Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş irs bu gün də uğurla davam etdirilir. Onun tərəfindən qoyulan bir vəsiyyət vardı ki, torpaqlarımız işğaldan azad olunsun. 8 noyabr 2020-ci ildə Azərbaycanın qəlbinin tacı olan Şuşa şəhəri işğaldan azad olundu. Cənab Prezident də xalqımıza, dünya azərbaycanlılarına müraciətində ata vəsiyyətinin həyata keçirilməsini xüsusilə qeyd etdi.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu gün Şuşa şəhəri azaddır, Ulu Öndərin ruhu da şaddır:
“Bu gün Azərbaycan xalqının üzü gülür. Əvvəllər 8 May tarixini ermənilər "Dağlarda toy" əməliyyatının yubileyini qeyd edərək böyük sevinclə qeyd edirdilər. İndi isə onların "kədərini" biz görürük. Şuşanın azad olunması sevincini bu gün Azərbaycan xalqı qeyd edir”, - o deyib.