• 27 Dekabr 2024
logo
“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu panellərlə davam edir

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu panellərlə davam edir

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu çərçivəsində panellər davam edir.
Trend-in məlumatına görə, “Qafqazda multikulturalizm” mövzusunda təşkil edilən panel Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov və Qriffis Universiteti Mədəniyyət və Dinlərarası Dialoq Mərkəzinin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Brian J. Adamsın moderatorluğu ilə keçirilib.
Paneldə “Müasir dövrdə – XIX-XX əsrin I rübündə Müsəlman dünyasında həyata keçirilən islahatlarda Qafqazın müsəlman türklərinin və Rusiyanın Avropa hissəsinin rolu”; “Udi xristian icmasının timsalında Azərbaycan multikulturalizmi: tarix və müasirlik”; “Qafqaz regionunda dialoq: müəyyənedicilər, müdafiəçilər və inkişaf etdirənlər”; “İslam dünyası və Qərb dünyası arasında dialoqun xüsusiyyətləri”; “Sülhün təmin olunmasında din-düşüncə əlaqələrinin aktuallığı”; “Ənənələr və islam prizmasından baxıldıqda, Şimal-Qərbi Qafqaz gənclərinin dəyər oriyentasiyaları”; “Qafqaz: xalqların vǝ dinlǝrin mozaikası”; “Ünsiyyət fəlsəfi problem kimi”; “Müqəddəs Cərcic ziyarətgahı multikulturalizm nümunəsi kimi”; “Orta əsrlərdə Azərbaycanda dini dözümlülük Avropa missionerlərinin əsərlərində” mövzularında məruzələr dinlənilib.
“İslam Sivilizasiyası Qafqazda” araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər; tarixi mənbələr; sənədlər və artefaktlar; mövzu üzrə akademik əməkdaşlıq” mövzusunda baş tutan ikinci paneldə moderatorluğu millət vəkili, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva və “əl-Fərabi” Qazax Milli Universitetinin profossor Orazgul Muxatova edib.
Məruzəçilər “AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda son iki onillikdə islamşünaslıq tədqiqatlarına dair”; “Alaniya-Osetiyada İslamın tarixi: əsas mərhələlər”; “Orta əsrlər azərbaycanlı müdərrislərin yetişməsində yerli və İslam dünyasının digər elm xadimlərinin rolu”; “SSRİ-nin dağılmasından sonra, Şimali Qafqazda İslamın yayılması: yeni reallıqlar”; “Nadir şahın din siyasətinə Osmanlı Dövlətinin münasibəti”; “Protestan diplomasisi’nin Kafkasya sahnesinden bir kesit: 1919-1920, Türkiye-Azerbaycan gizli antlaşmaları hakkındaki iddialar üzerine”; “İslam mədəniyyətində millilik və dünyəvilik məsələləri”; “Nadir şah Əfşarın İslam dininə münasibətdə baxışlarına dair”; “Sovet hakimiyyətinin 1920-1940-cı illərində İslam dininə və onun komponentlərinə münasibət (Şəki qəzası timsalında)” mövzularında çıxışlar ediblər.
“Qafqazda din təhsilində məscid, mədrəsə və xanəgahların rolu” mövzusunda təşkil olunan üçüncü paneldə REA Dağıstan Mərkəzi Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu Şərq əlyazmaları şöbəsinin müdiri, professor Murtezali Hacıyev və REA Dağıstan Elmi Mərkəzi Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Şamil Şıxəliyev moderatorluq ediblər.
Günün birinci hissəsində baş tutan sonuncu paneldə “Elxanilər dövründə Nахçıvаn şəhər mədrəsələri”; “İnquşetiyada müsəlman təhsil sistemi”; “Güney Kafkasya'dan Balkanlara ve arap topraklarına yayılan bir sufi gelenek: halvetiyye'nin Ramazâniyye ve Şa'bâniyye kolları”; “Orta əsrlərin Azərbaycan şəhərlərində fəaliyyət göstərən mədrəsələr”; “XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda təhsil islahatları: “Üsuli-cədid və Azərbaycan-rus məktəbləri”; “Azərbaycanın tarixi Zəngəzur qəzasında dini və dünyəvi təhsil (XIX əsrin sonu XX əsrin 20-ci illəri)”; “Ənənəvi ərəb dili qrammatikasının tədrisində Abdulqahir əl-Curcaninin “Avamil əl-Miə” əsəri mötəbər mənbə kimi (Qafqaz İslam təhsil müəssisələri nümunəsində)”; “Qafqazda dini təhsil sahəsində İrəvan məktəbinin rolu: İrəvanilər sülaləsinin nümunəsində” mövzularında məruzələr dinlənilib.
Qeyd edək ki, II Beynəlxalq Simpoziumda 100-dən çox məruzəçinin məruzəsi 11 paneldə dinlənilir.
Konfransın məqalələrinin xülasələri “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun materialları (Tezislər)” başlığı altında kitab şəklində Azərbaycan dili ilə yanaşı, ingilis və rus dillərinə tərcümə olunaraq dərc edilib.