• 15 Yanvar 2025
logo
HƏDƏF: DAHA GÜCLÜ AZƏRBAYCAN

HƏDƏF: DAHA GÜCLÜ AZƏRBAYCAN

ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransın son illərin akademik xarakter daşıyan ən mühüm siyasi intellektual hadisəsi kimi hələ uzun müddət dünyanın aparıcı beyin mərkəzlərinin, analitik resursların tədqiqat predmetinə çevriləcəyinə şübhə etmirəm. Mübaliğəyə yol verdiyimi düşünmürəm, əksinə siyasi mövzuya müraciət etdiyim üçün ənənəvi publisistik manevrlərimin və metoforik ifadələrimin sayını mümkün qədər azaltmaq məcburiyyətindəyəm. Çünki Prezident İlham Əliyevin dünyanın aparıcı beyin mərkəzlərinin rəhbər və təmsilçilərinin suallarına cavabları, mahiyyət etibarilə özü haqqında danışır, həmçinin bu və ya digər mövzunun, istiqamətin daha dərindən təhlil edilməsinə yer qoymur. Cavablar zatən dərin və hərtərəflidir.

Amma bununla yanaşı, Prezidentin cavablarında şəxsən məni düşündürən və xeyli vaxtdır ki, cavab axtardığım bəzi məqamlarla bağlı fikirlərimi dəyərli oxucularla bölüşmək istəyirəm.

Öncə bir məqamı qeyd edim: İlham Əliyevin cavabları ən müxtəlif istiqamətləri əhatə etsə də, mahiyyət etibarilə vahid və konseptual bir siyasi platformanın tərkib hissəsi kimi nəzərə çarpırdı və özündə ən müxtəlif siyasi nəzəriyyələrin, tarixin, mövcud geosiyasi reallıqların ciddi və hərtərfli təhlili nəticəsində ortaya çıxan baxış bucağını əks etdirirdi. Kəsəsi, dünyanın aparıcı beyin mərkəzlərinin təmsilçilərinin, analitiklərinin suallarını regional və qlobal prosesləri çoxsaylı “institutların” süzgəcindən keçirən vahid BEYİN MƏRKƏZİ cavablandırırdı...

Siyasi çərçivə, iradə və sülhə, təhlükəsizliyə təminat

İlk növbədə dövlətimizin başçısının Azərbaycan-Ermənistan münasibətlərinin və bütövlükdə Cənubi Qafqazın gələcəyi ilə bağlı fikirlərinə diqqət çəkmək istəyirəm. Burada önəmli olan məqam, ayrı-ayrılıqda həm Azərbaycan, həm Ermənistan, həm Cənubi Qafqaz, həm də, bütövlükdə dünyadakı reallıqlara ayrı-ayrılıqda və vahid bir prosesin tərkib hissəsi kimi yanaşılması, müharibə gündəliyinin həmişəlik olaraq sülh gündəliyi ilə əvəzlənməsi üçün həyata keçirilməsi zəruri olan tədbirlərin ardıcılıqla sıralanmasıdır. Bu xüsusda ölkəmiz öz qarşısına həlli mümkün olmayan hədəflər qoymur, fantastik ideyalarla çıxış etmir, real və mümkün olanı təşviq edir. Məsələn, Prezident İlham Əliyev İsveçdə fəaliyyət göstərən Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru (İsveç) Svante Kornelin regional təsisatların, o cümlədən Regional İnkişaf Fondunun yaradılması ilə bağlı fikirlərinə münasibətdə, bu prosesin irəli aparılması üçün vacib olan məqamlara toxundu və Azərbaycanın, əslində bütün bu istiqamətlərdə çoxsaylı və çoxgedişli kombinasiyalara sahib olduğunu dolayısıyla diqqətə çatdırdı.

Sitat: “Təsisatların qurulması, fikrimcə, müxtəlif istiqamətlərdə getməlidir. Əvvəlcə, biz siyasi çərçivədən başlamalıyıq. Ən vacibi isə Ermənistanın hansı nöqtəyə qədər irəli gedə biləcəyindən ibarətdir”.

Bəli, indi ən müxtəlif ideyalarla çıxış etmək olar, amma bu ideyaların həyata keçirilməsi üçün ilk növbədə siyasi çərçivə və bu çərçivə daxilində əməkdaşlığın perspektivlərini irəliyə doğru apara bilən potensial imkanlar olmalıdır. Ermənistan hansı nöqtəyə qədər irəliləyə bilər? Rəsmi İrəvanın Azərbaycanın sülh müqaviləsi ilə bağlı irəli sürdüyü təklifləri qəbul etdiyini açıqlamasına baxmayaraq, hələ də bir çox sualların cavabı tapılmayıb. Bu sualların cavabı da Ermənistan tərəfindən verilməlidir. Əks təqdirdə dayanıqlı sülhə nail olmaq mümkün deyil. Siyasi çərçivə, ilk növbədə Ermənistan hakimiyyətinin siyasi iradəsinin və qarşılıqlı münasibətlərin perspektivi ilə bağlı ata biləcəyi addımların sərhədlərini nişan verməlidir. Məhz bu siyasi çərçivənin ayrı-ayrı elementləri müstəvisində də yeni təsisatların yaradılması mümkündür. Siyasi çərçivə, iradə və sülhə, təhlükəsizliyə təminat olmadan yaradılan istənilən təsisatın fəaliyyəti forma xarakter daşıyacaq.

Əlahəzrət reallıq...

Reallıq ondan ibarətdir ki, Ermənistan cəmiyyətinin uzun illər boyu Azərbaycan torpaqlarının işğalı və onun legitimləşdirilməsi üzərində qurulan ideoloji təməlləri sıradan çıxıb və tarixi yalanların, miflərin, fantastik ideyaların yerində kütləvi depressiyanı, xaotik çırpıntıları stimullaşdıran nəhəng bir boşluq yaranıb. Yeni və real hədəflər yoxdur. Yeni və real hədəflərin meydana gəlməsi üçün isə əsasız iddialardan əl çəkib gələcəyə hədəflənmək lazımdır. Əslində, Azərbaycan bütün bölgə üçün yeni və real hədəflərin nədən ibarət ola biləcəyini öz təcrübəsi ilə uzun illərdir ki, nişan verməkdədir. Bütün problemlərin həlli yolu güclü iqtisadi, siyasi təmələ, xalqın iradəsinə söykənən real müstəqillikdən keçir. Öz daxili və xarici siyasətinin konturlarını müəyyənləşdirə, müstəqil siyasət yürüdə bilməyən dövlətin milli hədəfləri isə ola bilməz. Bunu tarix dəfələrlə sübuta yetirib.

İndiki şəraitdə Ermənistanın yeganə çıxış yolu bölgənin bütün reallıqlarını, o cünlədən tarixi, siyasi, itqisadi, demoqrafik və digər bu kimi mühüm amilləri nəzərə almaqla qonşularına münasibətdə müstəqil, davamlı sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən siyasət yürütməsizdir.

Azərbaycan Prezidentinin regionun inkişafı, xalqların sülh və təhlükəsizlik şəraitində yaşaması, qarşılıqlı faydalı əməkdaşlığın dövlətlərarası münasibətlərin ali məqsədinə çevrilməsi üçün təqdim etdiyi “Yol xəritəsi”nin alternativi isə yoxdur. Bunu geridə qalan 30 illik zaman kəsiyi də təsdiqləyir.

Tarixi unutmamaqla gələcəyə hədəflənmək strategiyası

Prezident İlham Əliyevə ünvünlanan suallarda və təbii ki, bu suallara verilən ətraflı, əsaslandırılmış cavablarda bugünümüz və gələcəyimiz üçün mühüm əhəmiyyətə malik olan bir sıra məqamlara yenidən və ətraflı şəkildə aydınlıq gətirildi. Bəlli oldu ki, vaxtilə işğal altında olan Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üçün Ermənistana və onun separatçı tör-töküntülərinə qanunsuz olaraq ayrılan vəsaitlər minalanmış sahələrin sayının artırılması üçün istifadə edilib. Yəni bu o deməkdir ki, işğaldan azad etdiyimiz ərazilərimizdəki “mina tələləri”in qurbanına çevrilən günahsız insanların ölümündə bu vəsaitləri ayıranların da suçu var və mövcud reallıqlar çərçivəsində yaşayış məntəqlərimizdəki minaların təmizlənməsi prosesinə lazımi və real dəstəyin verilməməsi də “minalar əleyhinə” ayrılan maliyyə vəsaitlərinin əslində minaların sayının artırılması üçün verildiyini sübuta yetirir. Əks təqdirdə, sözügedən “mina donorları” Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi prosesinin ön cərgəsində yer almalıydılar.

Biz 44 günlük müharibə dövründə Rusiyanın Mozdok və Rostov şəhərlərindən Ermənistana fasiləsiz olaraq silah daşındığını, Gürcüstanın öz hava məkanını silah-sursat daşıyan təyyarələrə bağladığını, İran, Qazaxıstan və Türkmənistanın isə Azərbaycanın rəsmi müraciətlərinə baxmayaraq, hava məkanlarını açıq saxladıqlarını unutmamışıq və elə cənab Prezident də öz çıxışında uzaq və yaxın tarixin unudulmamasının vacibliyini diqqətə çatdırdı. Biz keçmişdən, tarixdən asılıb qalmamışıq, amma kimin kim olduğunu yaddaşımıza əbədilik olaraq yazmağı da yaxşı bacarırıq. Əgər belə olmasaydı, yalnız öz gücümüzə, petensialımıza arxalanıb gücə çevrilməyi, işğala son qoymağı bacarmazdıq.

Tarixə münasibətdə ədalətli və şəffaf bir mövqe ortaya qoymağı bacardığımız kimi, ölkəmizin və regionun gələcəyi ilə bağlı baxışlarımız da aydındır. Prezident İlham Əliyev 10 ildən sonra da Azərbaycanı güclü görür, amma indikindən daha güclü... Bu o deməkdir ki, Azərbaycan geosiyasi şəraitdən, regional və subregional dəyişikliklərdən, sülh və müharibə gündəliklərindən asılı olmayaraq, yaxud bütün bu ssenarilər nəzərə alınmaqla öz hədəflərini müəyyənləşdirib və bu hədəflərə doğru addımlamaq üçün bütün potensialını səfərbər etməyi bacarıb.

Elçin Mirzəbəyli