Azərbaycan işğala məruz qalmasına baxmayaraq yeni minaların istifadəsini dayandırıb.
Minalar Əleyhinə Azərbaycan Kampaniyasından verilən məlumata görə, bu, Norveçin paytaxtı Oslo şəhərində “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında BMT Konvensiyasına üzv dövlətlərin 4-cü İcmal Konfransında səsləndirilən Piyadalar Əleyhinə Minaların Qadağan olunması uğrunda Beynəlxalq Kampaniyanın “Landmine Monitor Report 2019” hesabatında qeyd edilir.
İcmal Konfransında bildirilib ki, 59 ölkənin ərazisində və bir neçə qeyri-dövlət ərazidə minaların mövcud olması və onların məhv edilməsi əməliyyatları aparılıb. Azərbaycan, Əfqanıstan, Anqola, Bosniya-Hersoqovina, Kamboca, Çad, Xorvatiya, İraq, Tayland, Türkiyə və Yəmən ərazisi daha çox minaların təsirinə məruz qalmış ölkələr sayılır.
Hesabat dövründə 140 kvadratkilometr ərazi minalardan təmizlənib. 168 000 ədəd piyada əleyhinə və 7500 tank əleyhinə mina məhv edilib. Son beş ildə 800 kvadratkilometr ərazi təmizlənib, 661 491 mina məhv edilib. Anbarlarda olan 1.4 milyon mina, ümumiyyətlə isə konvensiya imzalandıqdan sonra ehtiyatdakı 55 milyon ədəd mina məhv edilib. 41 ölkə mina istehsalını dayandırdığını bildirmiş, yalnız 11 ölkədə istehsal hələ də qalmaqdadır.
“Landmine Monitor Report 2019” hesabatında bildirilir ki, son 4 ildə qorxulu tendensiya müşahidə olunur. Belə ki, minalardan, müharibənin partlayıcı qalıqlarından və kasetli silahlardan zərərçəkənlərin sayında artım müşahidə olunmaqdadır. Hesabat dövründə 6897 nəfərin mina və partlamamış sursatlardan zərər çəkdiyi bildirilir. Qeydə alınmış qurbanların 71%-i mülki şəxslərdir ki, onların da 54%-ni uşaqlar təşkil edir. Ümumilikdə Landmine Monitor Report 1999-cu ildən indiyədək 130 000 insanın mina və partlamamış sursatlardan zərər çəkdiyini qeydə alıb ki, bunun da 90 000 nəfəri yaralanan şəxslərdir.
Hesabatda qeyd olunub ki, Azərbaycan Respublikası minaların qadağan olunmasını nəzərdə tutan Konvensiyaya qoşulmayıb. Rəsmi olaraq bildirilir ki, bu Konvensiyanın məqsədlərini, o cümlədən də minaların tamamilə qadağan olunmasını dəstəkləyir, ancaq özünün ərazi bütövlüyünün pozulması səbəbindən “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında Konvensiyaya qoşula bilmir. Azərbaycan Respublikası yalnız Ermənistanla konflikt həll olunduqdan sonra bu Konvensiyaya qoşula bilər. Azərbaycan Respublikası təcavüzə məruz qalmasına baxmayaraq yeni minaların istifadəsini dayandırıb. Azərbaycan Respublikası ərazisində minaların təmizlənməsi əməliyyatlarını həyata keçirir, mina təhlükəsinə qarşı maarifləndirmə proqramları təşkil edir, mina qurbanlarına yardım göstərir. Azərbaycan Respublikası minaların yaratdığı problemlərin həll olunması üçün hər il dövlət büdcəsindən maliyyə ayırır.
Azərbaycanda rəsmi olaraq 2,439 nəfər mina/müharibənin təhlükəli qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2,056 nəfər yaralanıb. 2019-ci ildə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinə 5 mülki şəxsin minalardan və müharibənin partlayıcı qalıqlarından zərər çəkdiyi barədə məlumat daxil olub. Bunlardan 1 nəfər həlak olub və 4 nəfər yaralanıb. Hadisələr Tərtər, Füzuli və Qazax rayonlarının ərazisində baş verib".