• 12 İyul 2025
logo
Dilimizdəki “mina”lar

Dilimizdəki “mina”lar

Toplum öz ana dilində, daha doğrusu imperiya əlaltılarının, soysuz alimcığazların, satqın və əqidəsiz yazarların ona zorla sırıdığı "dildə" düşündüklərini dilə gətirməyə çətinlik çəkir. 70 il ərzində təhsil də, ədəbiyyat da ona xidmət edib ki, bu millət öz ana dilində rahat danışa bilməsin, sözlər o qədər mürəkkəbləşdirilsin ki, insanların ağzına sığışmasın, çeynənsin, tökülsün ağızdan, dil topuq çalsın...
Ərazi bütövlüyümüzü, suverenliyimizi təmin etmişik, amma təəssüf ki, dilimizi, mədəniyyətimizi, tariximizi və təbii ki, təfəkkürümüzü minalardan təmizləyə bilməmişik.
Sovet dövründə mərkəzi hakimiyyətin yürütdüyü siyasət nəticəsində Azərbaycan dili kifayət qədər, həm də məqsədyönlü şəkildə mürəkkəbləşdirilib. Çünki “sovet adamı” yaratmaq adı altında yürüdülən ruslaşdırma siyasətinin əsas elementlərindən birini insanların öz soy-köklərindən uzaqlaşdırılması təşkil edirdi. Kimsəyə sirr deyil ki, dil milli identikliyin, özünəməxsusluğun əsasını təşkil edir. Əgər dil yoxdursa, millət də, onun mədəniyyəti də yoxdur. Bu baxımdan, bir tərəfdən Azərbaycan dili mürəkkəbləşdirilir, digər tərəfdən isə rus dilinin daha geniş imkanlara malik olması təbliğ edilirdi. Doğrudur, 1970-ci ildən etibarən bu sahədə müəyyən qədər irəliləyişə nail olundu. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafı stimullaşdırıldı. Amma həmin dövrə qədər imperiyanın ideoloji maşını öz işini görmüşdü.
Hazırda Azərbaycan dilinin geniş istifadə olunması ilə bağlı problemlərin bir hissəsi təhsillə bağlıdır. İlk növbədə orta məktəb dərsliklərinin dilini sadələşdirmək, mürəkkəb ədəbi nümunələrdən və s. təmizləmək lazımdır. Digər tərəfdən, şagirdlərə öz fikirlərini ifadə etmək, müxtəlif mövzular ətrafında müzakirə aparmaq üçün imkan yaradılmalıdır. Orta təhsilin əsas məqsədi təkcə şagirdlərə fundamental biliklərin tədrisi olmamalıdır, şəxsiyyət, vətəndaş yetişdirilməsinə daha çox diqqət yetirilməlidir. Orta məktəbi bitirən şəxs həyata, onun çətinliklərinə, özünüifadəyə, öz potensialını büruzə verməyə, mübarizəyə hazır olmalıdır. Ədəbiyyat dərsliklərində klassik şərq ədəbiyyatının yükünü mümkün qədər azaltmaq, irrasional nümunələrdən təmizləmək lazımdır. Şagirdlərdə rasional təfəkkürü inkişaf etdirmək üçün həm Azərbaycan, həm də dünya ədəbiyyatının ciddi şəkildə təhlil edilmiş nümunələrindən istifadə olunmalıdır. Azərbaycan dilinin özünü də ərəb və fars təsirindən qaynaqlanan irasionallıqdan xilas etməyə ehtiyac var. Ərəb və fars dillərində olan mürəkkəb sözlər qardaş xalqların dillərindən götürülmüş daha sadə sinonimlərlə tədricən əvəz olunmalıdır. Hətta Avropa dillərindən götürülmüş sözlər belə ərəb və fars sözlərindən dilimiz üçün daha az təhlükəlidir.
Bizə ciddi və bəlkə də inqilabi dil islahatı lazımdır. Azərbaycan dilinin özündə istifadə olunmayan olduqca sadə sözlər var. Həmin sözləri yenidən həyata qaytarmaq lazımdır. Dilçiliyin əsas məqsədi Azərbaycan dilini akademikləşdirmək, mürəkkəbləşdirmək yox, sadələşdirməkdən ibarət olmalıdır. İnqilabi islahatlar deyəndə bunu nəzərdə tuturam. Gənc dilçilər bu sahədə daha çox iş görə bilərlər. Çünki onların təfəkkürü sövet ideologiyasının təsirinə məruz qalmayıb. Azərbaycan dilinə dinamizm, çeviklik gətirilməsi üçün gənclik daha fəal olmalıdır.

Elçin Mirzəbəyli