Almaniyada mühacir alverində ittiham olunaraq saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı Koblenz məhkəməsinin qərarı açıqlanıb.
Trend-in məlumatına görə, maddi sübutların aşkar edilməsi üçün evə və digər obyektlərə, həmçinin təqsirləndirilənlərə məxsus nəqliyyat vasitələrinə, eləcə də onlara aid digər əşyalara baxış keçirilməsi barədə qərardadda qeyd olunub:
"Elektron və kağız daşıyıcılarda üçüncü şəxslərin qanunsuz ölkə ərazisinə daxil olması, təqsirləndirilənlərin əmlak, maliyyə və gəlirləri barədə elektron və yazılı məlumatlar; mobil telefonlar, komputer, elektron tabletlər, qanunsuz olaraq ölkəyə gətirilən şəxslər barədə məlumatların yerləşdiyi yaddaş kartları, xüsusilə İsmayılovun şahidliyi ilə; yerli və xarici bank hesabları; 1000 avro üzəri nəğd pul; üçüncü şəxslərə məxsus passport və digər identidikləşdirmə sənədləri; xidməti möhür; sui-istifadə olunmuş qaçqınlıq statusu ilə bağlı müraciət üçün ərizə nüsxələri və digər bu növ sənədlər.
Sadalanan maddi sübutlar, hansı ki, istintaqın gedişi ilə bağlı əhəmiyyətli sayıla bilər, müsadirə olunmalı və qorunması təmin edilməlidir. Könüllü şəkildə təqdim olunmayan maddi sübutlar, zorla müsadirə olunur".
Rəsmi məlumatda aparılan axtarışların səbəbləri də izah olunub: "Aparılan axtarış tədbirləri Koblenz prokurorluğunun 8.10.2019 tarixli ərizəsi əsasında həyata keçirilmişdir. Çünki, faktlar nəticəsində, araşdırma zamanı maddi sübutların aşkar olunması və müsadirəsi ehtimalı var. (Alman Cinayət Prosessual Qaydalarının §§ 94, 102, 105, 162-ci maddələri).
İndiyədək aparılan istintaq nəticəsində əldə edilən faktlar əsasında təqsirləndirilən Məmmədov barəsində gəlir əldə etmək məqsədi ilə insanların qanunsuz olaraq ölkəyə gətirilməsi, o cümlədən çirkli pulların yuyulması kimi əməllərinin olmasına dair əsaslı şübhələr var".
Həmçinin qeyd olunub ki, təqsirləndirilən şəxs, ən azı 2015-ci ildən etibarən digər təqsirləndirilən şəxs Xəlilbəyli ilə birlikdə, gəlir əldə etmək məqsədilə, Azərbaycan vətəndaşlarına icazəsiz, pasportsuz, pasport əlavəsiz, yaşamaq hüququ olmadan Almaniyaya gəlməyə kömək etməkdə və bununla gəlir əldə etməkdə şübhəli bilinir.
2014-cü ildən etibarən təqsirləndirilən şəxs Məmmədovun özünün və ailəsinin, həmçinin digər təqsirləndirilənlər Bayraməliyev, Əkbərov və onların ailələrinin Almaniyaya qanunsuz olaraq gətirilməsi həyata keçirilib. Bunların arasında, xüsusilə “Ramil Rüstəmov”, Rəşad və Əziz, hər biri ailə üzvləri ilə birlikdə, Azərbaycan ərazisindən heç bir pasportu və yaşamaq icazəsi olmadan Almaniya ərazisinə daxil olmuşdurlar.
Bununla yanaşı, şəxsiyyəti hələlik bilinməyən 60-a qədər azərbaycanlı qanunsuz olaraq ölkəyə gətirilib. Bir neçə min avroluq ödəniş qarşılığında, qanunsuz miqrantlara gəldikləri ölkədə guya siyasi təqibə məruz qalmasını sübut etmək üçün Almaniyada saxta sənədlər təqdim olunur və bu sənədlərdən qaçqın statusu almaq prosesində istifadə olunurdu.
Təqsirləndirilən Xəlilbəyli xüsusilə bu işlərin ümumi olaraq təşkil olunmasında və ödənişin qəbul olunmasında və qaçaq gələn şəxslərlə əlaqədə olan ilk şəxs kimi tanınır. O, qaçaq miqrantlara qaçqın statusu almaq prosesi zamanı və Almaniya dövlət qurumları ilə əlaqədə necə davranılmalı olduğunu öyrədib.
Bundan əlavə o, qanunsuz miqrantların həqiqi sənədlərini özündə saxlayıb, qanunsuz miqrantların Azərbaycanda guya siyasi təqibə məruz qalmasını göstərən saxtalaşdırılmış sənədlərlə təmin etmək üçün vəziyyətdən asılı olaraq 3-cü şəxsləri, digər təqsirləndirilən Həsən və Cavadovu bu fəaliyyətə cəlb edib.
Təqsirləndirilən Məmmədov hər bir halda 2018-ci ilin payızına qədər təqsirləndirilən Xəlilbəylinin sürücüsü kimi çalışıb, hansı ki, o 2015-ci ildən bəri təxminən 50 dəfə olmaqla ümumilikdə 300.000 avro məbləğində pulu təqsirləndirilən Cavadovdan təqsirləndirilən Xəlilbəyliyə çatdırıb və ümumilikdə 7 saxta sənədlərlə dolu paketi təqsirləndirilən Həsəndən təqsirləndirilən Xəlilbəyliyə verib.
Bununla yanaşı, o, qaçqın miqrantları hava limanında qarşılamış və ilk kontakt şəxs olan təqsirləndirilən Xəlilbəylinin təlimatlarını çatdırmışdır. Əlavə olaraq nəğd ödənişlərlə, Sparkasse və Neuvid Volksbank-dakı hesabları vasitəsilə qanunsuz miqrant alverindən əldə etdikləri gəliri ört-basdır etmişdir.
Məhkəmə qərarında vurğulanıb ki, cinayət barədə şübhələr, indiyədək polis tərəfindən həyata keçirilən istintaq zamanı və o cümlədən, təqsirləndirilən Məmmədovun verdiyi faktlara əsaslanır. Bu şəxs geniş və inandırıcı məlumatlar vermiş və özünü böyük həcmdə məsuliyyətin altına salmışdır. Həmçinin onun nəzarət olunan telefon danışıqlarında (TÜ 18458, 538) üçüncü şəxslərə qarşı özünü Xəlilbəylinin sürücüsü kimi təqdim etməsi və Xəlilbəylinin hava limanından qanunsuz miqrantların qarşılanmasından xəbərdar olması aydın olur.
Bundan əlavə olaraq, Məmmədov, Xəlilbəylinin qanunsuz miqrant alveri ilə bağlı digər sənədləri saxladığını izah edib. (Telefon danışığı 18 924). Məmmədova məxsus bank hesabının yoxlanışı zamanı onun Sparkasse və Neuvid Bankında 2018-ci ilin noyabr və 2019-cu ilin iyun ayınadək olan müddət ərzində bir neçə on min avronun hesaba mədaxil edilməsi və qısa müddət sonra qismən hesabdan məxaric edilməsi aşkarlanıb.
Axtarış barədə qərardad, istintaqın məqsədinin təhlükəsizliyini təmin etmək məqsədilə təqsirləndirilən şəxslərin öncədən ifadəsi alınmadan verilmişdir. Bu tədbir hüququn nisbilik prinsipinə (Verhältnismäßigkeitprinzip) uyğundur, çünki o qarşıda qoyulan məqsədə çatmağa yönələn tələb olunan tədbirdir və bununla şəxsin konstitusional hüququna müdaxilə, məsələnin əhəmiyyətliliyinə və cinayətə olan şübhənin güclülüyünə nisbətdə daha üstün deyil.