• 8 Sentyabr 2024
logo
Şirvanda narkomaniya ilə bağlı tədbir keçirilib – FOTOLAR

Şirvanda narkomaniya ilə bağlı tədbir keçirilib – FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi tərəfindən icra olunan “İctimai və sosial bəla: narkomaniya!” layihəsi çərçivəsində Şirvan şəhərində tədbir keçirilib.

Şəhərin mərkəzində fəaliyyət göstərən Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin Akt zalında keçirilən görüşdə ilk çıxış edən “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini və “İctimai və sosial bəla: narkomaniya!” layihəsinin rəhbəri Telman Mamedov 50-dən çox iştirakçını salamlayaraq, narkomaniya ilə mübarizə çərçivəsində təmsil etdiyi təşkilatın təşəbbüs və ideyalarını dəstəklədiyinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə təşəkkürünü bildirib.Əlavə edib ki, agentlik hər il elan etdiyi müsabiqələrdə “ağ ölüm”lə mübarizə mövzularına xüsusi həssaslıqla yanaşır.

Sədr müavini daha sonra müzakirə iştirakçılarını layihə çərçivəsində hazırlanmış “Narkotiklər mənim yolum deyil!” adlı sosial çarxa baxmağa dəvət edib.

Layihə rəhbəri diqqətə çatdırıb ki, tədbirin keçirilməsi üçün Şirvan şəhəri təsadüfi seçilməyib.Rayon üzrə son statistik göstəricilər qənaətbəxş deyil.Bütün bunlara baxmayaraq, Azərbaycan Respublikası Şirvan Şəhər İcra Hakimiyyətinin rəhbərliyi bu cür maarifləndirici tədbirlərin keçirilməsinə həssaslıqla yanaşır, qeyri-hökumət təşkilatlarının təşkilatı işlərinə diqqət göstərir.Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci də bu cür təşəbbüslərdə ön sırada yer alır.

Layihə rəhbəri daha sonra nəzərə çatdırıb ki, narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyati proseslərə qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranlı dövründə narkomanlıq artır, sosial münasibətlərə mənfi təsir göstərir. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxardığını söyləyən natiq vurğulayıb ki, orqanizmin zəhərlənməsi daxili orqanların, xüsusən də qara ciyər və böyrəklərin funksiyasının pozulmasına səbəb olur.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının həkim-nevropatoloqu Elşən Qəfərov da narkotiklərin insan orqanizmində yaratdığı fəsadlardan danışıb. Onun sözlərinə görə, narkomaniya hər bir ailəyə psixoloji təhdiddir və narkotik vasitələr istifadəçiləri ölüm həddinə qədər apara bilir.Son statistik göstəricilərə üzüldüyünü xatırladan həkim narkomaniya ilə mübarizə sahəsində ölkə üzrə aparılan təbliğat-təşviqat işlərinin keyfiyyətinə narazılığını bildirib və əlavə edib ki, görüşlər, tədbirlər fasilələrlə deyil, il boyunca həyata keçirilməlidir.

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Kəmalə Quliyeva və “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədri Sürəyya Məmmədova da mövzu ilə bağlı fikirlərini bölüşüblər. Bildiriblər ki, cəmiyyətdə bir problem digərini yaradır. Düşünülməmiş atılan hər bir addım insanlara heç də hər zaman xoş nəticələr vəd etmir. Elə psixoloji problemləri olan insan da narkotikdən istifadə edərkən bu addımın onu uçuruma aparacağını, məhv edəcəyini düşünmür.Natiqlər bu problemlə mübarizədə hər kəsi həssas olmağa çağırıblar.

Tədbir sual-cavab şəklində davam edib, iştirakçilar öz fikirlərini bildiriblər, zərərli vərdişlər, o cümlədən narkomaniya mübarizə üçün təkliflərini səsləndiriblər, ekspertlərə suallarını veriblər.

Qeyd edək ki, layihənin icra müddəti üç aydır.