərrrüfatında da ciddi irəlləyiş əldə olunmuşdur. Əvvəlki illərdə bu artım 2-3 faiz təşkil edirdisə, bu ilin doqquz ayında artım 7 faizdən çox olmuşdur. İnflyasiya 2 faizdən bir qədər çoxdur ki bu da çox aşağı səviyyə hesab olunur.
Cənab Prezidentin təşəbbüsü ilə bu ilin əvvəlindən böyük bir sosial paket reallaşdı- 4 milyon 200 mindən çox Azərbaycan vətəndaşının maddi vəziyyəti yaxşılaşdı. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB məkanında birinci yerdə, orta aylıq pensiyanın həcminə görə isə üçüncü yerdədir.
Beynəlxalq aparıcı maliyyə qurumlarının və digər aparıcı Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan öz mövqeyini durmadan yaxşılaşdırır. “Doinq Business” in hesabatında biznes mühitinə görə Azərbaycan dünya miqyasında 25-ci yerdədir. Son hesabatlarda Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alır. Davos Ümumdünya İqtisadi Forumunun yeni hesabatına görə Azərbaycan bir çox sahələrdə düya miqyasında mühüm göstəricilərə nail olmuşdur.
Mülkiyyət hüquqlarının qorunması sahəsində Azərbaycan 37-ci, hökumətin - dövlətin və rəhbərliyin uzunmüddətli strategiyasına görə 10-cu yerdədir. Rəhbərliyin dəyişikliklərə, yəni, islahatlara meyillilik səviyyəsinə görə Respublikamız 5-ci yerdə, nəqliyyat infrastrukturuna görə 31-ci, yol infrastrukturuna görə 27-ci yerdədir və MDB məkanında birinci yerdəyik. Azərbaycan dəmir yollarının səviyyəsinə görə 34-cü, nəqliyyat xidmətlərinin səmərəliliyinə görə 12-ci, elektrik enerjisinin əlçatanlıq əmsalına görə isə dünyada ikinci yerdədir.
Cənab Prezident bildirmişdir ki, bütün bunlar Azərbaycanda həyata keçirilən islahatlara, görülən işlərə verilə qiymətdir. Ancaq ən böyük qiymət Azərbaycan xalqı tərəfindən verilən qiymətdir. Bu yaxınlarda aparılan sorğuya əsasən, demək olar ki, əhalinin mütləq əksəriyyəti Azərbaycan rəhbərliyini, canab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir.
Cənab Prezident öz nitqində daha sonra bildirmişdir ki, respublikamızda daha sürətli inkişaf üçün kifayət qədər ehtiyatlar var və bu ehtiyatlar aşkar edilməlidir. Qeyd olunmuşdur ki, Azərbaycanda hər bir sahədə şəffaflığa və yüksək standartlara nail olmaq lazımdır. Bu məqsədə nail olmaq üçün korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır. Bu xoşagəlməz hallara qarşı mübarizədə təkcə hüquq –mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar yaxından iştirak etməlidirlər.
Qarşıda duran vəzifələrdən danışarkən cənab Prezident islahatların davam etdirilməsinin, o cümlədən, kadr islahatının aparılmasının vacibliyini qeyd edərək müsir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrların işə cəlb olunmalarının vacibliyini bildirmişdir.
Cənab Prezident qeyd etmişdir ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxırlar. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar. Dözülməz haldır ki, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Cənab Prezident belələrinə xəbərdarlıq edərək bildirmişdir ki, “Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik”.
Hesab edirəm ki, cənab Prezidentin bu qətiyyətli çıxışı cəmiyyət üzvlərinin əksəriyyəti tərəfindən müsbət dəyərləndirilir və öz vətənini sevən hər bir azərbaycanlını cənab Prezident İlham Əliyev ətrafında daha sıx birləşməyə çağırır. Əminəm ki, qədirbilən Azərbaycan xalqı möhtərəm İlham Əliyev cənablarının ətrafında daha sıx birləşərək Prezidentin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən müstəqil demokratik dövlət quruculuğu siyasətinin həyata keçirilməsində yaxından iştirak edəcəklər.
Rauf Əliyev
Millət vəkili