İran Azərbaycanla əməkdaşlıqda heç bir məhdudiyyət tanımır.
Bunu İran parlamentinin sədri Əli Laricani Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynovla görüşdə deyib.
Ə.Laricaninin sözlərinə görə, İran parlamenti bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsini istəyir.
Spiker əlavə edib ki, İran xalqı və rəsmiləri Azərbaycanla əməkdaşlıq və münasibətlərin genişləndirilməsində maraqlıdır və bu əhval-ruhiyyə hər iki tərəfdən mövcuddur:
“Hazırkı şəraitdə İran və Azərbaycan arasında iqtisadi, siyasi, mədəni və ictimai münasibətlərin və əməkdaşlığın gücləndirilməsi üçün çox gözəl imkan yaranıb”.
Əli Laricani iki ölkə arasında kənd təsərrüfatı, nəqliyyat, sənaye və iqtisadi münasibətlərin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da İran və Azərbaycan əlaqələrinin inkişaf etdiyini bildirib.
B.Hüseynovun sözlərinə görə, Azərbaycan iki ölkə arasında əməkdaşlıqların həmişə inkişaf etdirilməsini dəstəkləyir:
“İki ölkə xalqı arasında turizm sektorunun gücləndirilməsi üçün imkanlar yaradılıb və yaxın gələcəkdə bu sahədə inkişafın şahidi olacağıq”.