“Ermənistanda son illər insan hüquq və əsas azadlıqları sahəsində vəziyyət pisləşməkdədir. Bu, ABŞ Dövlət Departamentinin, Avropa İttifaqının, o cümlədən beynəlxalq insan hüquqlarının müdafiəsi təşkilatlarının hesabatlarında da əksini tapmaqdadır. Başqa sözlə, bir çox hallarda Ermənistanda insan hüquq və azadlıqlarının pozulmasına göz yuman dairələr də artıq bunu etiraf etməyə başlayıblar”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Cavid Osmanov bildirib.
C. Osmanov deyib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanın 30 ilə yaxın davam edən işğal siyasətinə son qoyaraq torpaqlarını azad edib. Bu da işğalçı Ermənistanda siyasi böhrana səbəb olub: “Beynəlxalq insan hüquqlarının müdafiəsi təşkilatlarının 2019-2020-ci illər, o cümlədən 2021-ci ilin ilk 6 ayı üzrə hesabatlarına baxsaq, ümumilikdə COVİD-19 pandemiyası və siyasi böhran fonunda Ermənistanda ifadə azadlığı və sərbəst toplaşmaq hüquqları daha da məhdudlaşdırılıb, əlillərə qarşı zorakılıq və gender əsaslı zorakılıq artıb. Korrupsiya və yetərincə şəffaflığın olmaması, polis tərəfindən zor tətbiqi və azadlıqdan məhrumetmə müəssisələrinin vəziyyəti hələ də problemli məsələlər kimi qalmaqdadır. Təsadüfi deyil ki, “Fredom House” tərəfindən nəşr edilən 2020-ci il üzrə “Nations in Transit” hesabatına əsasən, Ermənistan 100 ballıq şkala üzrə 33 ballıq nəticə ilə yarıgücləndirilmiş avtoritar rejimdir, ölkədə siyasət yüksək dərəcədə qütbləşib, qeyri-müstəqil məhkəmə sistemi var. Əhalinin də əksəriyyəti məhkəmə sisteminə inanmır. “Fredom House” tərəfindən nəşr edilən 2021-ci il Dünya Azadlıq Hesabatında isə Ermənistan “qismən azad” dövlətlər sırasına yerləşdirilib. Qeyd olunub ki, hökumətin siyasəti insanların siyasi hüquqları və mülki azadlıqları ilə bağlı davam edən problemlərə görə qeyri-sabit olub. ABŞ Dövlət Departamentinin qiymətləndirməsinə əsasən isə Ermənistanda insan hüquqları sahəsində problemlərə işgəncə, səbəbsiz azadlıqdan məhrumetmə, cəzaçəkmə müəssisələrinin pis vəziyyətdə olması, insan alveri, vətəndaşların şəxsi həyatına müdaxilə, müstəqil məhkəmə sisteminin yetərsizliyi, zorakılıq və zorakılıq qorxusu yaradan və mülki əhaliyə zərər vermək məqsədilə törədilmiş cinayətlər, uşaq əməyinin ən pis formasının mövcud olması daxildir. Avropa İttifaqının 2020-ci il üzrə insan hüquqları və demokratiya hesabatına görə, Ermənistanda daha çox inkişaf etməsinə ehtiyac duyulan sahələrə ayrı-seçkiliyin və nifrət nitqinin qarşısının alınması, gender bərabərliyi və gender əsaslı zorakılıqdan müdafiə, işgəncə və pis rəftar, azadlıqdan məhrum etməzdən öncəki məhkəmə prosedurlarının tənzimlənməsi aiddir”.
Deputat qeyd edib ki, Ermənistanda ifadə azadlığı və sərbəst toplaşmaq hüququ sahəsində də durum da acınacaqlıdır: “ABŞ Dövlət Departamentinin hesabatına əsasən, 2020-ci ildə Ermənistan dövlətinin səlahiyyətli şəxsləri və polis məmurlarının jurnalistlərin işinə müdaxilə etmək üçün səlahiyyətlərindən sui-istifadə etdikləri barədə kifayət qədər məlumatlar olub. 2020-ci ilin ikinci yarısında İfadə Azadlığını Müdafiə Komitəsi (CPFE) jurnalistlərə qarşı zorakılıq nəticəsində 6 xəsarət faktı barədə məlumat verib. CPFE-nin məlumatlarına əsasən, 2021-ci ilin birinci yarımilliyində jurnalistlərə qarşı zorakılıq halları artaraq 7 hadisə və 8 xəsarətlə nəticələnib. “Fredom House” isə bildirib ki, 2021-ci ilin mart ayında Ermənistan parlamenti təhqir və böhtana görə maksimum cəzanı 3 dəfəyə qədər artıracaq hüquqi akt qəbul edib. Yeni dəyişikliklər Avropa Konvensiyasının təmin etdiyi ifadə azadlığı və reputasiya hüququ arasında ədalətli balansın saxlanılması haqqında tələbə ziddir. Dövlət Departamentinin hesabatında isə qeyd olunur ki, Ermənistanda polis bölmələrində zor tətbiq edilməsinə qarşı tədbirlər, o cümlədən videoçəkilişlər eyni polis bölməsinin nəzarəti altındadır. Sərbəst toplaşmaq azadlığına gəlincə, İnsan Hüquqları üzrə Beynəlxalq Federasiyanın hesabatında qeyd olunub ki, 2020-ci il avqust ayında ətraf mühiti qorumaq üçün dinc şəraitdə etiraz edən bir sıra aksiya üzvləri azadlıqdan məhrum edilib. Digər tərəfdən, ABŞ Dövlət Departamentinin hesabatına əsasən, Ermənistanda fərdi insan hüquqları tərəfdarları daxil olmaqla, insan hüquqları və başqa vətəndaş cəmiyyəti təşkilatları şərləmə və ölüm təhdidləri ilə qorxudulmağa davam edilir. Bundan əlavə, insan hüquqları təşkilatlarının ofislərinə, o cümlədən həmin qurumların nümayəndələrinə fiziki hücumlar olub. Eyni zamanda millətçi qruplar və media qurumları vasitəsi ilə insan hüquqları müdafiəçilərinə qarşı nifrət nitqi yönəldilib. Hesabatda vurğulanıb ki, insan hüquqları müdafiəçilərinə qarşı olan hücumlarla bağlı ümumən dövlət tərəfindən heç bir güclü tədbir görülməyib. İnsan hüquqları müdafiəçilərini hədəf alan nifrət kampaniyaları nəticəsində onlar ictimai yerlərdə öz fikirlərini səsləndirməkdən çəkiniblər. Onu da qeyd etmək lazımdır ki, Ermənistanda irqçilik, ayrı-seçkilik və dözümsüzlük də göz önündədir. 2020-ci ildən Ermənistan cəmiyyətindən anti-semitizm tendensiyaları güclənib. 2020-ci ildə Yerevanda Holokost və soyqırım abidəsi iki dəfə vandalizmə məruz qalıb”.
C. Osmanov Ermənistanda korrupsiyanın baş alıb getməsinə də diqqət çəkib: “ABŞ Dövlət Departamentinin hesabatına əsasən, Ermənistanda bir çox sahədə, o cümlədən tikinti, mədən, dövlət idarəçiliyi, parlament və ədliyyə sistemi, satınalma işləri və dövlət təchizatı sahələrində sistemli korrupsiya uzun illərdir ki, davam edir”.
Deputat bildirib ki, bütün bunlar Ermənistanda insan hüquq və əsas azadlıqları sahəsində vəziyyətin daha da pisləşməkdə olduğunu təsdiqləyir.