Azərbaycan Respublikası Prezidentinin növbəti humanist addımı olaraq imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər davam etdirilir.
Nazirlikdən verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində ötən 5 ay ərzində ümumi sahəsi 1 928 897 kv.m olan 19551 mənzilli, ümumilikdə 317 girişli 116 binaya (kompleksə) dair müsbət rəy verilib. 114-ü Bakı şəhəri, 1-i Abşeron rayonu, 1-i isə Gəncə şəhərində yerləşən bu binalara dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada onların istismara hazır olması barədə tərtib edilmiş rəy aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Abşeron Rayon və Gəncə Şəhər İcra hakimiyyətlərinə təqdim olunub.
Aparılmış müayinələr nəticəsində aşkar edilən çatışmazlıqların aradan qaldırılması üzrə işlərin Fərmanla müəyyən olunmuş vaxtda başa çatdırılmasının təmin edilməsi, bu istiqamətdə qarşıya çıxan məsələlərin operativ həlli üçün birgə fikir mübadiləsinin aparılması məqsədi ilə cari ilin 1, 5 və 12 iyul tarixlərində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin binasında müvafiq xidmətlərin rəhbər şəxslərinin iştirakı ilə çoxmənzilli yaşayış binalarının nümayəndələri ilə növbəti görüşlər keçirilib. Bu görüşlər zamanı 110 binanın təmsilçisi qəbul edilib, hər bir bina üzrə mövcud vəziyyət təhlil edilib, nöqsanların aradan qaldırılması məqsədi ilə görüləcək işlər və müvafiq xidmətlər tərəfindən köməkliyin göstərilməsi imkanları nəzərdən keçirilib. Bu formatda görüşlərin keçirilməsi müsbət qiymətləndirilərək, belə tədbirlərin davam etdirilməsi qərara alınıb.
Fərmandan irəli gələn məsələlərin icrası davam etdirilir və görülən işlər ölkə başçısının nəzarəti altındadır.