Xarici İşlər naziri Elmar Məmmədyarov İsveçrənin Azərbaycana yeni təyin olunmuş səfiri Müriel Peneveyreni qəbul edib.
Nazirlikdən verilən məlumata görə, E.Məmmədyarov ölkələrimiz arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu bildirib.
O, iki ölkə arasında siyasi dialoqun və siyasi məsləhətləşmələrin mütəmadi əsasda aparılmasının və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Həmçinin iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsinə ehtiyac duyulduğunu söyləyən nazir ötən həftə baş tutmuş iqtisadi və ticarət məsələləri üzrə Hökumətlərarası Komissiyanın iclasını bu xüsusda mühüm tədbir qismində qiymətləndirib.
Səfir ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüş əsnasında yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb.
Görüşdə M.Peneveyre etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
Sonda E.Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib.