• 15 Yanvar 2025
logo
“Azərbaycan dünyada öz dini modeli olan ölkə kimi tanınır”

“Azərbaycan dünyada öz dini modeli olan ölkə kimi tanınır” - Nurlan Qələndərli

“Azərbaycan dünyada öz dini modeli olan ölkə kimi tanınır. Doğrudur, ölkədə din dövlətdən ayrıdır, amma dövlət-din münasibətləri hüquqi müstəvidə tənzimlənir, tarixi ənənələr, milli və dini dəyərlər əsas götürülür. Azərbaycanda dini etiqad və vicdan azadlığı Konstitusiya normasıdır, ölkədə çoxlu sayda dini icma fəaliyyət göstərir, hər kəsin dini ayinləri sərbəst şəkildə yerinə yetirməsi üçün zəruri şərait təmin olunub. Müxtəlif dini dünyagörüşünə malik olan insanlar öz vicdan və etiqad azadlıqlarından sərbəst istifadə edirlər. Ölkədə İslam, xristian və digər səmavi dinlərin mədəniyyət nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş, inanc yerlərinin təmiri və bərpası ilə bağlı görülən işlər də bu baxımdan xüsusi qeyd edilməlidir”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Nurlan Qələndərli söyləyib. Politoloq deyib ki, cəmiyyətdə vicdan azadlığının qorunması və etiqad məsələlərinin rasional, sağlam dünyagörüşü əsasında dərk olunması bir çox amillərlə yanaşı, maarifləndirmə işindən də asılıdır: “Bu prosesdə dini təhsilin mühüm yeri və rolu var. Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı əsasında Azərbaycan İlahliyyat İnstitutunun yaradılması bu baxımdan çox önəmlidir. Bu, ilk növbədə, milli dəyərlərə və tarixi ənənələrə əsaslanan dini-mənəvi mühitin qorunub saxlanılması, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı milli kadrların hazırlanması üçün səmərəli addımlardan biridir. İnstitutun yeni binasının açılışı isə ölkəmizdə dini təhsilin inkişafının diqqət mərkəzində olduğunu göstərir. Çünki bu, milli təhlükəsizlik məsələsi kimi böyük ictimai əhəmiyyətə malikdir. Biz bilirik ki, dindən siyasi vasitə kimi istifadə edən, yaxud din pərdəsi arxasında dağıdıcı siyasi maraqlarını təmin etməyə çalışan bəzi qüvvələr Azərbaycanda nümunəvi din-dövlət münasibətlərini hədəfə almağa, ölkəyə fanatizm transfer etməyə çalışırlar. Dini zəmində qızışdırıcı təbliğat aparılması cəhdləri zaman-zaman müşahidə edilir. Bu məqsədlə cəmiyyətdə müxtəlif vasitələrlə süni - heç bir ictimai sifarişə əsaslanmayan müzakirələrin təşkilinə, “dini dəyərlər” adı altında fanatizmin təbliğinə çalışılır. Hansısa cəmiyyətlərin “dini model”inin cəlbediciliyi barədə fikirlərin ictimai rəyə sırınmasına cəhd göstərilməsi müşahidə olunur. Dünya təcrübəsi də onu göstərir ki, bu cür fəaliyyətlərdə əsas məqsəd insanları təsir altına salmaq, kənardan idarəolunan cəmiyyət formalaşdırmaq və planlaşdırılan vaxtlarda dini zəmində qarşıdurma yaratmaq, ictimai ziddiyyətləri dərinləşdirməkdir. Amma Azərbaycan reallığı – atılan addımlar, görülən işlər bütün bu cəhdləri istisna edir. Cəmiyyətimizin dini zəmində münasibətlərin və proseslərin tənzimlənməsi ilə əlaqədar kənardan hansısa təsirə ehtiyacı yoxdur. Azərbaycanın hüquqa, qanunların aliliyinə, tarixi, milli və dini dəyərlərə əsaslanan öz yolu - yanaşması var. Azərbaycan elə bir ölkədir ki, burada milli, dini müxtəliflik insanlar arasında fərq yaradan, kimlərəsə üstünlük verən amil kimi deyil, cəmiyyətin üstün dəyəri kimi çıxış edir. Azərbaycan nümunəsində ortaya çıxan əsas reallıqlardan biri də budur ki, ölkəmizdə dini dəyərlər milli dəyərlərimizdən ayrılmazdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan öz milli, dini dəyərlərinə sadiqdir”.
Nurlan Qələndərli əlavə edib ki, Azərbaycanda multikulturalizm, dinlərə və mədəniyyətlərə tolerant yanaşma cəmiyyətin həyat tərzidir, bütün dinlərə hörmətlə yanaşılır: “Dünya miqyasında multikultural dəyərlərin ciddi təhdidlərlə üzləşdiyi indiki dövrdə Azərbaycan özünü bütün mədəniyyətlərə və dinlərə tolerant münasibətə malik ölkə kimi təsdiqləyir. Respublikamızda İslam dininə aid tarixi-dini abidələrin bərpasına dövlət vəsaiti ayrıldığı kimi, digər dinlərlə bağlı abidələrə də eyni yanaşma tətbiq olunur. Ölkəmiz, həmçinin eyni məsciddə şiə və sünnilərin yan-yana namaz qıldığı - vəhdət namazının qılındığı İslam modelinə malikdir. Bütün bunlar isə din amilindən istifadə edərək və tarixi ənənələrə, milli və dini dəyərlərə zidd təbliğat aparan kənar qüvvələrin ölkə daxilində ictimai qarışıqlıq yaratmaq niyyətlərinin iflasa məhkum olduğunu göstərir”.
“Dini dəyərlərin, İslam dininin düzgün tədrisi və təbliği, dini maarifləndirmə tədbirlərinin davamlı olaraq həyata keçirilməsi zəruridir. Ona görə də yüksək səviyyəli dini-mənəvi təhsilin təşkili üçün ixtisaslaşmış kadrların hazırlanması Azərbaycanın dövlətinin qarşısında duran mühüm vəzifələrdən biridir. Hesab edirəm ki, dövlət tərəfindən bu istiqamətdə atılan atılan addımlar milli maraqlara əsaslanır, ictimai əhəmiyyətli və faydalıdır” ,- deyə politoloq əlavə edib.

Əli Zülfüqaroğlu