• 7 İyul 2025
logo
Pakistanın kütləvi informasiya vasitələri Xocalı Soyqırımı ilə bağlı infoqramlar yayıb

Pakistanın kütləvi informasiya vasitələri Xocalı Soyqırımı ilə bağlı infoqramlar yayıb

Xocalı soyqırımının 28-ci ildönümünün anılması və dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Bütün Pakistan Qəzetləri Cəmiyyəti”nin (All Pakistan Newspapers Society - APNS) təşəbbüsü ilə ingilis və urdu dillərində hazırlanmış infoqramlar Pakistanın bir çox kütləvi informasiya vasitələri tərəfindən dərc edilib.

İnfoqramların başlığında Xocalı soyqırımından 28 il keçdiyi və Azərbaycan xalqının hələ də ədalət gözlədiyi qeyd olunur, daha sonra isə 26 fevral 1992-ci il tarixində erməni silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinə daxil olaraq, şəhəri yerlə-yeksan etdikləri və əzəli Azərbaycan torpağı olan Dağlıq-Qarabağı işğal etdikləri bildirilir. İnfoqramlarda Xocalı soyqırımı zamanı öldürülən, yaralanan, əsir götürülən insanların sayı, o cümlədən qadın və uşaqların sayı ilə bağlı statistik məlumatlara da yer verilir.

İnfoqramlarda o cümlədən, Xocalı Soyqırımını törədənlərin ədalət qarşısına çıxarılması, eyni zamanda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərini dərhal və qeyd-şərtsiz tərk etmələri tələbi də vurğulanır.

Qeyd edək ki, Bütün Pakistan Qəzetləri Cəmiyyəti (APNS) Jang, Dawn, Nawa-i-Waqt kimi böyük informasiya agentlikləri və qəzet qrupları da daxil olmaqla, özündə Pakistanın 170-ə yaxın nəşriyyat evi və şirkətini birləşdirən təşkilatdır. Sözü gedən infoqramlar APNS-ə üzv olan əksər Pakistan qəzetlərində yayılmışdır.