• 4 İyul 2025
logo
İƏT XİN Şurası azərbaycanlı köçkünlərə dəstəyi müzakirə edəcək

İƏT XİN Şurası azərbaycanlı köçkünlərə dəstəyi müzakirə edəcək

Azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə Ombudsmanın dəvəti əsasında Azərbaycana səfər etmiş İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvləri işğaldan azad olunmuş ərazilərdə və 44 günlük müharibə dövründə Ermənistan silahlı qüvvələrinin hücumlarına məruz qalmış Tərtər və Gəncədə hüquq pozuntuları ilə bağlı müstəqil araşdırmalar aparıblar.
Bu, parlamentin İnsan hüquqları komitəsində martın 1-də müzakirəyə çıxarılacaq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.
Qeyd edilib ki, toplanmış faktlar əsasında İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası tərəfindən hesabat hazırlanıb.
Hesabatda Azərbaycanın işğaldan azad olunmuş və hücuma məruz qalmış digər ərazilərində törədilən müharibə cinayətləri, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, milli-mədəni, memarlıq, tarixi və dini abidələrin, o cümlədən məscidlərin məhv edilməsi, talan və təhqir olunması ilə bağlı çoxsaylı faktlar beynəlxalq insan hüquqları və beynəlxalq humanitar hüquq normalarının pozuntusu kimi qiymətləndirilib.
İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının hazırladığı hesabatın yekununda Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətmiş olduğu insan hüquq pozuntularının araşdırılması və müvafiq hüquqi qiymətin verilməsi məqsədilə BMT, ATƏT və digər regional təşkilatlar tərəfindən beynəlxalq insan hüquqları monitorinq mərkəzinin yaradılması, Beynəlxalq Qırmızı Xaç Komitəsinin egidası altında Birinci Qarabağ müharibəsi dövründən bu günə kimi itkin düşmüş hesab olunan azərbaycanlıların tapılması, onların ailə üzvlərinə psixoloji yardımın göstərilməsi məqsədilə çoxtərəfli koordinasiya mexanizminin yaradılması, İslam Əməkdaşlıq Təşkilatı, Dünya Bankı və İslam İnkişaf Bankı tərəfindən azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını dəstəkləyən layihələrin maliyyələşdirilməsi kimi tövsiyələr də verilib.
Həmin hesabat Komissiyanın Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən 18-ci sessiyası çərçivəsində müzakirə olunaraq, Komissiya üzvləri tərəfindən yekdilliklə qəbul edilmiş, 2022-ci ilin mart ayında İslamabadda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Zirvə Görüşünün proqramına daxil edilib.