Ermənistan sülh sazişini imzalamağa məcburdur
Oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilən görüş bir çox baxımdan mühüm tarixi-siyasi əhəmiyyətə malikdir. Bu görüş və onun nəticələri Azərbaycan diplomatiyasının və şəxsən Prezident İlham Əliyevin tarixi qələbəsi hesab edilə bilər. Görüşün nəticələrini təkcə politoloqlar müzakirə, təhlil etmirlər. Gənc fəallar və hətta pedaqoji sahədə çalışanlar da bu görüşün əhəmiyyətindən bəhs edirlər.
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru Rəşad Rəhmanov “Xalq Cəbhəsi”nə deyib ki, dördtərəfli görüşdə cənab Prezident İlham Əliyevin qətiyyətli mövqeyi ilə Azərbaycan diplomatiyası növbəti uğura imza atdı. Görüşün yekunlarına dair Bəyanatda isə bir sıra mühüm məsələlər öz əksini tapıb. Belə ki, 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalandığı vaxtdan bu günədək Ermənistan siyasi-hərbi rəhbərliyi sülh müqaviləsinin imzalanması prosesini yubatmağa çalışsa da Praqada baş tutan dördtərəfli görüş bütün bu cəhdlərin son nöqtəsi oldu. Görüşün yekununa dair Bəyanatda da qeyd olunduğu kimi Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyü və suverenliyini tanıdı. Həmçinin BMT Nizamnaməsi isə bu məsələdə əsas sənəd kimi götürüldü. Bu isə mahiyyət etibarı ilə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunun növbəti dəfə yüksək səviyyədə təsdiqi idi. Belə bir platformada təcavüzkar Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması Azərbaycan diplomatiyasının, Azərbaycan Prezidentinin ən böyük uğuru və 44 günlük Vətən müharibəsində əldə edilmiş qələbənin məntiqi nəticəsi idi: “Bəyanatda diqqət çəkən digər mühüm məqamlardan biri isə ilk dəfə olaraq Avropa İtifaqının mülki missiyasının bölgədə yerləşdirilməsi məsələsinin müzakirəyə çıxarılması oldu. Ancaq bu dəfə də Azərbaycanın maraqları cənab Prezident tərəfindən layiqincə qorundu. Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşdırıldı ki, Avropa İttifaqının mülki missiyası 2 ay müddətində yalnız Ermənistan ərazisində yerləşdirilsin. Beləliklə Ermənistanın daha bir cəhdi, bölgəyə üçüncü qüvvələri cəlb etmək planı iflasa uğradı.
Xüsusi olaraq qeyd etməliyik ki, II Qarabağ müharibəsində işğalçı Ermənistana verilən dəstək və son illərdə Azərbaycana qarşı nümayiş etdirilən qərəzli mövqe, eləcə də 12-14 sentyabr təxribatının ardınca Paşinyan başda olmaqla bir qrup Ermənistan rəhbərliyində təmsil olunan siyasətçilərin Fransaya səfərləri və verilən açıqlamalar əslində Fransanın ənənəvi ermənipərəst siyasətindən xəbər verir. Bu mövqedən yanaşsaq Fransanın da iştirakı ilə keçirilən dördtərəfli görüşdə Azərbaycan üçün müxtəlif tələ və hiylələrin hazırlandığını güman etmək olardı. Lakin cənab Prezidentin qətiyyəti nəticəsində bütün bu cəhdlər də boşa çıxdı. Artıq Avropa İttifaqının qurucu üzvlərindən biri olan Fransa da Cənubi Qafqazda dəyişən geosiyasi reallıqları qəbul etmək məcburiyyətindədir”.
R.Rəhmanovun fikrincə, nəticə etibarilə 5 saatdan artıq davam edən və iki hissədən ibarət olan dördtərəfli görüşlə Azərbaycan diplomatiyası növbəti qələbəsini qazanaraq bölgədə uzun müddətli və dayanıqlı sülhün əldə olunması istiqamətində daha bir vacib addım atdı. Ermənistan isə öz növbəsində sərhəd missiyasına razılıq verməklə öz zəifliyini bir daha nümayiş etdirmiş oldu.
147 saylı texniki-humanitar liseyin tarix müəllimi Güntəkin Məmmədova isə bildirib ki, Praqa görüşü bir sıra tarixi hadisələrlə yadda qaldı. İlk növbədə, enerji sahəsində əməkdaşlıq daha da genişlənir. Buna misal olaraq cari ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumu qeyd oluna bilər. Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var: “Son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı kəskin artıb, eyni zamanda, mahiyyət də yeni müstəviyə çıxıb və qarşılıqlı etimad artıb. Eləcə də Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün çox önəmlidir. Burada həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri nəzərdə tutulur. Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir. Azərbaycan – Ermənistan münasibətlərində irəliləyiş Sülh sazişinin başlanmasını yavaş-yavaş yaxınlaşdırır. Bu istiqamətdə Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilmişdir və hər dəfə sülhə daha da yaxınlaşırıq. Cari dördtərəfli görüş Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edilib və bu görüş zamanı da önəmli məsələlər müzakirə olunub”.
G.Məmmədovanın fikrincə, Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Vaxt keçir, bizim təşəbbüslər heç də asan irəliləmir, xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də bu, müsbət addımdır. Yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar. Azərbaycan tərəfindən elan edilən beş prinsiplə bağlı heç kimin sualı yoxdur: “Ermənistan tərəfindən öz öhdəliyin pozulması faktı son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir edirik, təmkin göstəririk. Kommunikasiyaların açılması artıq olmalı idi. Ona görə ki, bu, Ermənistanın 2020-ci il noyabrın 10-da götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikdir. Naxçıvana könüllü olaraq keçid verilməməsi anlaşılan deyil. Nəhayət, Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıyan Bəyanat verildi. Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu. Eləcə də sərhədlərin delimitasiyasına razılıq əldə olunub. Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya etibarlı mühitin yaradılmasına və sərhədlərin delimitasiyasına xidmət edəcəkdir.
5 saatdan artıq davam edən görüşlərdə ölkəmizin mövqeləri prinsipial olaraq təmin olundu və Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin Prezident İlham Əliyevin peşəkar diplomatiyası nəticəsində qarşısı alındı”.
Cavid