• 6 İyul 2025
logo
Naxçıvanda subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması Qaydası təsdiqlənib

Naxçıvanda subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması Qaydası təsdiqlənib

Naxçıvanın Nazirlər Kabinetinin qərarı ilə “Naxçıvan Muxtar Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları” təsdiq edilib.

Bu Qaydalar Naxçıvan Muxtar Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və qeydiyyata alınmış subyektlərin dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir.

Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

qida zənciri - qida məhsullarının “tarladan–süfrəyədək” prinsipi əsasında ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), satışı, ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinin məcmusu;

qida (yeyinti) məhsulları sahəsində fəaliyyət göstərən subyektlər - qida zəncirinin bütün mərhələlərində fəaliyyəti həyata keçirən təsərrüfat subyektləri, həmçinin dövlət orqanları (qurumları), bələdiyyələr.

yeyinti məhsulları - ərzaq xammalı, qida məhsulları və əlavələri (inqrediyentləri), tamlı mallar qrupuna daxil edilmiş məhsullar;

qida məhsulları - insan tərəfindən təbii və ya emal edilmiş halda istifadə olunan məhsullar;

yeyinti məhsullarının təhlükəsizliyi - qida məhsullarının insan həyatı və sağlamlığı üçün təhlükəli olmamasına zəmanət verən ekoloji, sanitariya, baytarlıq və fitosanitar norma, qayda və tələblərə uyğunluğu.

Naxçıvan ərazisində qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qeydiyyata alınır və subyektlərin dövlət reyestrinə daxil edilir. Qida təhlükəsizliyi qeydiyyatı Xidmətdə qeydiyyata alınmış subyektlər, onların təsərrüfat fəaliyyətinə cəlb olunmuş obyektlər, qida məhsullarının və ya xidmətlərin adı və növü də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərini əhatə edir.

Sənədlər təqdim edildikdən sonra ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında subyektə elektron qaydada və ya sifarişli poçt bildirişi vasitəsilə 2 iş günü müddətində məlumat verilir. Xidmət təqdim olunmuş sənədləri araşdırır, sənədlərdə çatışmazlıqlar olmadıqda, subyektin qeydiyyata alınması üçün ona məxsus obyektin qiymətləndirilməsi və ekspertizanın (analizin) aparılması üçün həmin obyektdə istehsal olunan yeyinti məhsulundan nümunə götürülməsi məqsədi ilə mütəxəssis (məsul şəxs) təyin edir. 7 iş günü müddətində obyektin qiymətləndirilməsi və götürülmüş yeyinti məhsulu nümunəsinin analizi başa çatdırılmalıdır.

Bu Qaydalarda göstərilən mütəxəssis (məsul şəxs) qanunvericiliyə uyğun olaraq obyektin istehsal şəraitinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğunu qiymətləndirir. Qiymətləndirmənin nəticələri əsasında akt tərtib edilir və yeyinti məhsulundan nümunə götürür. Obyektdə istehsal olunan yeyinti məhsulundan götürülmüş nümunələrin Xidmətin tabeliyində olan və ya qanunvericiliyə uyğun olaraq akkreditasiyadan keçmiş digər laboratoriyada analizi aparılır. Məhsulun analizi subyektin vəsaiti hesabına həyata keçirilir. Analizin nəticələri barədə laboratoriya tərəfindən bir iş günü müddətində Xidmətə sınaq protokolu (yazılı rəy) təqdim edilir.

Xidmət obyektin qiymətləndirilməsinin və götürülmüş yeyinti məhsulunun nümunəsinin ekspertiza nəticələrinə uyğun olaraq subyektin qeydiyyata alınması və ya qeydiyyatdan imtina barədə qərar qəbul edir. Qəbul edilmiş qərar 2 iş günü müddətində subyektə təqdim edilir, yaxud sifarişli poçt vasitəsilə göndərilir. Subyektin qeydiyyata alınması barədə qərar qəbul edildiyi halda qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumu ödənildikdən sonra subyekt dövlət reyestrinə daxil edilir və forması bu Qaydaların 2 nömrəli əlavəsində göstərilən “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış” verilir.

Subyektlərin qeydiyyatına görə dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməlidir. “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış” Xidmətin sifarişinə uyğun olaraq onun vəsaiti hesabına mətbəə üsulu ilə hazırlanır. Çıxarışın doldurulması elektron (lazer) texnikası vasitəsilə həyata keçirilir.

Bu Qaydalarda göstərilən dövlət reyestrindən çıxarışların uçotu Xidmət tərəfindən müəyyən edilən “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarışlar” kitabında aparılır. Kitab qaytanlanır, səhifələri ardıcıl olaraq nömrələnir və Xidmətin möhürü ilə möhürlənir. Subyektin qeydiyyata alınmasından qanunvericiliklə müəyyən edilmiş hallarda imtina edilir. Subyektin qeydiyyata alınmasından imtina barədə qərarı əsaslandırılmalıdır. Subyekt qeydiyyata alınmasından imtina barədə qərardan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

Subyektin qeydiyyatının ləğvi üçün əsaslar bunlardır: Subyekt tərəfindən ləğvedilmə barədə ərizə təqdim edildikdə; hüquqi şəxs olan subyekt (və ya onun nümayəndəliyi, filialı) ləğv edildikdə; fiziki şəxs olan subyektin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə; məhkəmənin müvafiq qərarı olduqda; qeydiyyat üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə. Subyektin qeydiyyatının dayandırılması və bərpası qanunvericiliyə uyğun həyata keçirilir.

Qeydiyyata alınmış subyektin təqdim etdiyi sənədlərdə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış məlumatlarda hər bir sonrakı dəyişiklik qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınır. Qeydiyyata alınmış subyektlərin dövlət reyestri məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq baş verən dəyişikliyin edilməsinə görə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Qeydiyyata alınmış subyektlərin dövlət reyestri (bundan sonra-reyestr) Xidmət tərəfindən aparılır. Reyestr Naxçıvan Muxtar Respublikasının informasiya ehtiyatıdır. Reyestrə daxil edilən məlumatlar Xidmətin internet saytında yerləşdirilir və istifadəçilər üçün açıqdır. Reyestr kağız və elektron daşıyıcılarda tərtib edilir. Kağız və elektron daşıyıcılardakı qeydlər arasında ziddiyyət olduqda, kağız daşıyıcılarda olan qeydlər əsas götürülür.

Reyestr illər üzrə və Naxçıvanın inzibati ərazi vahidləri (rayon və ya şəhər) üzrə aparılır. Subyektin qeydiyyatı hüquqi şəxsin (xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının) hüquqi ünvanı, fiziki şəxsin qeydiyyat ünvanı əsasında müəyyən edilir. Bu Qaydalara uyğun olaraq verilmiş “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış”ın qeydiyyat nömrəsi həmin subyektin qida məhsulları sahəsində fəaliyyəti zamanı fərdiləşdirilmə vasitəsidir.

“Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış”ı almış subyekt onun düzgünlüyünü yoxlamalı və yanlışlıq aşkar etdikdə, bu barədə Xidmətə məlumat verməlidir. Xidmət həmin yanlışlığın aşkar edilməsi barədə məlumatı yoxlamalı və reyestrdə müvafiq düzəlişlər aparmalıdır. Subyektlər barədə məlumatlar, reyestrə daxil edildikdən sonra qeydiyyata alınması və reyestrə daxil edilməsi üçün təqdim edilmiş sənədlər Xidmətdə saxlanılır.

Reyestrdən məlumatlar, o cümlədən kommersiya və (və ya) vergi sirri təşkil edən məlumatlar sorğu əsasında aşağıdakılara verilir: məhkəmə, istintaq və təhqiqat orqanlarına; qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə, icra orqanına, vəkilə, notariusa, hüquqi şəxs olan subyektin təsisçilərinin (iştirakçıların) vərəsələrinə; fiziki şəxs olan subyektin vərəsələrinə; qanunvericiliklə müəyyən edilmiş şəxslərə; barəsində reyestrdən məlumatların verilməsi tələb olunan şəxsin razılığı ilə üçüncü şəxslərə.

İstehlakçıların qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatda olub-olmaması barədə məlumatı maneəsiz əldə etmələri üçün reyestrə çıxışı Xidmət tərəfindən təmin edilir. “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış” itirildikdə, yaxud zədələndikdə, onun dublikatının verilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Reyestrdən çıxarışın dublikatının verilməsinə görə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.