• 22 Dekabr 2024
logo
Komitə sədri: Azərbaycanın hərbi xərclərin çoxalması obyektiv zərurətdən doğur

Komitə sədri: Azərbaycanın hərbi xərclərin çoxalması obyektiv zərurətdən doğur

Son illərdə ölkədə aparılan islahatlar, xüsusilə də “kölgə” istisadiyyatı ilə mübarizə öz nəticələrini verir. Bu nəticələri vergi və gömrük daxilolmalarında aydın görürük.
Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı deyib.
O bildirib ki, 2019-cu ilin 9 ayı ərzində ÜDM-nin nominal artımı 1.2 faiz, qeyri-neft sektoru üzrə 7.6 faiz olduğu halda, vergidaxilolmalarının artım tempi 5.7 faiz təşkil edib.
Komitə sədri söyləyib ki, 2019-cu ilin müvafiq dövründə proqnozun icrası ümumilikdə 104.9 faiz, neft sektoru üzrə 95.9 faiz, qeyri-neft sektoru üzrə isə 109.5 faiz yerinə yetirilib: “Cəmi aktiv ƏDV ödəyicilərinin sayı 1 yanvar 2019-cu illə müqayisədə 1 noyabr 2019-cu il tarixinə 32.9 faiz artıb”.
Hərbi xərclərin artırılması barədə danışan Z.Səmədzadə vurğulayıb: "Bəzi təşkilatlar bizi tənqid edir ki, Azərbaycanda müdafiə xərcləri artır. Azərbaycanın dövlət büdcəsi son illər dəfələrlə artıb. Əlavə artımlar nəticəsində daha çox artacaq və hərbi xərclərin çoxalması da obyektiv zərurətdən doğur.
Biz bu sahəyə bundan sonra diqqət yönəldəcəyik. Artıq Azərbaycanın çox güclü müdafiə potensialı var. Bu, bölgədə ən güclü potensialdır və biz bunu daha da artırmalıyıq. 2020-ci ilin büdcəsi bu tələblərə cavab verir. Azərbaycan özünün həm müdafiə qabiliyyətini gücləndirmək, həm iqtisadi gücünü artırmaq və bu əsasla əhalinin keyfiyyətli yaşayış səviyyəsini yüksəltmək istiqamətində daha cəsarətli addımlar atmaq imkanına malik olmalıdır”.