Avqustun 10-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyinin yeni rəhbəri Aleks Haykensi qəbul edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindənm verilən məlumata görə, Aleks Haykens təyinatı ilə bağlı məktubun surətini nazir Ceyhun Bayramova təqdim edib.
Nazir Ceyhun Bayramov təyinatı münasibətilə Nümayəndəliyin yeni rəhbərini təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Nazir, Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən UNICEF ilə qarşılıqlı faydalı əməkdaşlıq qurulduğunu diqqətə çatdırıb. Ceyhun Bayramov, həmçinin Nümayəndəliyin yeni rəhbərinin təcrübəsinin Azərbaycan və UNICEF arasında mövcud əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə dair inamını ifadə edib.
Aleks Haykens öz növbəsində qəbula görə nazir Ceyhun Bayramova təşəkkürünü ifadə edib və Azərbaycana təyin olunması ilə bağlı məmnunluq hissi keçirdiyini bildirib. O, Azərbaycan və UNICEF arasında bir çox sahələrdə uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyindən əmin olduğunu bildirib. Eyni zamanda, Nümayəndəliyin rəhbəri hər bir uşağın keyfiyyətli təhsilə çıxışının olmasının əhəmiyyətini qeyd edərək, qlobal COVID-19 pandemiyası dövründə UNICEF tərəfindən bu xüsusda görülən işlərdən geniş bəhs edib.
Nazir Ceyhun Bayramov qarşı tərəfə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticələrindən, o cümlədən dinc azərbaycanlı sakinlərin, evlərin, məktəblərin və digər mülki obyektlərin məqsədli şəkildə hədəfə alınmasından danışıb. O, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mədəni və dini abidələrə dəymiş ziyan, mina təhlükəsi, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
15:25
UNICEF-in Azərbaycandakı yeni təyin olunmuş Nümayəndəsi Aleks Haykens bu gün Azərbaycan Respublikasının Xarici işlər naziri cənab Ceyhun Bayramova akkreditasiya məktubunu təqdim edib.
Bu barədə UNICEF-in Azərbaycandakı Nümayəndəliyindən bildirilib.
"UNICEF-in Azərbaycan hökuməti ilə uzun müddət davam edən tərəfdaşlığını daha da gücləndirmək və ölkədə hər bir uşaq üçün daha yaxşı gələyi təmin etmək naminə birlikdə çalışmaq əzmindəyəm", - deyə yeni nümfqyəndə bildirib.
UNICEF-in Azərbaycandakı Nümayəndəliyində işə başlamazdan öncə, Haykens dörd il UNICEF-in Monqolustandakı Nümayəndəsi olaraq fəaliyyət göstərib və uşaqların qorunması, sağlamlığı, qidalanması, su/sanitariya/gigiyena, təhsil, erkən uşaqlıq dövründə inkişaf, yeniyetmələrin həyat bacarıqları, sosial müdafiə, havanın çirklənməsi və iqlim dəyişikliyi kimi sahələri əhatə edən UNICEF-in Ölkə Proqramının icrasına rəhbərlik edib.
2020-ci ildən başlayaraq o, diqqət və səylərini hökumətin COVID-19 pandemiyasının uşaqlara təsirini aradan qaldırmaq səylərinə dəstək, COVID-19 peyvəndlərinin əldə edilməsi və ölkə daxilində soyuq zəncirin gücləndirilməsinə yönəldib.
2013-cü ildə UNICEF-in Nyu-Yorkdakı baş-qərargahında iqlim dəyişikliyi, ətraf-mühit və enerji üzrə qlobal müşavir olaraq UNICEF-də fəaliyyətə başlayıb.
UNICEF-də fəaliyyətə başlamazdan öncə BMTİP və FAO-da Asiya-Sakit Okean bölgəsi boyu su, ətraf-mühit, iqlim dəyişikliyi, kənd təsərrüfatı və dayanıqlı inkişaf sahələrində çalışıb.
A. Haykens Utrext Universitetindən ətraf-mühit üzrə elmlər namizədi və biologiya üzrə magistr dərəcəsinə malikdir.
A. Heykens Hollandiya vətəndaşıdır. O, Azərbaycana həyat yoldaşı və iki qızı ilə bərabər gəlib.